Görkəmli alim Əziz Şərifin anadan olmasının 120 illiyinin Naxçıvan Muxtar Respublikasında geniş qeyd edilməsi naxçıvanlıların sevincinə səbəb olub.
Hələ orta məktəbin 8-ci sinfində oxuyanda ədəbiyyat müəllimimiz Əziz Şərifdən geniş söhbət açardı. Qeyd etmək yerinə düşər: həmin illərdə yazıçı M.Şoloxovun, S.Rəhimovun və Əziz Şərifin yaradıcılığı mənim çox marağıma səbəb olmuşdu. Tale elə gətirdi ki, sonralar rus yazıçısı, Nobel mükafatı laureatı Mixail Şoloxovla görüşmək mənə nəsib oldu. Onun yaşadığı Vyoşinsk stanitsasında yaradıcılıq ezamiyyətində oldum. Yazıçı Süleyman Rəhimovla və Əziz Şəriflə dostluq münasibətlərim yarandı.
Böyük yazıçımız Mirzə Cəlillə bağlı axtarışlarım məni Əziz Şəriflə dostlaşdırdı. Məsələ belə olmuşdu. Bir dəfə Bakıda olarkən (1976-cı ilin mayı) həmişəbahar buketi alıb Fəxri xiyabana – Mirzə Cəlilin və Həmidə xanımın, oğlanları Midhətin məzarlarını ziyarət etməyə getmişdim. Onlar üçü də yan-yana dəfn ediliblər. Çox mütəəssir olmuşdum. Və həmin gün onların yaşadıqları evi axtarıb tapmışdım. O vaxtlar muzey yaradılmamışdı. Oradan birbaşa Nizami adına Ədəbiyyat Muzeyinə getmişdim. Mənə demişdilər ki, yazıçı ilə bağlı xatirə əşyaları fondda saxlanılır. Birtəhər, xahiş-minnətlə oradakı xatirə əşyalarının siyahısı ilə tanış olmuş və əşyaların adlarını dəftərçəmə köçürmüşdüm (o siyahı indi də qalır). Naxçıvana qayıdandan sonra axtarışlarımı davam etdirmişdim və belə axtarışların birində Əziz Şərifin Mirzə Cəlilin qızı Münəvvər xanıma yazdığı məktubu tapmışdım. Məktub 24 fevral 1957-ci ildə rusca yazılıb:
“Əzizim Münəvvər!
Bir nüsxə avtoreferatımı sənə yadigar göndərirəm. Martın 21-də Azərbaycan Dövlət Universitetində mən doktorluq dissertasiyamı müdafiə edəcəyəm. Buna görə də 12 martda Bakıya yola düşürəm. Ümid edirəm ki, müdafiə uğurlu keçəcək. Kitabım çapdan çıxan kimi sənə xatirə olaraq göndərəcəyəm. Həmin əsərdə mən bir neçə dəfə səni xatırlamışam.
Əziz bacım, sənə sağlıq və işlərində uğurlar arzulayıram. Əgər şəhərə gəlsən, anama da baş çək. O, səni çox sevir. Ürəkdən gələn salamımı qəbul et.
Sənin Əzizin”
Bu məktubla birgə yazıçı Mirzə Cəlillə bağlı yazım “Ədəbiyyat və İncəsənət” qəzetində (1983-cü il, avqust) dərc olunmuşdu. Unudulmaz tarixçimiz Əli müəllimin tövsiyəsi ilə Əziz Şərifə bu məktubla bağlı çap olunan yazımı da göndərmişdim. Böyük alim həmin ilin 6 sentyabrında mənə çox səmimi cavab yazmışdı.
Əziz Şəriflə dostluq əlaqələrim Naxçıvanda, Bakıda, Tiflisdə mənə yeni tanışlar, yaxın dostlar da qazandırmışdı. Sanki bir maraqlı mənəvi xəzinə açılırdı hər dəfə o insanlarla görüşəndə. Əziz Şərif “Molla Nəsrəddin” jurnalı haqqında monoqrafiyasını yazmaq üçün gərgin axtarışlar aparıb. Bu axtarışlarla bağlı onun dayısı, görkəmli pedaqoq Əbdüləzim Rüstəmova yazdığı məktub çox vacib mətləblərdən xəbər verir. Bu gün də həmin məktubda yazılanlar olduqca aktualdır. Onun rus dilində yazdığı (“Rojdeniye “Molla Nasreddina”) monoqrafiyası böyük yazıçımız Mirzə Cəlilə ithaf edilmişdi və 1866-1906-cı illəri əhatə edirdi. Kitab 1968-ci ildə “Gənclik” nəşriyyatında nəşr edilmişdi. 400 səhifədən ibarət olan çox qiymətli monoqrafiyanı Əziz müəllim 1951-1956-cı illərdə yazmışdı. Həmin kitab çapdan çıxanda Əziz Şərif tanınmış alim və tərcüməçi idi.
Qeyd edək ki, “Molla Nəsrəddin” necə yarandı” kitabı Azərbaycan dilində 1986-cı ildə “Azərnəşr”də çap olunub. Amma onun rus dilində olan nüsxəsi səciyyəvi cəhətlərinə görə monoqrafiyadır. Hər iki dildə olan bu kitab Azərbaycan ədəbiyyatşünaslığında əvəzsiz mənbədir və gələcəkdə də belə olacaqdır. Çünki hər yüzillikdə böyük ustad Mirzə Cəlillə bağlı çox öyrənmək istəyəndə hökmən bu monoqrafiyaları oxuyacaqlar.
Bizim məktublarımızda bu monoqrafiya ilə də bağlı maraqlı mülahizələr və axtarışlar vardır. Əziz Şərifin maraqlandığı bir “Ədəbiyyatşünaslıq dəftəri” haqda məlumatım vardır. Sonralar akademik İsa Həbibbəyli yazdığı “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” adlı monoqrafiyasında həmin dəftər haqda geniş məlumat verib.
Əziz Şərifin həmin dəftərlə bağlı yazdıqları da ədəbiyyat və mədəniyyət tariximiz üçün faydalıdır:
“Hörmətli Musa müəllim!
Məktubunuzu aldım. Vətəndən xəbər verdiyiniz üçün çox minnətdaram. İmkanım olsaydı, Naxçıvana gələr, qohum-qardaş, dost-aşına ilə görüşərdim.
Mənsura yazdığım məktub da, məktubda adını çəkdiyin dəftər də yaxşı yadımdadır. Təəssüf ki, o maraqlı dəftərdən bir xəbər çıxmadı. Onu tapa bilsəydiniz, çox yaxşı olardı.
Mirzə Əbdüləzim haqqında yazınız məni maraqlandırır. Çapdan çıxanda mütləq oxuyaram. Mirzə Əbdüləzimin müəllimliyi barədə İrəvan arxivində material vardır. Vaxtilə mən bu materialı görmüşdüm, ancaq surətini almamışdım. Maraqlansanız, İrəvan Dövlət Arxivinə müraciət edin. Mən bu arxiv haqqında “Rojdeniye “Molla Nasreddina” adlı kitabımın 92-97-ci səhifələrində məlumat vermişəm.
Hələlik, sağ olun. Sizə müvəffəqiyyətlər arzu edirəm – !
Hörmətlə: Əziz Şərif
8/VI-1985, Moskva”
Məktubda adıçəkilən Mənsur Əbülqasım Sultanovun oğludur. Burada söhbət Mirzə Cəlillə bağlıdır. Əziz müəllimlə Mənsur Sultanovun bir-birlərinə rus dilində yazdıqları məktubların əsli məndədir.
Qeyd edək ki, Əziz Şərifin maraqlandığı bu dəftərin bu gün də harada saxlandığı maraq doğurur...
Əziz Şərif böyük yaradıcılıq yolu keçib. Tarixin ən ziddiyyətli dövrlərində fəaliyyət göstərib. Hətta 1917-ci ildə Naxçıvanda hümmətçilərlə birlikdə siyasi iş aparıb. 1925-1935-ci illərdə Zaqafqaziya MİK-də də işləyib. 1920-1930-cu illərdə Tbilisidə mətbuat və nəşriyyat sahələrində işləyib, sonralar oradakı Müəllimlər İnstitutunda dərs deyib. Qeyd edək ki,1930-cu ildə Əziz Şərif Tbilisidə xüsusi xidmət orqanları tərəfindən həbs edilib və bir müddət həbsdə olub.
Keçən yüzilliyin 30-cu illərinin sonunda taleyini Moskva şəhəri ilə bağlayan Əziz Şərif həmişə Naxçıvanla əlaqə saxlayıb.
Görkəmli alim Azərbaycan memuar-xatirə ədəbiyyatının banilərindən biridir. Sənədli ədəbiyyatın maraqlı bir növü olan sənədli xatirələrində müəllif şahidi və iştirakçısı olduğu hadisələri qələmə alıb. Onun yazdığı “Keçmiş günlərdən” adlı xatirə ədəbiyyatı nümunəsi (Bakı,1983) tarixi mənbə kimi çox qiymətlidir.
Əziz Şərif həm də istedadlı tədqiqatçı idi. Onun tapıntıları çoxdur. Bunlardan ən mühümü Əziz Şərif tərəfindən M.F.Axundzadə – Səbuhinin “Puşkinin ölümünə Şərq poeması” əsərinin ədibin öz əli ilə yazdığı orijinal nüsxəsinin tapılmasıdır.
Görkəmli alim 1915-1917-ci illərdə Moskva Kommersiya İnstitutunda oxuyub. Hətta onun iqtisadi sahədə işləməsi haqqında məlumatlar vardır. Əziz müəllimin diplomatik işdə (Moskvada) fəaliyyəti haqqında məlumatlar maraq doğurur. Yəqin ki, gələcək axtarışlar bu istiqamətdə öz sözünü deyəcək. O, Naxçıvanı çox sevirdi. Mən dəfələrlə bunun canlı şahidi olmuşam. Onun evində ordubadlı dostları kirayəçi kimi yaşayırmış. Əziz müəllim onlardan pul almırmış. Əziz Şərif hər il doğulduğu bu evə baş çəkirmiş. Hətta son gəlişini də kövrək bir kədərlə nəql edirdi. 1965-ci ildə ona xəbər göndərirlər ki, evləri söküləcək. Xatirələrdən məlumdur ki, küçə qapıları “Zaviyə” məhəlləsinə açılırmış. O, həmin evin küçə qapısının taqqılbabını aparıb Moskvadakı mənzilinin qapısına vurmuşdu.
Bu haqda alimin öz arzusu ilə yazıçı Hüseyn Abbaszadə “Taqqılbab” adlı maraqlı hekayə yazıb.
Görkəmli alim haqqında xatirələr çoxdur. Onları bir yazıya sığışdırmaq mümkün deyil. Ancaq bir məsələdən də yan keçmək olmur. O, ömrünün sonunadək Mirzə Cəlilə məxsus kresloda oturaraq ədəbi əsərlər, resenziyalar yazdı, tərcümələr etdi.
Həmin kreslonu Mirzə Cəlil Təbrizdə düzəltdirib və özü ilə birgə gəzdirib. Əziz Şərifin dediyinə görə, Həmidə xanım 1936-cı ildə onu Əziz Şərifə bağışlayıb.
Əziz Şərifin vəfatından sonra Bakıdan Moskvaya göndərilən nümayəndələr həmin kreslonu alıb Bakıya gətirmək istəyirmişlər. Lakin niyəsə onun qızı Güllü ilə dil tapa bilməyiblər. Çox arzu edərdim ki, böyük ustad Mirzə Cəlilə məxsus bu tarixi kreslo Naxçıvana gətirilsin və Mirzə Cəlilin ata yurdundakı muzeydə öz layiqli yerini tutsun.
Hər dəfə onun doğulduğu evin yerinə çatanda böyük alimi, xeyirxah dostumu xatırlayıram. Bir dəfə o, məndən soruşdu ki, yazıçı S.S.Axundovun “Qaraca qız”ını oxumusan? Dedim ki, bir neçə dəfə. Bu qorxulu nağılın sonunu kədərlə xatırlatdı mənə. O vaxtlar mən fikirləşirdim ki, Əziz müəllim niyə birdən-birə həmin hekayənin sonunu xatırladı. Sonralar mən onu anladım – hələ ömrünün son vaxtlarında yazdığı və “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdiyi “Ayılın!” adlı yazısını oxuyanda. Məqalə Dağlıq Qarabağ hadisələrinə həsr olunub. Məncə, bu, onun Azərbaycan mətbuatında son yazısı idi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamını oxuyanda dedim ki, Əziz müəllim, siz unudulmamısınız. Nə yaxşı ki müstəqil Azərbaycan Respublikası və onun tərkib hissəsi Naxçıvan Muxtar Respublikası var. Və hakimiyyət çox iradəli, etibarlı, tariximizə çox sədaqətli əllərdədir. Mən bu sərəncamın bəxş etdiyi sevinclə bəzi qeydləri etməklə və hələlikdə böyük pedaqoqun özünün dediyi kimi “son nöqtəni qoyuram”.
Musa QULİYEV
tarix üzrə fəlsəfə doktoru