23 Dekabr 2024, Bazar ertəsi

Ulu öndər Heydər Əliyev çıxışlarının birində deyib: “Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Əgər Azərbaycanın tarixi haqqında, ümumiyyətlə, bir çox işlər görülübsə, Naxçıvanın tarixi haqqında, qədim tarixi haqqında və Naxçıvanın bir diyar kimi öyrənilməsi barədə çox az iş görülübdür”.

Bu gün muxtar respublika ərazisində aparılan tədqiqatlar, əldə olunan elmi nəticələr, mühüm elmi nəşrlərin hazırlanması ulu öndərin arzularının gerçəkləşməsi, Naxçıvanın qədim tarixinin öyrənilməsi sahəsində qarşıya qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsinin göstəricisidir. Həyata keçirilən tədbirlər sırasında Naxçıvanda Azərbaycan-ABŞ arxeoloji ekspedisiyasının birgə fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. 2006-cı ildən muxtar respublikamızda müxtəlif ərazilərdə arxeoloji qazıntılar aparan ekspedisiya tərəfindən Naxçıvanın Tunc və Dəmir dövrlərinə aid abidələri araşdırılıb, II Kültəpə və Maxta Kültəpəsində arxeoloji qazıntılar aparılıb. ABŞ arxeoloqları AMEA Naxçıvan Bölməsinin əməkdaşları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən, Naxçıvanda, xüsusilə Arpaçay vadisində olan tarix və mədəniyyət abidələrinin qeydə alınması və pasportlaşdırılması prosesində də iştirak ediblər. Azərbaycan və ABŞ tədqiqatçıları başlıca olaraq Şərur, Sədərək və Kəngərli rayonlarının ərazisində tədqiqat aparırlar.

Tədqiqatların əsas məqsədi mövcud olan abidələrin xəritələşdirilməsi və elmə məlum olmayan yeni abidələrin qeydə alınmasıdır. Tədqiqatların nəticələri Naxçıvanın vadilərində və dağlıq ərazilərində yerləşən abidələri arasındakı əlaqələri, həmçinin Cənubi Qafqaz və Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələri müəyyənləşdirməyə imkan verir.
Azərbaycan-ABŞ arxeoloqlarının Qızqala yaşayış yerində tədqiqat işləri ilə tanış olmaq üçün arxeoloji qazıntıların aparıldığı əraziyə üz tutduq. Qeyd edim ki, bu yaşayış yeri elə Azərbaycan-ABŞ arxeoloqlarının apardıqları tədqiqatlar zamanı aşkar olunub. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bildirdi ki, burada 13 hektar sahəni əhatə edən Orta Tunc dövrü yaşayış yeri aşkar edilib. Builki araşdırmalar 300 kvadratmetrdən artıq bir ərazidə və Orta Tunc dövrünə aid kurqanlarda aparılmaqdadır.
“Ekspedisiyanın tədqiq etdiyi abidənin Cənubi Qafqaz və Yaxın Şərq arxeologiyası üçün böyük əhəmiyyəti vardır”, – deyən AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev əlavə edir ki, Azərbaycan, Gürcüstan, İran və Şərqi Anadoluda yayılmış Orta Tunc dövrünün boyalı qablar mədəniyyətinə aid əsas yaşayış yerləri Naxçıvan ərazisindədir. Son illər Qızqala yaşayış yeri ətrafında aparılan araşdırmalar zamanı boyalı qablar mədəniyyətinin Naxçıvanla bağlı olmasına aid xeyli yeni faktlar aşkar olunub. Belə faktlardan biri də Qızqala yaşayış yerində zəngin mədəni təbəqənin olması və bu mədəni təbəqədən monoxrom və polixrom boyalı qabların aşkar edilməsidir. Builki tədqiqatlar zamanı həndəsi ornament və heyvan rəsmləri ilə bəzədilmiş boyalı qabların aşkar olunması Naxçıvanın boyalı qablar mədəniyyətinin əsas mərkəzlərindən biri olduğunu, Cənubi Qafqaza boyalı qabların məhz Naxçıvandan yayıldığını təsdiq edir.
Qeyd edək ki, bu il Qızqalada arxeoloji qazıntılara iyunun 19-dan start verilib. İndiyə qədər aşkar olunan maddi-mədəniyyət nümunələrinin ilkin tədqiqi Qızqala yaşayış yerində məskunlaşan qədim tayfaların oturaq və yarımköçəri həyat tərzini mənimsədiyini təsdiq edir. Yaşayış yerində Orta Tunc dövrü təbəqəsinin orta əsr təbəqəsi altında qalması araşdırma üçün müəyyən çətinlik törətsə də, artıq böyük bir sahədə Orta Tunc dövrü təbəqəsi və həmin dövrə aid yaşayış binalarının qalıqları aşkara çıxarılıb. Tədqiqatların nəticələri burada məskunlaşan insanların Arpaçay vadisi boyunca yüksək dağlıq ərazilərə köç etdiyini və geri qayıtdığını təsdiq edir. Araşdırmaların davam etdirilməsi nəticəsində bu dövrdə Arpaçay vadisində yaşayan insanların həyat tərzi və mədəni əlaqələri, həmçinin boyalı qablar mədəniyyətinin mənşəyi və mədəni mənsubiyyəti ilə bağlı xeyli yeni faktların aşkar olunacağı gözlənilir.
Bəs ABŞ tədqiqatçıları nəticələri necə qiymətləndirirlər? Nəticələr onlar üçün də olduqca maraqlıdır.
ABŞ-ın Emori Universitetinin professoru Hillari Qopnik bildirdi ki, indiyədək boyalı qablar mədəniyyətinə məxsus insanların harada yaşaması ilə bağlı aydın təsəvvür yox idi. Bəzən isə sovet dövründə aparılan tədqiqatlara şübhə ilə yanaşırdılar. Lakin bizim iştirakımızla boyalı qablar mədəniyyətinə aid yeni abidələrin aşkar olunması, xüsusilə Qızqala yaşayış yerində qalın mədəni təbəqənin üzə çıxarılması çox sevindiricidir. Artıq boyalı qablar mədəniyyətini yaradan tayfaların məhz bu ərazidə yaşadığı təsdiq edildi və biz bu barədə beynəlxalq konfranslarda məruzələr edəcəyik.
Göründüyü kimi, Qızqalada aparılan tədqiqat işlərində müasir tariximiz üçün qiymətli faktlar aşkarlanıb və bu, son deyil. Aşkarlanan və bundan sonra aşkarlanacaq yeni məlumatlar Azərbaycan tarix elminə dəyərli töhfələr verib və verəcək. Əldə edilən ilkin məlumatlar Naxçıvanın qədim və əzəli Azərbaycan torpağı olduğunu bir daha sübuta yetirib. Bu isə düşmən Ermənistanın Naxçıvana qarşı haqsız ərazi iddialarına ən tutarlı cavabdır.

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR