Mayın 21-də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İntibahın şəfəqlərilə böyüyürük biz” mövzusunda Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbəqədər müəssisələrin uşaqları arasında müsabiqəyə start verilib.
Müsabiqənin keçirilməsində məqsəd uşaqların Vətənə məhəbbət, milli dəyərlərə bağlılıq ruhunda tərbiyəsinin təbliğini gücləndirmək, uşaqlar arasında intellekt səviyyəsini yüksəltmək, onların malik olduqları bacarığı, istedadı üzə çıxarmaq, məktəbəqədər təhsil müəssisələrində digər uşaqlarla bərabər, sağlamlıq imkanları məhdud uşaqların fiziki və əqli inkişafına, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə və incəsənətin müxtəlif növlərindən istifadə etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə nail olmaq, muxtar respublikanın son 20 ildə keçdiyi intibah yolunu uşaqlara mənimsətməkdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova və Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov çıxış edərək bildiriblər ki, bu gün ölkəmizdə uşaq və yeniyetmələrə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da dövlət uşaq siyasəti uğurla həyata keçirilir, uşaqların sağlam ruhda tərbiyə olunmaları, təhsil almaları üçün hərtərəfli şərait yaradılır. Bu məqsədlə yeni məktəbəqədər tərbiyə müəssisələri tikilərək istifadəyə verilir, onların maddi-texniki bazası möhkəmləndirilir.
Son illərdə muxtar respublikamızda neçə-neçə uşaq bağçası, musiqi və şahmat məktəbləri binalarının inşa olunaraq istifadəyə verilməsi dövlətimizin böyüməkdə olan nəslə göstərdiyi diqqət və qayğısının parlaq ifadəsidir.
Vurğulanıb ki, müsabiqə sağlamlıq imkanları məhdud olan uşaqların da istedad və bacarıqlarının üzə çıxarılmasında, onların gələcəkdə cəmiyyətə inteqrasiya olunmalarında mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biridir.
Sonra müsabiqənin şərtləri haqda məlumat verilib, uşaqlara uğurlar arzulanıb.
Müsabiqənin ilk günündə Naxçıvan şəhərindəki 1, 3, 10, 11, 15 nömrəli uşaq bağçalarının balaca fidanları məharətlərini nümayiş etdiriblər: Naxçıvana həsr olunmuş şeirlər bədii qiraət edilib, kompozisiyalar göstərilib, mahnılar oxunub, rəqslər edilib.
Bu gün müsabiqə 4, 5, 6, 7 və 12 nömrəli uşaq bağçalarının uşaqları arasında keçiriləcək. May ayının 26-da isə müsabiqəyə yekun vurulacaq.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti