“Naxçıvan” Universitetində 2014-2015-ci tədris ilində yerinə yetirilmiş Tələbə Elmi Cəmiyyəti tədqiqat işlərinin yekunlarına həsr edilmiş konfrans keçirilib.
Konfransı universitetin rektoru, professor İsmayıl Əliyev açaraq Tələbə Elmi Cəmiyyətinin tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmasına, elmi axtarışlar aparmaq vərdişləri əldə etmələrinə şərait yaradan bir qurum olduğunu vurğulayıb. Bildirilib ki, ali məktəblərdə tələbələrin elmi-tədqiqat işlərinin təşkilini və əlaqələndirilməsini Tələbə Elmi cəmiyyətləri yerinə yetirir.
Konfransda ali təhsil ocağının tələbələrindən Müseyib Bayramovun “Biləv Su Elektrik Stansiyasının inşasının Gilançay hövzəsinin ekoloji mühitinə təsiri”, Zülfiyyə Novruzovanın “Naxçıvan” Universiteti gənc inkişaf etmiş universitetlərlə müqayisədə”, İsmayıl Salahlının “Beynəlxalq uçot sistemində mühasibat uçotunun nəzəri-metodoloji əsasları” mövzularında çıxışları dinlənilib.
Plenar iclas öz işini “Pedaqogika və psixologiya”, “Azərbaycan dili və ədəbiyyat”, “İqtisadiyyat”, “Ümumi tarix”, “Təbiət elmləri”, “İdarəetmə”, “Xarici dillər”, “Riyaziyyat və informatika” bölmələri üzrə davam etdirib.
Nuray ƏSGƏROVA