Bu gün müəllim və tələbənin eyni məkanda olma məcburiliyini aradan qaldırmaq imkanlarına malik olan distant təhsil forması sosial sifarişə yönəlikliyi ilə diqqəti cəlb edir. Artıq cəmiyyətdə təlimin bu yeni formasının potensial istifadəçiləri olan konkret sosial qruplar formalaşır. Distant təhsil həm də müasir texnologiyanın məhsulu kimi hər bir ölkənin ali məktəblərinin dünya təhsil şəbəkəsinə qoşulmasına şərait yaradır. Onu görə də Naxçıvan Dövlət Universitetində distant təhsilin elmi-texnoloji, pedaqoji-metodik əsaslarının işlənib hazırlanmasına xüsusi diqqət yetirilir. Son dövrlər distant təhsil üzrə professor-müəllim heyəti və tələbələr üçün təhsil-metodik materialların xüsusi dəstinin tərtib edilməsi, elektron kitabxana fondları ilə iş aparılması sahəsində xeyli işlər görülmüş, faydalı tədbirlər həyata keçirilmişdir.
Distant təhsil sahəsində görülmüş və görülməkdə olan işlər fonunda universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlının “Distant təhsil: terminlər+” kitabını uğurlu nəşrlərdən hesab etmək olar. Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrifi ilə dərs vəsaiti kimi nəşr olunmuş bu kitabın elmi redaktoru Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, rəyçiləri isə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli və Naxçıvan Dövlət Universitetinin müəllimi, elektron təhsil üzrə mütəxəssis Hüseyn Qasımovdur. Bu dərs vəsaitinin başlıca əhəmiyyəti ondan ibarətdir ki, kitabın lüğət hissəsində distant təhsil üzrə ölkəmizdə ilk dəfə söz və söz birləşməsi ilə ifadə olunan 800-dən artıq terminin lüğətçilik prinsipləri əsasında yığcam, konkret elmi izahı verilmişdir. Distant təhsil terminologiyasının hazırlanması işini aktuallaşdıran bir çox cəhətlər vardır. Hər şeydən əvvəl göstərməliyik ki, biz əgər ölkəmizdə pedaqoji elmin distant pedaqogika istiqamətinin formalaşdırılması qayğısına qalmağı lazım biliriksə, onda distant pedaqogikanın “əlifbası” ola biləcək anlayışların, terminlərin, ifadələrin düzgün elmi izahından başlamalıyıq.
Müəllif haqlı olaraq distant təhsil sahəsində görüləcək çoxtərəfli və məqsədyönlü işlər sırasında terminologiya məsələsini hazırlayıb araya-ərsəyə gətirməyi vacib həlqələrdən biri hesab etmiş və bu sahədə mövcud boşluğun aradan qaldırılması işinə təşəbbüs göstərmişdir.
Müəllif pedaqogika elminin müxtəlif sahələrinə aid olan hər hansı bir termin haqqında qısa məlumat hazırlamaq üçün müxtəlif mənbələr üzrə axtarışlar aparmış, müxtəlif internet resurslarından istifadə etmişdir. Kifayət qədər vaxt itkisinə, həm də yorucu bir işə qoşulan müəllif sonda uğurlu nəticələr əldə etməyə nail olmuşdur.
Kitabda terminoloji vahidlər yığcam şəkildə izah və təhlil edilir. Çətin və mürəkkəb bir proses kimi lüğət hazırlamaq işi beynəlxalq terminlərin Azərbaycan dilinə müvafiq izahatları ilə birgə tərcüməsi zamanı adekvat sözlüyün yaradılmasına xüsusi diqqət yetirməyi tələb edir. Müəllif bu cəhəti də nəzərə almışdır. Məhz buna görə də vəsaiti distant təhsillə bağlı sorğu kitabı adlandırmaq olar.
“Distant təhsil: terminlər+” kitabının adından da göründüyü kimi, dərs vəsaitinin əsasını distant təhsilə aid terminlərin izahı təşkil etsə də, ona edilmiş əlavələr də az maraq doğurmur. Distant təhsilə sistemli yanaşma, bu təhsil formasının bir sıra nəzəri və praktik məsələlərinə dair mülahizələr kitabın əhəmiyyətini xeyli artırır. Kitabda Naxçıvan Muxtar Respublikasında təhsilə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilməsi, onun infrastrukturunun müasirləşdirilməsi, təhsilin elektronlaşdırılması, Naxçıvan Dövlət Universitetində ən müasir elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılmasından bəhs edən materiallar da öz əksini tapmışdır.
Kitabın praktik əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Ali məktəbin müəllim və tələbələri (təhsilverənlər və təhsilalanlar) bu kitabdan faydalana bilərlər. Buradakı lüğət məqalələrində və əlavə edilmiş materiallarda distant təhsilin inkişaf tarixi öz əksini tapıb. Kitab distant təhsilin vəziyyətini əks etdirən mənbə kimi də maraq doğurur.
Distant təhsil terminləri üzrə lüğətlərin hazırlanması həmin sahə üzrə mütəxəssislərin, ali məktəb tələbələrinin biliyinin, iş qabiliyyətinin artırılması, yaradıcılıq imkanlarının genişlənməsi baxımından olduqca əhəmiyyətlidir.
Dosent Qurban Qurbanlı filoloji-dilçilik, habelə pedaqoji elmi axtarışlar, lüğətçilik sahəsindəki elmi-nəzəri və əməli fəaliyyəti ilə tanınan alimlərimizdəndir. Çoxsaylı tədqiqatları həmişə maraqla qarşılanmış, Azərbaycan və rus dillərində ədəbiyyatın qarşılıqlı tərcüməsi işində xeyli əmək sərf etmiş, bu sahə üzrə mənbələrin işıq üzü görməsində davamlı və əhəmiyyətli xidmətlər göstərmişdir.
Bu kitab da müəllifin yaradıcı işinin, gərgin əməyinin bəhrəsidir. İnamla demək olar ki, yüksək məsuliyyət hissi ilə hazırlanmış bu vəsait Azərbaycan məkanında distant təhsilin həyata keçirilməsi işində uğurla istifadə edilə bilən dəyərli və ilk sorğu kitabıdır.
Vahid RZAYEV
pedaqogika üzrə fəlsəfə doktoru