23 Dekabr 2024, Bazar ertəsi

Müəllim, məktəb, cəmiyyət. Bu üç məfhumu bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Dünən də, bu gün də müəllim başlıca sima olub, məktəb cəhalət dərdinin dərmanı funksiyasını yerinə yetirib. O ölkələrdə müəllim əməyi qiymətləndirilirsə, təhsilin inkişafına qayğı göstərilirsə, orada inkişaf və tərəqqi vardır. Bu gün qürur hissi ilə deyə bilərik ki, ölkə­mizdə, eləcə də muxtar respublikamızda təhsilin inkişafı üstün istiqamət verilən başlıca sahələrdən biridir. “Ziyalı sözü” rubrikasında bu mövzu ilə bağlı suallarımızı Şərur rayonunun Aşağı Yaycı kənd tam orta məktəbinin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova cavablandırır.

– İnkişaf etmiş ölkələrdə həyatın hər sahəsində qazanılan nailiyyət və uğur həmin ölkənin təhsilinin hansı səviyyədə qurulması ilə bağlıdır. Bu baxımdan ölkəmizdə təhsil sahəsinin inkişafını necə xarakterizə etmək olar?

– Bu gün biz təhsilin keyfiyyətinin inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılması üçün görülən işlər və qazanılan uğurlarımızla, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirakımızla haqlı olaraq fəxr edirik. Bütün bunlar, şübhəsiz ki, ulu öndərimizin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar sayəsində mümkün olmuşdur.

“Təhsil haqqında”Azərbaycan Respublikası Qanununun qəbul olunması, təhsil sistemində islahatların yeni müstəvidə aparılması, mütərəqqi texnologiyaların tətbiqi, müəllimlərin əməkhaqlarının müntəzəm olaraq artırılması, onların pedaqoji biliyinin yüksəldilməsi üçün həyata keçirilən tədbirlər bu sahənin inkişaf etmiş dünya ölkələrinin səviyyəsinə yüksəlməsinə imkan vermişdir. Son illərdə təhsilin inkişafına xidmət edən fərman və sərəncamların imzalanması, dövlət proqramlarının təsdiq edilməsi və həyata keçirilməsi ölkə rəhbərinin bu sahəyə böyük həssaslıqla, diqqətlə yanaşdığının əyani ifadəsidir.

– Muxtar respublikamızda təhsil sahəsi böyük diqqət və qayğı ilə əhatə olunmuşdur. Yeni məktəb binalarının tikintisi xüsusilə diqqəti çəkir. Müasir texnologiyalardan istifadə etmək baxımından muxtar respublikanın təhsil sistemi digər regionlara örnək kimi göstərilir. Bu barədə nə deyə bilərsiniz?

– Muxtar respublikamızda bu istiqamətdə görülən işlər, həyata keçirilən təqdirəlayiq tədbirlər hər birimizi sevindirir. Təhsil müəssisələri üçün müasir tələblər səviyyəsində inşa olunan binalar bu sahənin inkişafına yeni üfüqlər açır. Sevindiricidir ki, məktəb tikintisi təkcə Naxçıvan şəhəri və ya rayon mərkəzlərini deyil, ən ucqar dağ və sərhəd kənd­lərini də əhatə edir. Bu da gələcəyimizə davamlı qayğının ifadəsidir ki, məktəblərin hər birində müasir texniki avadanlıqların quraşdırılması, kitabxanalar, idman zalları, fənn kabinələri, laboratoriyalar yaradılması, kompüter dəstlərinin, elektron lövhələrin müəllim və şagirdlərin ixtiyarına verilməsi tədrisin səviyyəsinin yüksəldilməsinə müsbət təsirini göstərir. Təbii ki, yaradılan belə şərait və göstərilən dövlət qayğısı biz müəllimlərdən böyük məsuliyyət tələb edir. Yaxşı hal kimi onu da demək lazımdır ki, Naxçıvanda çalışan çoxsaylı müəllim kollektivləri bu həqiqəti dərindən dərk edirlər. Ona görə də müəllimlər bugünkü şagirdlərin savadlı və vətənpərvər yetişməsi üçün səy və bacarıqlarını əsirgəmirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Müəllimlər gələcəyimiz olan gənclərin təhsil almasında, tərbiyə olunmasında xüsusi rol oynayır. Gələcəyimizin təməli müəllimlər tərəfindən qoyulur. Bu təməl nə qədər möhkəm qoyulsa, gələcəyimiz bir o qədər möhkəm qurulacaq, uğurlu olacaqdır. Müəllimlərimiz bütün vasitələrdən istifadə edərək gələcəyimizin təməlinin möhkəm qoyulması üçün çalışmalıdırlar”.

– Yeganə xanım, söz müəllimlikdən düşmüşkən bir az da bu müqəddəs peşənin gələcəyimizin qurulmasındakı rolundan danışaq. Neçə illərdir, ömrünüzü bu şərəfli peşəyə, gənc nəslin təlim-tərbiyəsinə həsr etmisiniz. Sizcə, cəmiyyətin inkişafında müəllim necə rol oynayır və o, hansı keyfiyyətləri ilə seçilməli, örnək olmalıdır?

– Xalqımız hər zaman müəllimə ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi baxmış, bu sənət sahiblərinə böyük hörmət və yüksək ehtiram göstərmişdir. Tutduğu vəzifəsindən asılı olmayaraq, hər bir insan cəmiyyətdəki mövqeyinə, şəxsiyyət kimi formalaşmasına, qazandığı biliklərə görə özünü məhz müəllimlərinə borclu sayır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, – deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirmiş, diqqət və qayğısını onlardan əsirgəməmişdir. Çünki onlar insanı kamillik zirvəsinə qaldırmaq kimi böyük bir vəzifəni – gənclərin təhsili, təlim-tərbiyəsi, cəmiyyət və dövlət üçün yararlı vətəndaş kimi yetişdirilməsi missiyasını yerinə yetirirlər. Ona görə də əsl müəllim bilik və bacarığını dövlətin və xalqın sabahı naminə ərməğan etməyi, şagirdlərin vətənpərvər, intellektli gənc­lər kimi formalaşması üçün səylə çalışmağı özünün vətəndaşlıq borcu sayan müəllimdir. Müdriklərin belə bir sözü yadıma düşür: “Hər bir millətin mədəni tərəqqisi təhsillə, təhsilin tərəqqisi isə müəllimlərlə bağlıdır”. Bu baxımdan yanaşaraq qeyd etməliyəm ki, orta məktəb təkcə bilik, savad verməməlidir. Əvvəldə də dediyim kimi, məktəb, müəllim qarşısında duran ən böyük vəzifə əsl vətəndaş tərbiyə etməkdir. Əsl müəllim həmişə əsl insan, yaxşı şagird yetişdirməyə çalışır. Aqillər deyiblər ki, uşaq beyni ağ vərəqə bənzəyir. Oraya nə yazılsa, əbədi qalar. Demək sağlam fikirli, aydın düşüncəli, cəmiyyət üçün gərəkli övladlar böyütmək üçün o ağ vərəqə xeyirxahlıq, vətənpərvərlik, saflıq, səmimiyyət bildirən hisləri hopdurmalıyıq. Bu gün təmiz beyinlərə elə toxum səpməliyik ki, sabah özümüz utanmayaq. Bütün bunları öyrənmək üçün bir məkan – məktəb, öyrətmək üçün isə bir insan var – müəllim. Çünki müəllim tərbiyə verən, öyrədən, eyni zamanda öyrənəndir. Bu da bir həqiqətdir ki, təhsilin hərtərəfli yüksəlişində, təlim-tərbiyə prоsesində qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsində təkcə məktəbin, təhsil ocağında çalışan pedaqоji heyətin əməyi kifayət deyil. Uşaqların gələcəyin savadlı mütəxəssisi, layiqli vətəndaşı kimi fоrmalaşması üçün bütün cəmiyyət maraqlı оlmalıdır, xüsusən də məktəblə ailənin birgə fəaliyyəti təmin edilməlidir. “Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır”, – deyən dahi rəhbərimizin müdrik tövsiyəsi belədir ki, əsl pedaqoq оlmaq, şagirdlərə hərtərəfli bilik vermək, оnları nəcib mənəvi amallara sədaqət ruhunda yetişdirmək üçün müəllimin özü bu yüksək keyfiyyətləri dərindən mənimsəməli, yetirmələrinə nümunə оlmalıdır. Belə müəllimlərimiz çoxdur və onların əməyi ölkəmizdə, o cümlədən muxtar respublikamızda hər zaman yüksək qiymətləndirilir, öz fəaliyyəti ilə nümunə olan müəllimlər fəxri adlarla, orden və medallarla təltif olunurlar.

– Təbii ki, sadaladığınız keyfiyyətlərdə müəllimlərin olması, yaradılan şərait, əldə edilən uğurlar muxtar respublikamızda təhsilin gələcək inkişafına daha nikbin baxmağa imkan verir.

