Ölkəmizin regionlarında, o cümlədən Naxçıvanda elmin inkişaf etdirilməsi və elmi potensialın məqsədəuyğun yönləndirilməsi dövlətimizin ən ali məqsədlərindən biridir. Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, mövcud elmi potensialdan istifadə olunmasının səmərəliliyinin artırılması, Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası və təbii sərvətlərinin öyrənilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin təsis edilməsi ilə bağlı müdrik qərar qəbul etmişdir.
Dahi rəhbər Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə demişdir: “Vaxtilə Sovet İttifaqı yarananda, müttəfiq respublikalar yarananda, onların arasında sərhədlər qoyulanda Azərbaycan torpaqlarının bir qismi Ermənistana verilibdir və bunun nəticəsində də Naxçıvan Muxtar Respublikası ərazicə Azərbaycanın əsas torpağından aralı düşübdür. Bunların hamısı Naxçıvanın çox ətraflı öyrənilməsini tələb edir”.
Bu baxımdan Naxçıvan Muxtar Respublikasında elmə göstərilən qayğı bir tərəfdən elmi inkişaf etdirmək məqsədi daşıyırsa, digər tərəfdən Naxçıvan Muxtar Respublikasının hərtərəfli öyrənilməsini, onun həm xalqın həyat səviyyəsinə fayda verən yeraltı və yerüstü sərvətlərinin öyrənilməsini, həm də milli mənafe və beynəlxalq tanıtma əhəmiyyəti kəsb edən tarixinin, ədəbiyyatının, mədəniyyətinin və digər sahələrinin tədqiq edilməsini zərurətə çevirir.
AMEA Naxçıvan Bölməsi əməkdaşlarının digər elm və təhsil müəssisələrinin alimləri ilə birgə fəaliyyəti ayrı-ayrı elm sahələrinin inkişafına stimul yaratmış, inkişaf səviyyəsinə görə müxtəlif elm sahələrində Naxçıvan məktəblərinin formalaşmasına gətirib çıxarmışdır. Aparılan ciddi elmi tədqiqatlar Naxçıvanda ədəbiyyat, tarix, dilçilik, biologiya və başqa elm sahələrində məktəblərin formalaşmasına uğurlu töhfələr vermişdir. Ciddi elmi tədqiqatlar tarix elminin müxtəlif sahələrinin – arxeologiya, etnoqrafiya, müasir tarix sahələrinin inkişafına stimul vermişdir. Naxçıvanın tarixi və arxeologiyası sahəsində sanballı nəticələr əldə edilmiş, Naxçıvanın yaşayış tarixini 500-300 min il, şəhər mədəniyyətini 5 min il bundan əvvələ hesablaya biləcək faktlar üzə çıxarılmış, ən qədim yaşayış məskənləri və əmək alətləri, məişət və sənətkarlıq əşyaları və sair aşkarlanaraq dünya elminə təqdim olunmuşdur. Gəmiqaya abidəsində aparılan araşdırmalar, habelə Naxçıvandakı Ovçular təpəsi, Oğlanqala, Kültəpə və başqa ərazilərdə aparılmış arxeoloji qazıntılar zamanı əldə olunmuş elmi nəticələr Naxçıvanın tarixinə yeni səhifələr əlavə etmişdir. Bütün bu araşdırmaların nəticəsi olaraq AMEA Naxçıvan Bölməsinin alimləri tərəfindən çap olunan tədqiqat əsərləri və monoqrafiyalar, habelə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təşkilatçılığı və Ali Məclis Sədrinin qayğısı ilə keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan”, “Nuh Peyğəmbər: Dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ”, “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” adlı beynəlxalq simpoziumlar, habelə Nuh Peyğəmbərin məzar yerinin tapılması və məzarüstü türbəsinin restavrasiya olunması bu sahədə əldə edilmiş ən böyük nailiyyətlərdəndir. Ali Məclis Sədrinin sərəncamı ilə hazırlanan “Naxçıvan tarixi” çoxcildliyinin birinci və ikinci cildlərinin nəşr edilməsi Naxçıvan tarixinin öyrənilməsi və təbliği baxımından böyük əhəmiyyət daşıyır. Bundan başqa, naxçıvanlı alimlərin və digər ölkələrdən – Amerika Birləşmiş Ştatları, Fransa, Türkiyə və başqa ölkələrdən qatılan elm adamlarının apardıqları ciddi tədqiqatların nəticəsi olaraq Naxçıvanda Duzdağ mədəniyyətinin aşkarlanmasını, dünyanın ən qədim duzçıxarma sənəti və mədəninin məhz Naxçıvanda olması faktının təsdiqini tapmasını düzgün elmi tədqiqatların nailiyyəti kimi razılıqla qeyd etməliyik.
Naxçıvanda ədəbi mühitin öyrənilməsi, folklor nümunələrinin toplanması, tədqiqi və nəşri baxımından ədəbiyyatşünaslıq və folklorşünaslıq elmləri diqqəti cəlb edən inkişaf yolu keçmişdir. Geniş tədqiqatlar sayəsində görkəmli publisist, alim, naşir, ictimai xadim Məhəmməd ağa Şahtaxtlının həyatı və yaradıcılığı ilə bağlı əsaslı materialların əldə edilməsi və çapı, böyük ustad Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı istiqamətində yeni tərcümeyi-hal və yaradıcılıq məhsullarının tapılması, yeni bədii əsərlərin nəşr edilməsi, görkəmli pedaqoq-yazıçı Məhəmməd Tağı Sidqi, Məmməd Səid Ordubadi və digər ədəbi şəxsiyyətlərlə bağlı maraqlı materialların aşkar edilməsi ədəbiyyatşünas alimlərin nailiyyətlərindəndir. Naxçıvan folklor mühiti ilə bağlı yeni elmi tədqiqatların aparılması, 3 cilddə “Naxçıvan folklor antologiyası” kitabının nəşr edilməsi folklorşünaslıq sahəsində əldə edilən nailiyyətlər kimi diqqəti cəlb edir.
Naxçıvan Muxtar Respublikasında Ali Məclis Sədrinin rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın və özəl sektorun inkişafı siyasəti elmə və elmi nəticələrə istinad etməklə bir tərəfdən elmlə iqtisadiyyatın, daha doğrusu, elmlə istehsalatın əlaqələndirilməsinə yol açmış, digər tərəfdən iqtisadi inkişafın elmə dayanıqlılığını təmin etmişdir. Bu baxımdan Naxçıvanın bioresursları ilə bağlı aparılan elmi tədqiqatları iqtisadiyyata böyük töhfə hesab etmək olar. Taxılçılığın inkişafı bölgəmiz üçün nə qədər əhəmiyyətlidirsə, o sahədə aparılan tədqiqatlar da bir o qədər genişmiqyaslıdır. Bu məqsədlə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda taxıl sortları ilə bağlı aparılan tədqiqatlar və əldə edilən uğurlu nəticələr düzgün qurulmuş elmi istiqamətdən xəbər verir. Həmçinin biomüxtəlifliyin tədqiqi istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada reallaşdırılan bir sıra dövlət proqramlarının, o cümlədən ərzaq ehtiyatı yaradılması, meyvəçilik və tərəvəzçiliyin inkişafı və başqa bu kimi proqramların gerçəkləşdirilməsi işinə də öz töhfələrini verməkdədir.
Ali Məclis Sədrinin sərəncamları ilə Naxçıvanın tarixi, mədəni və digər abidələri qeydə alınmış, pasportlaşdırılmış, bunun elmi yekunu olaraq “Naxçıvan Abidələri Ensiklopediyası” adlı iki dildə (Azərbaycan və ingilis) sanballı kitab nəşr edilmişdir. Naxçıvanın elm adamlarının səyi ilə iki cilddə “Naxçıvan Ensiklopediyası”, “Naxçıvanın tarixi atlası”, “Naxçıvanın folklor antologiyası” (3 cilddə), “Azərbaycan xalçaları Naxçıvan qrupu”, “Naxçıvanın teatr salnaməsi”, “Naxçıvanın arxeoloji abidələri”, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Qədim Şərur”, “Naxçıvan və naxçıvanlılar”, “Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan” və başqa qiymətli əsərlər işıq üzü görmüşdür.
Dövlətimizin elmə göstərdiyi qayğı nəticəsində elm adamlarımız böyük uğurlara imza atmışlar. Ali Məclis Sədrinin göstərdiyi qayğı sayəsində AMEA Naxçıvan Bölməsinin elmi-texniki təminatı sahəsində yüksək uğurlara nail olunmuş, burada yeni avadanlıqlarla təchiz edilmiş laboratoriyalar yaradılmış, xüsusilə dünya kitabxanaları ilə bilavasitə keyfiyyətli əlaqəni təmin edən Elektron kitabxana qurulmuşdur.
Bütün bunlar Azərbaycanda ulu öndər Heydər Əliyevin siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün ölkəmizin bütün regionlarının elmi cəhətdən dəqiqliklə öyrənilməsi elmin inkişaf strategiyasına uğurla xidmət edir.
Ramiz QASIMOV
filologiya üzrə fəlsəfə doktoru