Uşaqlar ailənin xoşbəxtlik simvolu, gələcəyin yaradıcı və qurucularıdır. Gələcək nəslin ilk tərbiyəçisi olan ana öz övladını hərtərəfli qayğı ilə əhatə etməli, ona böyüyə hörmətlə yanaşmağı, insanları sevməyi, Vətənə sədaqətli olmağı öyrətməlidir.
Azyaşlı uşaqların asudə vaxtlarının əsasını oyun təşkil edir. Oyun fəaliyyəti ilə uşaq öz gələcəyinin əsasını yaradır. Oyun ilə gələcək mühitini qurur, oyuncaq ilə əşyalarını, oyun yoldaşları ilə isə gələcək münasibətlərini tarazlayır. Uşaqlar oyun oynadıqda valideynlər onların davranışlarına diqqət etməlidirlər. Çünki uşaq oyun fəaliyyətində özünü necə aparırsa, bu, gələcəkdə onun xasiyyəti kimi formalaşa bilər. Onu daha çox oynaya-oynaya öyrənə biləcəyi oyunlara sövq etmək lazımdır. Didaktik oyunlar uşaqların boş vaxtlarını səmərəli keçirmələri üçün mühüm vasitələrdəndir. Yəni uşaq həm əylənsin, həm də öyrənsin.
Bütün dövrlər üçün uşağın asudə vaxtının yaxşı dəyərləndirilməsinin ən ideal vasitəsi oxumaqdır: bu, kitab, qəzet, jurnal və ya elektron məlumat bazası ola bilər. Qiraət zamanı da uşaq nəzarətsiz buraxılmamalıdır. Oxunan məlumatın keyfiyyəti, mövzusu mühümdür. Özündə həyati məlumatları əks etdirən, nə çox fantaziyalarla dolu, nə çox dedektiv xarakterli, nə də çox şiddət xarakterli material oxumaq düzgün deyil. Burada da yenə iş valideynin üzərinə düşür. Belə ki, uşaqlara boş vaxtlarında folklor nümunələri olan nağıllar, dastanlar oxutmaq daha yaxşı olar. Bu həm də onların milli ruhda böyümələrinə müsbət təsir göstərər. Folklor nümunələri milli ruhumuzu, adət-ənənəmizi, milli ornamentlərimizi özündə ehtiva edir. Nağıl oxuyan uşaq öz təxəyyülündə fantaziyanı gerçəyə çevirə bilir. O, nağıllarda olan müsbət xarakterlərə rəğbəti ayırd edərək gələcək həyatında xeyirxah olmağa can atır. Qəhrəmanlıq dastanlarında uşaq müsbət obrazları özünə ideal seçir. Koroğluya, Qaçaq Nəbiyə bənzəməklə igid, qorxmaz, cəsur olmağı öyrənir. Bunlar uşaqları vətənpərvərlik ruhunda tərbiyə etmək baxımından önəmlidir.
Uşaqların asudə vaxtlarını səmərəli keçirmələrinin əlverişli vasitələrindən biri də valideynləri ilə birgə yaşlı qohum-əqrəbalarına baş çəkmək, onların qayğıları ilə maraqlanmaqdır. Ailədə uşaqları elə tərbiyə etmək lazımdır ki, onlar bayram günlərində özləri böyüklərini ziyarət etməyə can atsınlar. Bu insanlarla vaxt keçirmək, lazım olduqda gəzintiyə çıxmaq, birgə kitab oxumaq uşaqların asudə vaxtlarının tərkib hissəsi olmalıdır. Gənc valideynlər düşünməsinlər ki, uşaqlarının yaşlı qohumlarla, nənə-babası ilə birgə vaxt keçirmələri onların ərköyün böyümələri ilə nəticələnir. Bu heç də belə deyil. Uşaqlarımıza milli-mənəvi dəyərlərimizi aşılamaq istəyiriksə, onların nənə-babadan tərbiyə almaları vacibdir. Böyüklər elə təqdim olunmalı, onların fikirləri elə dəyərləndirilməlidir ki, uşaq onda olan gizli aləmi araşdırmağa, onunla söhbət etməyə, onu öyrənməyə can atsın. Bu da valideynin verdiyi tərbiyədən bilavasitə asılıdır.
Asudə vaxtı böyüklərə sərf etmək həm də tərbiyəvi baxımdan faydalıdır. Tərbiyə şəxsiyyətin formalaşmasına yönəlmiş fəaliyyət sahəsidir. Bu prosesdə daha yaşlı nəsil özünün tərbiyəsini kiçik nəslə ötürür. Yəni boş vaxtını böyükləri ilə keçirmək istəyən uşaqlara münasibətdə həmin böyük nəslin nümayəndələri daha diqqətli olmalıdırlar. Unudulmamalıdır ki, böyük nə danışırsa, kiçik də onu götürür və tətbiq edir. Xalq arasında belə bir deyim də var ki, “Uşağa uşaq ikən ədəb öyrətmək daş üzərində naxış vurmaq kimidir”.
Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi yollarından biri də musiqi dinləmək və ona maraq göstərməkdir. İnsanın emosional halından asılı olmayaraq, musiqi dinləmək onun terapiya olunmasına xidmət edir. Belə ki, musiqi insanın daxilində olan mənfi enerjinin azalmasına, müsbət enerjinin artmasına səbəb olur. Asudə vaxtlarında musiqi ilə məşğul olan uşaqlarda dinləmək mədəniyyəti, əgər bir musiqi alətindən istifadə edirsə, onda ritm tutmaq, melodiyanı qavramaq qabiliyyəti inkişaf edir, ixtiyari diqqəti güclənir.
Bütün bu deyilənlər əsasında məlum olur ki, asudə vaxtın musiqiyə həsr olunması da uşağa müsbət təsir göstərir, onun gizli qabiliyyətini üzə çıxarır. İnsanın hər hansı bir və ya bir neçə fəaliyyət sahəsi üçün daha yararlı olduğunu göstərən fərdi, psixi xassəyə qabiliyyət deyilir. Qabiliyyəti üzə çıxarmaq üçün valideyn övladının fəaliyyətini nəzarətdə saxlamalıdır. Onun hansı sahədə daha bacarıqlı olduğunu özü müşahidə etməlidir. Sevimli vaxtını bu qabiliyyətə yönləndirsə, uşaq üçün əvəzolunmaz təcrübə qaynağı əldə edilər. Uşağın musiqiyə olan marağını da elə yönləndirmək lazımdır ki, milli musiqiyə meyilli olsun. Milli musiqi alətlərini öyrənsin, muğamata, xalq musiqisinə can atsın, boş vaxtını sevə-sevə bu fəaliyyətə sərf etsin.
Uşaqların asudə vaxtlarının səmərəli təşkili baxımından bir vasitə də şahmat oyunudur. Bu oyun sayəsində uşaqların həyatında mühüm dəyişikliklər etməyimiz mümkündür. Boş vaxtını şahmat oynayaraq keçirən uşağın tez qərar qəbul etmək qabiliyyəti inkişaf edir. Gəlin belə düşünək: uşaqlara daim valideynlər tərəfindən pisi, yaxşını, nəyi etməsini, nəyi etməməsini didaktik formada anlatmaq istədikdə, bu, onlara çox yorucu və bezdirici gəlir. Amma bir həmlənin oyunun gedişinə necə təsir edə biləcəyini, yaranan yeni vəziyyətin necə nəticələnəcəyini, səbəb-nəticə münasibətini uşaq şahmat oyununda daha yaxşı anlayır və qavrayır. Həmçinin uşağa qələbə əzmini də bu oyun vasitəsilə daha tez aşılaya bilərik. Uşaqların zehni qabiliyyətinin inkişafı baxımından bu oyuna 4-6 yaş arası uşaqları cəlb etmək daha məqsədəuyğundur.
Bundan başqa, uşaqları, əsasən, milli oyunları oynamağa cəlb etmək lazımdır. Milli oyunlar oynamaqla onlar həm adət-ənənələrimizi öyrənir, həm də vaxtlarını səmərəli keçirirlər. Dildən-dilə, eldən-elə zaman aşırımından keçən “çilingağac”, “topaldıqaç”, “əl üstə kimin əli”, “bənövşə, bəndə düşə”, “gizlən-qaç”, “gözbağlıca” və digər xalq oyunlarına uşaqları cəlb etməklə milli dəyərlərimizi gələcəyə ötürmək kimi bir missiyanı icra etmiş olarıq.
Asudə vaxtın səmərəli keçirilməsi vasitələrindən biri də idmanla məşğul olmaqdır. Boş vaxtlarında idmanla məşğul olan uşaqlarda aktiv həyat tərzi formalaşır, böyümə və inkişaf daha yaxşı olur, xəstəliklərlə mübarizədə immun sistemi daha da güclənir, artıq çəki problemi olmur, sümüklər, bədənin hərəki sinir sistemi inkişaf edir, diqqəti cəmləmək xüsusiyyəti formalaşır. İdmanla məşğul olan uşaqlar daha sağlam, ətrafı ilə münasibətdə daha anlayışlı, təvazökar, dostcanlı və digər keyfiyyətlərə malik olurlar.
Rəsm çəkmək də uşaqların boş vaxtlarını dəyərləndirməkdə səmərəli vasitədir. Rəsmlə məşğul olan uşaqların fantaziyaları, düşünmə qabiliyyətləri daha dolğun xarakter alır. Onlar öz dünyagörüşlərini, təfəkkür formalarını rəsm vasitəsi ilə ortaya qoymağa çalışırlar. Rəsm çəkmək uşaqların bədii zövqünü, təxəyyülünü, yaradıcılıq qabiliyyətini inkişaf etdirir. Bu məşğuliyyət zamanla istedada çevrilə bilər.
Valideynlər uşaqları müəyyən işlərə cəlb etməklə də onların asudə vaxtlarını faydalı keçirmələrinə nail ola bilərlər. Qız uşaqlarına süfrəni hazırlamaq, ev yığışdırmaq kimi sadə işləri tapşırmaq olar. Marağı olan qız uşaqlarını toxuculuq işinə də sövq etmək mümkündür. Oğlan uşaqlarını atalarına kömək etməyə istiqamətləndirmək lazımdır. Bu, onların zəhmətkeş, əməksevər kimi böyüməsinə yardımçı olar. Əməksevərlik tərbiyə növlərinin başlıca prinsipidir. Məhz bu vərdişlərin də təməli insanın uşaq yaşlarında asudə vaxtlarının düzgün qurulması prinsipi ilə ailədə qoyulur. Uşaqların bütün bu qabiliyyətlərini inkişaf etdirə bilsək, gələcəyin tanınmış simalarını yetişdirmiş olarıq.
Qeyd edək ki, uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün muxtar respublikada məktəbdənkənar müəssisələr vardır. Bunlardan Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzini, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrını, Naxçıvan Muxtar Respublikası Estetik Tərbiyə Mərkəzini, Naxçıvan Dövlət Uşaq Teatrını misal göstərə bilərik. Valideynlər uşaqlarını bu məktəbdənkənar müəssisələrin hazırladıqları mədəni tədbirlərə, dərnəklərə yönəltməklə onların asudə vaxtlarının səmərəli keçməsinə köməklik göstərmiş olarlar.
Ümumilikdə, uşaqların asudə vaxtlarının səmərəli təşkili valideyn nəzarəti altında olmalıdır. Həmçinin uşaqları istəmədikləri fəaliyyətə məcbur etmək, yaxud sevdiyi fəaliyyətdən uzaq tutmaq düzgün deyil. Çalışmaq lazımdır ki, onlar sevdikləri fəaliyyətlə məşğul olsunlar. Bəlkə də onların sevdiyi işi görmələrinə mane olaraq gələcəyin rəssamının, musiqiçisinin, memarının qol-qanadını qırmış oluruq.
Unutmaq olmaz ki, uşaqların asudə vaxtlarının səmərəli təşkili valideynlərin bir tərəfdən mənəvi borcudursa, digər tərəfdən ölkəmizin qanunları ilə onların üzərinə qoyulmuş bir vəzifədir ki, buna sosial məsuliyyət deyirlər. Valideynlər bu vəzifələri yerinə yetirmədikdə və ya düzgün yerinə yetirmədikdə həm qanun, həm də cəmiyyət qarşısında məsuliyyət daşıyırlar.
Sahir Rüstemov
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri