Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında “Nuh yurdu” intellektual oyununun Ordubad rayon birinciliyi keçirilib.
Tədbiri Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Əbülfəz Əliyev açıb.
Sonra Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədov çıxış edərək intellektual oyunun keçirilməsinin məqsədindən danışıb.
İntellektual oyunun keçirilməsində məqsəd Azərbaycanın, o cümlədən Naxçıvanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, yeniyetmələrin intellektual səviyyələrini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtın səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir. İntellektual oyunda 8 komanda iştirak edib. İki mərhələ və final qarşılaşmasından ibarət olan oyunun nəticəsinə əsasən, birinci yerə Əndəmic kənd tam orta məktəbinin “Dərya” komandası layiq görülüb. Digər iki pillədə Nüsnüs kənd tam orta məktəbinin “Qütb ulduzu” və Ordubad şəhər 3 nömrəli tam orta məktəbin “Olimp” komandaları qərarlaşıblar.
Qaliblər təşkilatçılar tərəfindən diplom, fəxri fərman, kubok və hədiyyələrlə mükafatlandırılıblar.
Ceyhun Məmmədov