Naxçıvan Dövlət Universitetində idmanın inkişafı və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.
Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkədə, o cümlədən muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, bu günlərdə başlayacaq “Bakı-2015” Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili Azərbaycanda idmanın inkişafına göstərilən diqqətin, ölkənin iqtisadi qüdrətinin təzahürüdür. Rektor Naxçıvan Dövlət Universitetində idmanın müxtəlif növlərinin inkişafı məqsədilə yaradılan maddi-texniki baza, gənclərin fiziki hazırlığı, hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlər, ali məktəbin son illər idmanda qazandığı nailiyyətlər barədə məlumat verərək bildirib ki, idmanın inkişafı tələbələrin fiziki və mənəvi sağlamlığı, onların asudə vaxtlarının düzgün təşkili və zərərli vərdişlərdən çəkindirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Universitetin Fiziki tərbiyə və idman oyunları kafedrasının dosenti, tələbə idman klubunun sədri Məmmədəli Rəhimov ali təhsil müəssisəsinin idman uğurlarına nəzər salaraq xatırladıb ki, futbol, qızlardan ibarət badminton komandaları müxtəlif vaxtlarda Azərbaycan çempionu olub, tələbə idmançılarımız beynəlxalq yarışlarda, hətta dünya universiadasında uğurlu nəticələr göstəriblər. Birinci Avropa Oyunlarına vəsiqə qazanan ilk naxçıvanlı idmançı, boks üzrə Azərbaycan çempionu Tayfur Əliyev də məhz Naxçıvan Dövlət Universitetinin tələbəsidir.
Tədbirdə idman yarışlarının təşkili, birinci kurs tələbələrinin idmana cəlb olunması ilə bağlı məsələlər, mövcud problemlər də müzakirə olunub. Sonra müxtəlif idman yarışlarında qalib gəlmiş komandalara və idmançılara diplom və kuboklar təqdim edilib.
Rektor qələbə qazanan idmançıları təbrik edərək onlara ruh yüksəkliyi və əzmkarlıqla fəaliyyətlərini davam etdirməyi, daha böyük uğurlar qazanmağı arzulayıb.
Mehriban Sultan