Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli “Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin yaradılması haqqında” Sərəncamı ilə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən aldığımız məlumata görə, 2015-2016-cı tədris ilindən fəaliyyətə başlayacaq Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə şagird qəbulu üçün nazirlikdə sənəd qəbulu komissiyası yaradılıb. Muxtar respublikanın ümumtəhsil məktəblərindən liseyin VII-X siniflərinə qəbul olunmaq üçün 1060 oğlan şagird sənədlərini təqdim edib. Keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, 160 şagird liseyin müvafiq siniflərinə qəbul olunub.
Liseyin pedaqoji kadr potensialını təmin etmək də diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə sənəd qəbulu komissiyası 1 may 2015-ci il tarixdən 31 may 2015-ci il tarixədək sənəd qəbulu prosesini həyata keçirib. Müxtəlif ixtisaslar üzrə 71 nəfər müəllimin sənədləri qəbul edilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən dünən Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə liseydə pedaqoji fəaliyyət göstərmək üçün sənəd təqdim etmiş müəllimlərin test formasında imtahanı keçirilib.
İmtahan test kitabçalarında hər müəllimə 100 sual təqdim edilib. Sualların 80-i ixtisasdan, 10-u informatika fənnindən, 10-u isə məntiq və dünyagörüşdən ibarət olub.
Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb. Hər bir düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticələrinə təsir etməyəcək.
Xəbərlər şöbəsi