Naxçıvan Dövlət Universitetində “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsinin yekunu müzakirə olunub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, 2014-cü ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərindən biri olan təhsil müəssisələrinin reytinq sisteminin yaradılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yüzdən artıq hökumət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə “İctimai təşəbbüslərə dəstək” müsabiqəsi təşkil etmişdi. Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı (AKTAM) “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsi ilə müsabiqənin qalibi olaraq layihəni həyata keçirmək üçün dövlət sifarişi almışdı. Layihəyə əsasən, ilk dəfə Azərbaycan Respublikasının 30 ali məktəbinin çoxkriteriyalı, beynəlxalq standartlara uyğun reytinq cədvəli hazırlanmış, ali məktəblərin fəaliyyəti müqayisəli qiymətləndirilərək ölkə ictimaiyyətinə çatdırılmışdır. Tədqiqat nəticəsində Naxçıvan Dövlət Universiteti reytinq cədvəlində birinci yeri tutmuş, Naxçıvan Müəllimlər İnstitutu isə ilk onluqda yer almışdır. Rektor vurğulayıb ki, bu uğur Azərbaycanda, o cümlədən Naxçıvanda elm və təhsilin inkişafına, ali təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, kadr hazırlığına göstərilən hərtərəfli dövlət qayğısı nəticəsində qazanılıb.
“Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsinin rəhbəri, AKTAM Təşkilatının sədri Natiq Əhmədov çıxış edərək bildirib ki, bu layihədə beynəlxalq səviyyədə qəbul olunmuş metodikaya əsasən, respublikanın ali məktəblərində tədrisin keyfiyyətini qiymətləndirmək məqsədilə çoxistiqamətli tədqiqatlar aparılıb, ali məktəblərin milli reytinq cədvəli beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanıb. Reytinq tədqiqatları 20 dövlət, 12 qeyri-dövlət ali təhsil müəssisələri və Azərbaycan Müəllimlər İnstitutunun 11 filialı arasında aparılıb, hazırlanan forma qiymətləndirilmək üçün 17 nazirlik və komitəyə, özəl müəssisələrə göndərilib. Ali məktəblərin reytinq tədqiqatları keyfiyyət göstəriciləri bir-birindən asılı olmayan 3 müstəqil kateqoriyaya əsasən aparılıb. Naxçıvan Dövlət Universiteti bu kateqoriyalar üzrə 799 balla birincilik əldə edib. Naxçıvan Dövlət Universiteti və ilk beşliyə daxil olan digər ali məktəblər beynəlxalq regional reytinq tədqiqatlarında iştirak etmək hüququ qazanıblar. Layihəyə əsasən, iki ildən bir aparılacaq tədqiqatlar ölkənin ali təhsil müəssisələri arasında sağlam rəqabətin formalaşmasına, tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına, ali təhsil sistemində mövcud olan nöqsanların üzə çıxarılaraq aradan qaldırılmasına xidmət edəcək.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli çıxışında regionda fəaliyyət göstərən ali məktəbin reytinqdə birinci olmasını, rəhbərlik etdiyi ali təhsil ocağının isə ilk onluqda yer almasını mühüm hadisə kimi qiymətləndirib.
Mehriban Sultan