İyunun 5-də Naxçıvan Dövlət Universitetində “Azərbaycanda təhsil quruculuğunun prioritetləri: müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkil etdiyi konfransda pedaqoji tədqiqatlar sahəsində regionda tanınmış elm xadimləri, ali və orta məktəblərin müəllimləri iştirak ediblər.
Konfransın plenar iclasında Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Piri Nağıyev Azərbaycanda aparılan təhsil islahatlarının uğurlarından, muxtar respublikada təhsilin inkişaf səviyyəsindən danışıb.
”Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan təhsilinin böyük hamisi, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycan təhsilini himayə etməsi, təhsilin gələcək inkişaf yollarını müəyyənləşdirməsidir. Heydər Əliyev şəxsiyyəti olmasaydı, Azərbaycan təhsili də bugünkü səviyyəyə yüksələ bilməzdi”, – deyən nazir bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr, bütövlükdə müasir təhsil siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Nazir bu sahəyə göstərilən dövlət qayğısından bəhs edərək vurğulayıb ki, Azərbaycan Respublikasının bütün bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da ölkə Prezidentinin təhsil sahəsində müəyyənləşdirdiyi vəzifələr uğurla həyata keçirilməkdədir. Bu gün muxtar respublikanın tam orta məktəblərində 600-dən çox elektron lövhə, 3700 kompüter şagirdlərin istifadəsinə verilib. Təhsil naziri çıxışında bu cür elmi konfransların yüksək əhəmiyyət kəsb etdiyini bildirib.
“Müasir dövrdə şəxsiyyətin formalaşmasında məktəbdənkənar təlim və tərbiyənin rolu” mövzusundakı məruzəsində Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov elm və təhsilin qarşılıqlı əlaqələrindən və paralel inkişaf istiqamətlərindən, regionda kadr hazırlığı prosesində ali təhsil müəssisələrinin müstəsna rolundan danışıb.
Firudin Qurbanov Azərbaycan elminin, təhsilinin dinamik inkişafının, elmi kadrların hazırlanmasının, elmi potensialın gücləndirilməsinin, elmi-texniki nailiyyətlərin əldə olunmasının vacib məsələlərdən olduğunu bildirib. Dövlət başçısının elm və təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan Azərbaycan Respublikası Təhsil nazirinin müavini bu uğurlu siyasətin Azərbaycan elminə dəyərli töhfələr verdiyini və ölkəmizin beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına yüksəlməsinə əsaslı zəmin yaratdığını söyləyib.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov “Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi” mövzusundakı məruzəsində rəhbərlik etdiyi ali təhsil ocağında elektron təhsil sahəsində görülən işlərdən danışıb. Bildirib ki, muxtar respublika rəhbərinin qayğısı ilə bu ali təhsil ocağı ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub.
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində quraşdırılan server avadanlıqları, elektron mühafizə və müşahidə sistemləri, Media mərkəzində Universitet televiziyası və “Nuhçıxan” radiosunun verilişlərinin Naxçıvan şəhərində rəqəmsal formatda yayımlanması, video və slayd şəklində mühazirələrin hazırlanması barədə danışan rektor universitetdə sənəd dövriyyəsi prosesinin elektron üsulla aparıldığını da nəzərə çatdırıb.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli “Şəxsiyyətyönümlü kurikulumların idrak mahiyyəti” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, təhsil sahəsində kurikulum islahatının həyata keçirildiyi bir dövrdə müəllimlərin qarşısında duran əsas vəzifə milli-mənəvi və ümumbəşəri dəyərlərə malik, geniş dünyagörüşlü, təşəbbüskar və yenilikləri qiymətləndirməyi bacaran şəxsiyyət formalaşdırmaqdır. Natiq bildirib ki, şagirdlərin şəxsiyyət kimi inkişafında təfəkkürün formalaşdırılması çox mühüm amildir. Bu mənada şəxsiyyətin formalaşmasında yaradıcı, məntiqi və tənqidi təfəkkürün inkişafı xüsusi rol oynayır.
Plenar iclasda Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzovun “Müasir məktəb, sosial çağırışlar və müəllimlik missiyası”, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasovun “12 illik təhsilin xarakterik xüsusiyyətləri”, Türkiyə Rəhbərlik və Elmi- Tədqiqat Mərkəzinin əməkdaşı Mehmet Önəmlinin “Uşaqlarda kəkələmə” mövzularında məruzələri dinlənilib.
Plenar iclasda Naxçıvan Dövlət Universitetinin inkişaf yolunu əks etdirən slaydlar nümayiş olunub.
Elmi konfrans öz işini 7 bölmə iclasında davam etdirib. Bölmə iclaslarında 160-dan çox alim və mütəxəssisin, tanınmış ziyalıların məruzələri dinlənilib.
Mina QASIMOVA