O, arxeologiyada özünəməxsus “Vəli Baxşəliyev ritmi”ni yarada bilib. Bu “ritmə” neçə illərdən bəri onunla birlikdə axtarışlar aparan ABŞ-ın Corciya Universitetinin, Fransanın Lion Universitetinin əməkdaşlarının da “köklənməsi” Vəli müəllimin yaratdığı arxeoloji mühitin geniş coğrafiyasından soraq verir. Bütün bunlar heyranlıq da doğurub, heyrət də. Hər məsələyə yetərincə tələbkarlıq göstərənlər də onu elm mücahidi kimi qəbul ediblər.
Milli arxeologiyamız Vəli müəllimin əli ilə bir çox elmi həqiqətlərə imza atıb. Onun tədqiqatları uzun illərin gərgin axtarışlarının, dərin elmi ümumiləşdirmələrin, örnək yeni təfəkkür tərzinin nəticəsi kimi arxeologiyada öz yerini alıb.
Onun fəaliyyət coğrafiyası həsəd doğuracaq qədər genişdir. 1995-1999-cu illərdə İstanbul Universitetinin əməkdaşları ilə Şərqi Anadolunun arxeoloji abidələrinin tədqiqində iştirakı milli bitkinlik, elmi yetkinlik sarıdan ciddi sınaq idi.
1981-ci ildə Tiflisdə keçirilən V arxeoloji qurultayda Zaqafqaziyada, Azərbaycan ərazisində ibtidai insanların yaşamadığı, qədim insan düşərgələrinin olmadığı barədə qərar çıxarılmış, 1953-cü ilədək çap olunmuş bir sıra əsərlərdə arxeoloqlar bunu təkrar-təkrar təsdiqləmişdilər. 100 il sonra Parisdə muzeydə təşkil olunmuş “Avropanın ilk sakinləri” sərgisində postsovet məkanında yalnız Azərbaycanın maddi-mədəniyyət nümunələrinin təmsil edilməsi milli yaddaşın süni, saxta “tarixi” yaddaş üzərində qələbəsi olmalı idi. Ancaq bəllidir ki, milli yaddaş müstəqillik illərində öz taxt-tacına qayıtdı.
İlkin yaşayış məskənlərindən, sivilizasiya mərkəzlərindən olan Naxçıvan arxeoloji, etnoqrafik və folklor mühitlərinin bütün əzəməti ilə dünyanın gözü qarşısında açılması da müstəqillik dövrünün misilsiz töhfələrindəndir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1996-cı ildə keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” Beynəlxalq Simpoziumu elmimiz qarşısında geniş imkanlar açdı. Milli yaddaş çiçəkləndi. Arxeoloji mühitin sərhədlərini etnik həqiqətlər müəyyənləşdirdi.
II Kültəpə, Şahtaxtı, Maxta Kültəpəsi, Oğlanqala, Çalxanqala və yüzlərlə bu kimi abidələr tarixi, şanlı, canlı Naxçıvannamənin parlaq həqiqətlərinə çevrildilər. Naxçıvanda yetişən böyük bir arxeoloq heyəti milli arxeologiyamıza vətəndaş yanğısıyla töhfələr verdi. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev öz həmkarlarından Naxçıvanda yaşayaraq, ömrünün tən yarısını bu qədim diyarın arxeologiyasına həsr etməsi ilə fərqlənir.
Bu gün Vəli müəllimin 30-dan çox kitabı, 300 məqaləsi, altmış da yaşı var. Hər kitab və məqalənin arxasında duran uzun illərin arxeoloji qazıntılarını da hesablasaq, razılaşmalıyıq ki, bu altmış yaş az görünür.
1986-cı ildə namizədlik, 2005-ci ildə doktorluq dissertasiyaları müdafiə edən Vəli müəllim arxeologiya elminə öz üslubunu gətirib. Bu üslub üç sütun üzərində formalaşıb: arxeologiya, etnoqrafiya və folklor.
2002-ci ildə nəşr etdirdiyi “Gəmiqaya təsvirlərinin poetikası” kitabında alim yazır: “Abidənin tədqiqi arxeologiya, folklor, mifologiya, etnoqrafiya ilə bağlı elmi biliklərin birləşdirilməsini tələb edir. Bir tərəfdən bu elmləri birləşdirməyin çətinliyi, digər tərəfdən isə mifoloji araşdırmaların azlığı Gəmiqaya abidəsinin öyrənilməsinə mane olmuşdur.
Gəmiqaya rəsmləri insanların dünyabaxışının müəyyən kodlarla – antropomorf və zoomorf obrazlarla verilməsidir. Bu rəsmləri mifoloji qavram kimi qəbul etmədən, bu kodların quruluşunu və hansı informasiyanı verdiyini bilmədən onları araşdırmaq və “oxumaq” mümkün deyildir. Rəsmlərin dərk edilməsi ilə bağlı indiyə qədərki uğursuzluqların səbəbi də elə budur”.
13 il bundan qabaq yazılmış bu kitabı oxuduqca alim şəxsiyyəti ilə vətəndaş məsuliyyətinin vahidliyinin şahidi olursan.
Arxeologiyanın elmi mənzərəsini yaratmaq Vəli Baxşəliyevin çoxşaxəli axtarışlarının bir hissəsidir. Onun “Azərbaycan arxeologiyası” I cild, “Naxçıvan arxeologiyası” kitabları tələbələr üçün də, mütəxəssislər üçün də çox qiymətli bir mənbədir. Müəllif arxeoloji mühiti çox zəngin, misilsiz milli hadisə kimi dəyərləndirmiş, geniş seçim imkanlarından məharətlə istifadə edə bilmişdir.
Həmmüəllifi olduğu “Qədim Ordubad”, “Qədim Şərur” Vəli müəllim üçün təkcə kitab adları deyil, şöhrətli tariximizi özündə yaşadan, milli dəyərlərimizi yüksək dərəcədə hifz edən müqəddəs ünvanlardır. Onu tanıyanların hər biri şahiddir: AMEA-nın müxbir üzvü, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri Vəli Baxşəliyevin tədqiqatları həmişə arxeoloji fikrin diqqət mərkəzində olub. Çünki onun hər bir tədqiqatı məzmunca da, strukturca da orijinal və maraqlıdır. Bütün bunlar isə onun problemə yeni baxış sistemi ilə bağlıdır. Müəllif düşüncəsi və yanaşmasının elmi-nəzəri özünəməxsusluğu onun tədqiqatlarını səciyyələndirir.
Misilsiz dövlət qayğısı Naxçıvanda arxeologiya elminin də yüksək nailiyyətlərinə hərtərəfli imkanlar açıbdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi və qayğısı ilə 2013-cü ildən Naxçıvanın yerli arxeoloji ekspedisiyasının təşkili bu sahədə yeni mərhələ yaradıb. I Kültəpə, Yeniyol, Ərəbyengicə abidələrində son vaxtlar aparılan arxeoloji qazıntılar bölgənin qədim tarixinə dair mühüm faktların ortaya çıxarılmasına səbəb olub.
I Kültəpə abidəsindən götürülmüş radiokarbon analizlərin Naxçıvanda Neolit mədəniyyətinin mövcud olmasını təsdiq etməsi çox mühüm elmi hadisədir.
Vəli Baxşəliyevin 60 yaşı oldu. Bu altmış yaş, onu tanıyanlar üçün, elm mücahidliyi yolçuluğunun yaşıdır.
Rafiq BABAYEV
filologiya üzrə fəlsəfə doktoru