– Muxtar respublikada təhsilin inkişafını bütün istiqamətləri ilə xarakterizə etmək üçün 20 il bundan əvvəli yadımıza salaq. İlk növbədə məktəb tikintisindən başlayaq. Statistik göstəricilərə nəzər salsaq görərik ki, son 20 il ərzində muxtar respublikada 40 min 182 şagird yerlik 129 ümumtəhsil məktəbi tikilmiş, 34 min 24 şagird yerlik 52 ümumtəhsil məktəbi, eləcə də 19 məktəbəqədər təhsil müəssisəsi, 23 uşaq musiqi və bədii sənətkarlıq məktəbi və 3 orta ixtisas təhsili müəssisəsi yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur.Təhsil ocaqlarının müasir informasiya texnologiyaları, kompüter və elektron lövhələrlə təmin edilməsinə ciddi önəm verilmiş, ucqar dağ və sərhəd kənd­ləri belə, müasir texniki-təlim vasitələri ilə təchiz edilmişdir. Bunlar heç də kiçik rəqəmlər deyil. Təhsil sahəsinə diqqət və qayğı bu sahənin keyfiyyət göstəricilərinə də öz müsbət təsirini göstərməkdədir. Ali məktəblərə qəbul imtahanlarında 500-700 intervalında yüksək bal toplayanların sayı ildən-ilə daha da artır. Bundan başqa, Ali Məclis Sədrinin hər il yüksək bal toplayan gənclərlə ənənəvi hal alan görüşü də bu uğurlara bir stimul olub. Sevinirik ki, təhsilə göstərilən qаyğı gənclərimizin хаrici ölkələrdə təhsil аlmаlаrınа dа gеniş imkаnlаr аçıb. Artıq bizim gənclərin səsi dünyаnın inkişаf еtmiş ölkələrinin univеrsitеtlərindən gəlir.
Bu gün muxtar respublikamızda ənənəvi təhsil müəssisələri, metodları tamamilə yeniləşmə prosesindədir. Elə distant təhsil sistemini götürək. Bu təhsil sistemi müxtəlif məsafələrdə olan təhsil müəssisələri arasında informasiya mübadiləsinin operativ və səmərəli təşkilinə imkan vermişdir. Şagirdlər videobağlantı vasitəsilə keçilən dərsləri dinləmək və müəllimlərlə birbaşa əlaqə saxlamaq imkanına malikdirlər. Bunun nəticəsidir ki, bu gün Ordubad rayonunun ucqar dağ kəndi Nürgütdə, Bistdə, Şahbuz rayonunun Gömür, Biçənək, Şərur rayonunun Axura, Şahbulaq, Culfa rayonunun Şurud, Ləkətağ məktəblərinin şagirdləri oxuduqları sinifdə oturub Naxçıvan şəhərində fəaliyyət göstərən muzeylərlə tanış olmaq, belə mədəniyyət müəssisələrində təşkil edilən tədbirlərdə, açıq dərslərdə, bir növ, iştirak etmək imkanı qazanmışlar. Blokada şəraitində yaşayan bir diyarda bu sistemin tətbiqi heç də asan məsələ deyil. İkinci bir yenilik də ondan ibarətdir ki, tədris prosesində interaktiv lövhənin imkanları genişləndirilmişdir. Bu lövhələr elektron dərsliklərdən və digər multimedia tədris avadanlıqlarından istifadəyə şərait yaratmışdır. Bu da şagirdlərin daha çox biliklərə yiyələnməsi və dünyagörüşlərinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Muxtar respublikada məhdud fiziki imkanlı uşaqların təhsilə cəlbi istiqamətində görülən işlər, qəbul edilən dövlət proqramı bu qəbildən olan insanlar üçün bir həyat işığıdır. Belə uşaqlar arasında qabiliyyətli, savadlı uşaqlar, mən deyərdim ki, heç də az deyil. Təbii ki, sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasının gücləndirilməsi və onların cəmiyyətə inteqrasiyasında distant təhsilin mühüm rolu var. Bu günlərdə digər bir təhsil müəssisəsinin yaradılması da ürəyimizcə oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı sərəncamla fəaliyyətə başlayacaq Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey bu fənlərə maraq göstərən şagirdlərin gələcəkdə savadlı mütəxəssis kimi yetişməsində mühüm əhəmiyyət kəsb edəcək, dəqiq elmlərə marağı daha da artıracaqdır. Bütün bunlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin ənənələrinə, milli-mənəvi dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək. Çünki müasir həyat daha çox bilik və təcrübə tələb edir. Ona görə də arzu edirəm ki, gənclərimiz təhsil almaqla yanaşı, həm də seçdikləri sahə üzrə yaxşı mütəxəssis kimi yetişib, ölkə­mizin rifahı üçün çalışaraq müstəqil dövlətimizə layiq vətəndaş olsunlar.

– Sonda belə bir sual vermək istərdim. Siz həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatısınız, ictimai işlərdə fəalsınız. Bu gün qadınların ictimai-siyasi həyatda fəallığını necə dəyərləndirərdiniz?

– Bu gün Azərbaycan qadını tək ailə ocağının deyil, həm də cəmiyyətin ağırlıqlarını çiynində daşıyan qadındır. Ömrü boyu qadına böyük hörmət, dərin ehtiram bəsləyən ümummilli liderimiz Heydər Əliyev cəmiyyətdə qadının rolunun artmasına daim diqqətlə yanaşmışdır. Hər zaman qadına, anaya böyük ehtiram göstərmiş, onların əməyinə yüksək qiymət vermiş ulu öndərimizin dövlət qadın siyasəti haqqında imzaladığı fərmanlar bizim üçün geniş imkanlar açıb. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda dövlət qadın siyasəti uğurla həyata keçirilir, qadın hüquqları qorunur, onların problemlərinin həlli istiqamətində dövlət səviyyəsində addımlar atılır, qadınlarımız yüksək vəzifələrə irəli çəkilirlər. Təbii ki, bu qayğı bir ana, bir qadın, ziyalı kimi məni də çox sevindirir. Azərbaycan qadını ona layiq olduğu dəyəri verdiyi üçün dövlətimizə həmişə minnətdar olacaq.

Müsahibəni apardı
 Məhəbbət Mirzəyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR