23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində bu mövzuda Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinə həsr edilən elmi konfrans keçirilib.

Elmi konfransı giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb. O, Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbay­can Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2015-ci il 14 yanvar tarixli Sərəncamının görkəmli şairə dövlətimizin verdiyi böyük qiymət, ümumxalq məhəbbətinin ifadəsi olduğunu bildirib. Natiq Azərbaycanın Xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar Vahabzadənin bədii fikrimizin zənginləşməsində mühüm rol oynadığını nəzərə çatdırıb. Qeyd olunub ki, böyük söz ustası xalqımızın yüz illərboyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə 60 ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. Şair Azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Saleh Məhərrəmov bildirib ki, Bəxtiyar Vahabzadənin yaradıcılığı Vətənlə, xalqımızın həyat tərzi, mədəniyyəti, tarixi ilə sıx bağlı olub.

“Bəxtiyar Vahabzadə yaradıcılığında tarixin əksi” mövzusunda məruzə ilə çıxış edən universitetin “Qeyrət” nəşriyyatının direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Vaqif Məmmədov bildirib ki, tarixi mövzulara müraciət edib yaddaqalan poeziya nümunələri yaradan, yaratdığı əsərlərlə özü də, bir növ, xalqın tarixinə çevrilən Bəxtiyar Vahabzadə müxtəlif illərdə yazdığı “Gülüstan”, “Şəbi-hicran”, “İstiqlal”, “Ağlar güləyən”, “Dörd yüz on altı”, “Muğam”, “Şəhidlər” və digər poemaları ilə çox gərəkli sənət nümunələri yaradıb.
Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Arifə Zeynalova “Bəxtiyar Vahabzadə dilində məcazların işlənmə məqamları” mövzusunda məruzə edib. Bildirib ki, Bəxtiyar Vahabzadə canlı bədii obrazlar, yaddaqalan lövhələr yaratmaq üçün məcazlara tez-tez müraciət edib, ədəbiyyatımıza dəyərli poeziya nümunələri verib.
Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərov “Bəxtiyar Vahabzadə yaradıcılığında “Molla Nəsrəddin məktəbi” ənənələri” mövzusundakı məruzəsində bildirib ki, mollanəsrəddinçilərin əsərlərində, eləcə də Bəxtiyar Vahabzadənin yaradıcılığında Azərbaycan xalqının eyni xarakterli taleyüklü problemlərindən bəhs olunur.
Vurğulanıb ki, “Molla Nəsrəddin”də çap olunan materiallarla görkəmli şairə məxsus şeirlərin müqayisəli təhlili deməyə əsas verir ki, Bəxtiyar Vahabzadə sənəti “Molla Nəsrəddin” jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin arzuladığı sənətdir və milli bəşəri ideyalarla zəngin Azərbaycan ədəbiyyatının əbədiyaşarlığını bir daha təsdiqləməkdədir.
Tarix-filologiya fakültəsinin tələbələri şairin “Özümdən narazıyam”, “Mən türkəm”, “Vətəndən-Vətənə” şeirlərini bədii qiraət ediblər.
Elmi konfransda Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını əks etdirən fotoslayd nümayiş olunub.

Mina QASIMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR