23 Dekabr 2024, Bazar ertəsi

Alman Akademik Mübadilə Xidməti (DAAD) Bakı Məlumat Mərkəzinin direktoru xanım Stefanie Dufaux və təşkilatda dil assistenti vəzifəsində çalışan xanım Kristina Nefger Naxçıvan Dövlət Universitetində olublar. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali məktəbin strukturu, buradakı kadr hazırlığı barədə qonaqlara ətraflı məlumat verib. Qeyd olunub ki, bu ali məktəb dünyanın 12 ölkəsinin 80-dən çox tanınmış universiteti ilə əməkdaşlıq edir, bir sıra beynəlxalq layihələrdə uğurla təmsil olunur. Tələbə mobilliyinin inkişafı nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini Türkiyə, Rusiya, Gürcüstan, Cənubi Koreya, Rumıniya, Çexiya kimi ölkələrin ali məktəblərində davam etdirirlər.
Rektor təşkilatın Bakı Məlumat Mərkəzinin əvvəlki rəhbəri xanım Nikola Ullişin universitetdə olub bakalavr və magistrantlar arasında Almaniyada yay dil kurslarında iştirak etmək üçün onlayn imtahanların təşkilində iştirak etdiyini, DAAD-ın Naxçıvan Dövlət Universitetində “Almaniyanın tarixi, coğrafiyası, ədəbiyyatı və mədəniyyəti” mövzusunda təlim kursunu reallaşdırdığını xatırladıb. O, Naxçıvan Dövlət Universitetində rus, ingilis, fransız, alman dillərinin, habelə Şərq dillərinin tədrisinin keyfiyyətindən, bunun üçün ali məktəbdə yetərli elmi kadr potensialı olmasından danışaraq müxtəlif dillərin tədrisinin məhz həmin xalqın mənsub olduğu ölkədə həyata keçirilməsinin, xarici mütəxəssislərin universitetə tədrisə cəlb olunmasının əhəmiyyətini vurğulayıb.

DAAD-ın Bakı Məlumat Mərkəzinin direktoru Stefanie Dufaux təşkilat haqqında ətraflı məlumat verərək bildirib ki, 90 yaşlı bu təşkilat, təxminən, 300 alman ali məktəbinin birgə qurumu və beynəlxalq əməkdaşlıq sahəsində ən böyük maliyyələşdirici qeyri-dövlət təşkilatıdır. O, həmin universitetləri xarici ölkələrdə təmsil edir. DAAD-ın əsas məqsədi Almaniya ilə tərəfdaş ölkələr arasında akademik münasibətlərin inkişafı, xüsusən elmin inkişafına yardım, alman təhsil sisteminin, ümumiyyətlə, akademik təcrübənin ölkə hüdudlarından kənarda yayılmasıdır.
Qonaqlar universiteti gəzərək İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində quraşdırılan server avadanlıqları, elektron mühafizə və müşahidə sistemləri ilə maraqlanıblar. Media mərkəzində Universitet tele­viziyası və “Nuhçıxan” radiosunun verilişlərinin Naxçıvan şəhərində rəqəmsal formatda yayımlanması barədə məlumat verilib, universitetdə elektron sənəd dövriyyəsi prosesinin həyata keçirilməsi ilə tanışlıq olub.

Mehriban Sultan

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR