15 İyun – Milli Qurtuluş Günü münasibətilə muxtar respublikanın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən inşa-yazı müsabiqəsinin qalibləri dünən mükafatlandırılıblar.
“Ümummilli lider Heydər Əliyev və Naxçıvandan başlanan qurtuluş tarixi” mövzusunda keçirilmiş inşa-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində keçirilib.
Tədbirdə muxtar respublikanın Təhsil naziri Piri Nağıyev çıxış edərək qalibləri təbrik edib. Nazir bildirib ki, belə müsabiqələrin keçirilməsi ulu öndərimizə ümumxalq məhəbbətinin bariz nümunəsidir. İnşa-yazı müsabiqəsi intellekt yarışması olmaqla yanaşı, həm də ictimai məzmun daşıyır. Çünki Naxçıvan məktəbliləri ulu öndərin zəngin siyasi irsini, ideyalarını mənimsəməklə vətənpərvərliyi öyrənirlər.
Sonda inşa-yazı müsabiqəsinin qaliblərinə diplom və pul mükafatları təqdim edilib.
Xəbərlər şöbəsi