Dünən muxtar respublikamızın orta ümumtəhsil müəssisələrinin IX və XI sinif şagirdləri üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.
İmtahanlar Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında olmaqla, ümumilikdə, 12 mərkəzdə və Heydər Əliyev adına Hərbi Liseydə olub. İlk olaraq, səhər saat 1000-da IX sinif şagirdləri imtahan veriblər. İki saat ərzində şagirdlər Azərbaycan dili və Riyaziyyat fənlərindən cəmi 60 sual üzrə biliklərini sınayıblar, bir inşa-yazı mövzusu üzrə bacarıqlarını ortaya qoyublar.
Saat 1500-də isə XI sinif şagirdlərinin son buraxılış imtahanlarına start verilib. Şagirdlər Azərbaycan dili, Riyaziyyat və xarici dildən, xarici dil tədris olunmayan məktəbləri bitirənlər isə Kimya fənnindən suallara cavab tapıblar və inşa-yazı işləyiblər. İmtahanların keçirildiyi Naxçıvan şəhər 7 nömrəli və 14 nömrəli tam orta məktəblərdə olduqda burada təşkil olunmuş yanğın təhlükəsizliyi və tibb xidmətinin şahidi olduq.
Qeyd edək ki, bu il Naxçıvan Muxtar Respublikası üzrə 160 nəfəri Heydər Əliyev adına Hərbi Liseyin kursantı olmaqla, ümumilikdə, 3714 nəfər IX sinfi, 206 nəfəri Heydər Əliyev adına Hərbi Liseyin məzunu olmaqla, 3537 nəfər XI sinfi bitirib. Əldə etdiyimiz məlumata görə, imtahanlarda iştirak fəallığı yüz faiz olub.
İmtahanların təşkili səviyyəsindən razılıq edən valideynlərdən Naxçıvan şəhər sakinləri Ramiz Rzayev, Ələsgər Əliyev dövlətimizin təhsilə göstərdiyi yüksək qayğıya görə minnətdarlıq etdilər. Ələsgər Əliyev qızları Ayşən və Gülşən Əliyevaların Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin IX sinfində oxuduğunu, onların yüksək səviyyəli təhsil almaları üçün müasir şərait yaradıldığını qeyd etdi. İmtahanlardan ilk çıxan IX sinif şagirdlərindən Heydər Əliyev adına tam orta məktəbin şagirdləri Arzu Babayeva və Leyla Cabbarova, Naxçıvan şəhərindəki Qızlar Liseyinin şagirdi Tuncay Hacızadə, Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi Ziya Seyidov, 5 nömrəli tam məktəbin şagirdi Alı Alıyev, 14 nömrəli tam orta məktəbin şagirdi İnci Fətullayeva, 1 nömrəli tam orta məktəbin şagirdi Fərəməz Şirinovla həmsöhbət olduqda onlar verilmiş sualların cavablarını asanlıqla yazdıqlarını bildirdilər. XI sinfi bitirən və buraxılış imtahanlarında iştirak edən Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin şagirdlərindən Günay Abbasova və Mehri Mollayeva, 12 nömrəli tam orta məktəbin şagirdi Həsən Novruzov, 9 nömrəli tam orta məktəbin şagirdi Ulduz Tağıyeva, 11 nömrəli tam orta məktəbin şagirdi Kərim Nəcəfov isə imtahan ərəfəsində olan həyəcanın artıq arxada qaldığını, verilmiş sualların həllini tapmaqda çətinlik çəkmədiklərini qeyd etdilər.
İmtahanların nəticələri yaxın günlərdə elan olunacaq.
Əli Cabbarov