23 Dekabr 2024, Bazar ertəsi

“Naxçıvan” Universitetində “Ana dilimizin aktual problemləri” mövzusunda elmi konfrans keçirilib. Konfransı ali təhsil ocağının tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq keçirilən tədbirin məqsəd və mahiyyətindən danışıb.
Konfransda Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri professor Sədaqət Həsənovanın “Azərbaycan dilçiliyinin dialektologiya ilə bağlı problemləri”, Mədəd Səfər­ovun “Doğma dilimiz milli dəyərlərimizin özülüdür”, dosent Qənirə Əsgərovanın “Dilimizin orfoqrafik problemləri” və Nicat Yaqubovun “Azərbaycan ədəbi dilinin qorunmasında telekanalların rolu və televiziya aparıcılarının dili” mövzularında çıxışları olub. Çıxışlarda dilimizin aktual problemlərindən bəhs edilib. Bildirilib ki, Azərbaycan dilinin tətbiqində yanlışlıqlar, əcnəbi dillərə üstünlük verilməsi kimi zərərli vərdişlər davam etməkdədir. Bəzi hallarda elmi konfranslarda, mədəni-kütləvi tədbirlərdə, kütləvi informasiya vasitələrində, eləcə də elmi məqalələrdə Azərbaycan dilinin üslub və qrammatik qaydalarına riayət olunmadığının şahidi oluruq.

Vurğulanıb ki, ana dili bizim milli sərvətimizdir. Dövlət dilinin qorunması dövlət sərhədinin qorunması qədər vacib məsələdir və ümummilli vəzifə kimi dərk olunmalıdır. Ana dili bizim mənəvi kimliyimiz və ən böyük milli dəyərlərimizdən biridir. Bəzilərinin öz ana dilini mükəmməl bilməmələri adamda həm ikrah, həm də təəssüf hissi doğurur. Çünki doğma ana dilini mükəmməl bilmək, bu dildə qrammatik qaydalara tam uyğun yazmaq və danışmaq hər kəsin vətəndaşlıq borcudur. Hər bir insan kimliyindən, hansı vəzifəni daşımasından asılı olmayaraq, ana dilini mükəmməl bilməlidir, onun qanun-qaydalarına riayət etməyə borcludur. Unutmayaq ki, dilimizin qorunması ilə bağlı yalnız dövlətin gördüyü işlərlə kifayətlənmək olmaz. Bu vəzifəni hər bir vətəndaş yerinə yetirməlidir.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı slayda baxıblar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR