Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Naxçıvan” Universiteti tələbələrinin məzun günü keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri universitetin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru İbrahim Kazımbəyli açaraq məzunları təbrik edib. Bildirilib ki, bu gün “Naxçıvan” Universiteti, sözün əsl mənasında, inkişaf mərhələsini yaşayır. Təhsil ocağına göstərilən qayğının nəticəsidir ki, ötən ildən universitetdə tədrisin səviyyəsini yüksəltmək məqsədilə bir neçə tədris korpusu tikilib. Qeyd olunub ki, 2014-2015-ci tədris ilinə qədər 27 ixtisas üzrə tədris aparan “Naxçıvan” Universiteti 2015-2016-cı tədris ilindən daha 4 ixtisas üzrə də təhsil verəcək. O da vurğulanıb ki, bu il universitetdə bakalavr pilləsi üzrə 158 nəfər tələbə təhsilini başa vurub.
Ali təhsil ocağının tərbiyə işləri üzrə prorektoru Əli Yusifov, Pedaqoji fakültənin dekanı Məftun İsmayılov çıxışlarında məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Məzunlar çıxışlarında universitetdə təhsil aldıqları müddətdə əhatə olunduqları yüksək diqqət və qayğıya, onlar üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Sonda universitetin ictimai və mədəni həyatında fərqlənən bir qrup məzun mükafatlandırılıb.
“Dəniz” vokal instrumental ansamblı üzvlərinin ifasında səslənən bir-birindən maraqlı musiqi nömrələri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Nuray ƏSGƏROVA