23 Dekabr 2024, Bazar ertəsi

Müstəqillik əldə etdikdən sonra inkişaf istiqamətləri müəyyənləşdirilən ölkəmizdə iqtisadiyyatın, sənayenin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafına ciddi diqqət yetirilməklə yanaşı, təhsilə də böyük qayğı ilə yanaşılır. Həyata keçirilən təhsil islahatları günümüzün aktual məsələlərindən olmaqla yeni pedaqoji və metodik ədəbiyyatların yaranmasını da şərtləndirməkdədir. Son illər bu sahədə alimlər tərəfindən elmi-metodik vəsaitlər, dərsliklər yazılmışdır və yazılmaqdadır.

Bu günlərdə çapdan çıxan və pedaqoji ictimaiyyət tərəfindən rəğbətlə qarşılanan “Didaktika” adlı dərs vəsaitini də müasir təhsil islahatının tələbləri baxımından uğurlu nəşr hesab etmək olar.
Professor Fərahim Sadıqovun və Əməkdar elm xadimi, professor Oruc Həsənlinin birgə ərsəyə gətirdikləri “Didaktika” adlı dərslik təlim və tərbiyənin mahiyyətinə uyğun olaraq, üç bölmə üzrə tərtib olunmuşdur. Birinci bölmədə “Pedaqoji elmin nəzəri metodoloji məsələləri”, ikinci bölmədə “Şəxsiyyətin formalaşdırılması məsələləri”, üçüncü bölmədə isə “Təlim və təhsilin ümumi məsələləri” elmi-nəzəri cəhətdən müasir baxışlara uyğun işlənmiş, təlim və tərbiyənin təcrübi istiqamətləri təqdim olunmuş təhlillərlə əsaslandırılmışdır.

Dərs vəsaitinin birinci fəslində pedaqoji elmin ümumi məsələlərindən bəhs olunur. Burada pedaqoji elmin meydana gəlməsi, təşəkkülü və inkişafı, pedaqoji elmin kateqoriyaları ətraflı təhlil olunmuş, didaktikanın pedaqoji elmin başlıca kateqoriyalarından biri olduğu göstərilmişdir.
İkinci fəsildə isə “Şəxsiyyətin formalaşması” ümumi problem kimi qarşıya qoyulmuşdur. Şəxsiyyət anlayışı, şəxsiyyətin formalaşmasında irsiyyətin rolu, irsi və mühit amillərinin nəzərə alınması, şəxsiyyətin formalaşmasında tərbiyənin rolu kimi problemlərə ciddi münasibət bildirilmişdir.
Müəlliflər dərs vəsaitinin üçüncü fəslini, adında da öz əksini tapdığı kimi, “Didaktika” adlandırmışlar. Burada təhsilin məzmunu, fasiləsiz təhsil sistemi və onun prinsipləri, təlimin təşkili formaları, tədris ilinin strukturu və tədris yükü, tədris fənlərinin məzmunu, ibtidai təhsilin əhəmiyyəti, əsas təhsilin tədris və tərbiyə əhəmiyyəti, təlim prosesinə müəllimin nəzarəti, təlim materiallarının öyrənilməsinin pedaqoji-psixoloji əsasları, təlimin prinsipləri, mərhələləri, üsulları və vasitələri, interaktiv təlim üsullarından istifadə, pedaqoji texnologiyalar, distant təhsil və digər pedaqoji forma və metodlardan ətraflı bəhs edilir.
“Didaktika” adı ilə təqdim olu­nan bu kitab pedaqoji elmlər siste­minə daxil olan bir sıra sahələri özündə əks etdirir. Köməkçi tədris vəsaiti kimi hazırlanan dərs vəsaitin­də pedaqoji elmin ümumi-nəzəri-metodoloji məsələləri, pedaqoji elmin başlıca kateqoriyaları, pedaqoji elmlər sistemi, şəxsiyyətin formalaşdırılması problemi və təlim-təhsilin ümumi məsələləri öz əksini tapmışdır.
Müəlliflər qeyd edirlər ki, “istər sovetlər dönəmində, istərsə də müstəqillik dövründə hazırlanan pedaqogika dərslikləri, əsasən, didaktika, tərbiyəşünaslıq və pedaqoji prosesin idarə olunmasından bəhs etmişdir. Təhsil direktivlərinə uyğun olaraq, həmin bölmələrin birincisi, yəni didaktika bölməsi bir semestr ərzində tədris olunur. Lakin “Didaktika” adlı dərs vəsaiti olmadığı üçün pedaqoji təmayüllü fakültələrdə təhsil alan tələbələr “Ümumpedaqogika”, “Məktəb pedaqogikası”, “Ali məktəb pedaqogikası” kimi dərs vəsaitlərindən istifadə etməyə məcbur olurlar. Nəticədə, onlar müqayisə etmək üçün aparıcı ədəbiyyatı müəyyənləşdirməkdə çətinlik çəkirdilər. Bunları nəzərə alaraq, biz ilk dəfə olaraq “Didaktika” adlı müstəqil dərs vəsaitinin hazırlanmasını məqsədəuyğun hesab etdik. Bu mənada hazırkı şəraitdə yetişən nəslin bir şəxsiyyət kimi formalaşmasından, təlim-tərbiyə, təhsil məsələlərindən, habelə məktəbin idarə olunmasından bəhs edən “Didaktika” adlı dərs vəsaitini pedaqoji kadr hazırlığı işi ilə məşğul olanlar üçün ən zəruri mənbələrdən biri hesab etmək olar. Yeni üslubda hazırladığımız bu dərs vəsaiti, əsasən, çoxballı qiymətləndirmə, kredit bal sistemi və transfer üsulu ilə fəaliyyət göstərən ali məktəblərin tələbələri üçün nəzərdə tutulmuşdur”.
Ümidvarıq ki, professor Fərahim Sadıqovun və Əməkdar elm xadimi, professor Oruc Həsənlinin birgə yazdıqları “Didaktika” adlı dərs vəsaiti elmi-pedaqoji ictimaiyyətin diqqət mərkəzində olacaq və ali təhsil müəssisələrində təhsilin inkişafına mühüm töhfələr verəcəkdir.

Həsənəli EYVAZLI
filologiya üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR