Bu mövzuda ali təhsil ocağında dəyirmi masa təşkil edilib
Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının təşəbbüsü ilə keçirilən növbəti dəyirmi masa “Ailə və onun mənəvi əsasları” mövzusuna həsr olunmuşdu.
Universitetin müxtəlif fakültələrində təhsil alan, fəallıqları ilə seçilən tələbə-gənclərin iştirak etdiyi dəyirmi masada universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə çıxış edərək Azərbaycan xalqının sahib olduğu qədim və zəngin ailə ənənələrindən, ailənin milli dəyərlərin yaşadılmasında, cəmiyyətin düzgün idarə olunmasında, xalqın fiziki və mənəvi sağlamlığındakı əhəmiyyətli rolundan danışıb.
Qeyd olunub ki, sabahın ziyalıları olacaq tələbə-gəncləri həm də gələcəyin ailə başçısı, valideyn kimi formalaşdırmaq baxımından ali təhsil müəssisələrinin, burada çalışan professor-müəllim heyətinin üzərinə mühüm vəzifələr düşür.
Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, dosent Kamal Camalov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayev, İstanbul İnkuliziv Araşdırmalar Mərkəzinin mütəxəssisi, defektoloq Mehmet Önemli çıxış edərək ailənin mənəvi əsasları, Azərbaycanda ailə institutu və gender bərabərliyi ilə bağlı qəbul edilmiş hüquqi-normativ sənədlər, erkən nikah və boşanma hallarının aradan qaldırılması yolları, ailə münaqişələrinin səbəbləri, ailə psixologiyası və etikası, ailədə davranış mədəniyyəti, yaşlılara hörmət, Qərb-Şərq ailə dəyərləri arasındakı oxşar və fərqli cəhətlər barədə tələbələrə məlumat veriblər.
Maraqlı diskussiya şəklində davam edən dəyirmi masada tələbələrdən Aytən İsmayılova, Çilənay Qurbanlı, Nurlan Hüseynli və digərləri mövzu ilə əlaqədar fəal şəkildə rəy və münasibət bildiriblər. Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri Kamal Camalov və təşkilatın sədr müavini, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov, eləcə də universitet müəllimləri tələbələri maraqlandıran sualları cavablandırıblar.
Mehriban Sultan