Dünən memorandum imzalanmazdan əvvəl çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müqavilənin Naxçıvan Dövlət Universiteti ilə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında əlaqələrin möhkəmlənməsinə əlverişli şərait yaradacağını və elmi layihələrin həyata keçirilməsinə təkan verəcəyini bildirib.
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, aqrar elmlər doktoru, professor Əlövsət Quliyev qeyd edib ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutu aqrokimyəvi tədqiqatlar apararaq son nəticələrin tətbiqini istehsalata yönəldir. Bu nəticələr kənd təsərrüfatının müxtəlif sahələrində şoranlaşmaya və irriqasiya eroziyasına qarşı mübarizə yollarına, torpaqda münbitliyin bərpasına, gübrənin norma əsasında verilməsinə, nəticə etibarilə, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının alınmasına xidmət edir.
Bu gün AMEA-nın “elm-təhsil-istehsalat” və ya “təhsil-elm-istehsalat” prinsipinə əsaslanaraq fəaliyyətini qurması ölkənin ərzaq ehtiyatının artırılmasına köməklik göstərir. Bizim məqsədimiz Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq edib, yüksək dərəcəli elmi kadrların tədrisə cəlb olunmasına, magistrantların AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun bazasından yararlanmağa şərait yaratmaqdır.
Sonra Naxçıvan Dövlət Universiteti və AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında kadr hazırlığı, elmi-tədqiqat və istehsalatın elmi əsaslarla təşkili sahəsində ümumi maraqlara əsaslanaraq əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Qeyd edək ki, imzalanmış memorandumda torpaqşünaslıq, aqrokimya və ekologiya elmlərinin qarşılıqlı maraqdoğuran sahələrində və innovasiya istiqamətlərində elmi kadr hazırlığı sahəsində birgə iştirak, Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyətinin, elmi işçilərin, magistrant və doktorantlarının AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun müvafiq şöbələrində, elmi-tədqiqat laboratoriyalarında ixtisasartırma, elmi-tədqiqat, çöl təcrübələrinin və staj keçmələrinin təşkili, birgə elmi simpozium, seminar və konfransların keçirilməsi, beynəlxalq və yerli layihələrdə birgə iştirak və sair məsələlər öz əksini tapıb.
Mina QASIMOVA