Xəbər verdiyimiz kimi, mayın 30-da Bakı şəhərində “Bizim sahibkarlıq fəaliyyətimiz” (Enactus) beynəlxalq proqramı üzrə X milli yarış keçirilmişdir. Həmin yarışda “Naxçıvan” Universitetinin “Enactus” komandası vitse-çempion adına layiq görülmüşdür.
“Naxçıvan” Universitetində vitse-çempion adını qazanmış komandanın universitet mükafatlandırılması mərasimi keçirilmişdir. Tədbiri ali təhsil ocağının tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda elm və təhsilin inkişafına göstərilən qayğıdan danışmış, bu uğurun istedadlı gənclərə göstərilən dövlət qayğısı sayəsində qazanıldığını diqqətə çatdırmışdır.
Universitetin “Enactus” komandasının rəhbəri, İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev beynəlxalq proqram üzrə X milli yarış barədə danışmışdır. Bildirilmişdir ki, “Naxçıvan” Universitetinin komandası iki layihə ilə çempionata qatılmışdı. Layihələrdən birincisi qədim xalq sənətimiz olan keçəçilik sənətinin təbliği və yaşadılmasına xidmət edən “Güzəm”, digəri isə gözdən əlil vətəndaşlarımızın və bölgəmizə gələn turistlərin rahat hərəkətini tənzimləyən “Bələdçim ” layihəsi olmuşdur. Azərbaycan ali məktəblərinin təqdim etdikləri layihələr içərisində “Ən yaxşı sosial layihə” üzrə “Naxçıvan” Universitetinin “Bələdçim” layihəsi nominasiyanın qalibi adını qazanmışdır.
Tələbələr göstərilən qayğıya, onlar üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını bildirmişlər.
Sonra komandanın kapitanına və komanda üzvlərinə kubok, diplom və mükafatlar təqdim edilmişdir.
Məlumat üçün onu da qeyd edək ki, “Xəmsə” və “Nuh yurdu” bilik yarışlarında qalib olmuş tələbələr də mükafatlandırılmışlar.
Nuray ƏSGƏROVA