23 Dekabr 2024, Bazar ertəsi

“Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır”. Bu fikir Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Naxçıvan tarixi” çox­cildliyinin ikinci cildinin  nəşr olunması ilə əlaqədar keçirilən tədbirdə səsləndirilib. 

Kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova tədbiri giriş sözü ilə açaraq “Naxçıvan tarixi”nin ikinci cildi barədə ümumi məlumat verib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2012-ci il 6 avqust tarixli Sərəncamı ilə hazırlanmasına və nəşrinə başlanılan çoxcildliyin ikinci cildi XVIII əsrin ortalarından başlayaraq XX əsrin otuzuncu illərinin sonunadək olan ikiəsrlik bir dövrü əhatə edir. Kitabda yeni mənbələr, arxiv sənədləri, tədqiqat əsərləri, dövri mətbuat materialları əsasında Naxçıvan xanlığının yaranması, onun xarici dövlətlər və qonşu xanlıqlarla münasibəti, çar Rusiyasının Naxçıvan xanlığını ilhaq etməsi, Naxçıvanın sosial-iqtisadi, ictimai-siyasi həyatı və mədəniyyət tarixi işıqlandırılıb.

Vurğulanıb ki, kitabda Naxçıvanın çar Rusiyası tərəfindən ilhaqından sonra bölgədə yaranmış sosial-siyasi vəziyyət, kapitalist münasibətlərin meydana gəlməsi, XX əsrin əvvəllərində ermənilərin törətdikləri soyqırımlar, Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvanla əlaqələri, ərazinin qorunub saxlanılmasında Araz-Türk Cümhuriyyətinin rolu, əhalinin inadlı mübarizəsi nəticəsində Naxçıvanın muxtariyyət statusu əldə etməsi, Naxçıvan MSSR-in təşkili, XX əsrin 20-30-cu illərinin ictimai-siyasi hadisələri tədqiq və təhlil edilib.
“Naxçıvan xanlığı” mövzusunda çıxış edən kitabxananın Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova tədbir iştirakçılarına Naxçıvan xanlığı barədə məlumat verib.
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Naxçıvan xanlığı I Kalbalı xanın dövründə” mövzusunda məruzə edib. Bildirilib ki, I Kalbalı xan Naxçıvan xanlığını müstəqil idarə etdiyi 1787-1797-ci illərdə onun inkişafına ciddi diqqət yetirib. O, mahir bir süvari qoşun sərkərdəsi olmaqla bərabər, həm də bacarıqlı diplomat idi. Bu illərdə Naxçıvan xanlığı inkişaf dövrünü yaşayıb. Həmin illərdə Naxçıvan xanlığının böyük şəhər və kəndlərində məktəblər açılıb, xanlıq varlı və firavan bir ölkə­yə çevrilib. Xanlıqda əkinçiliyin inkişaf etdirilməsi və meyvə bağlarının salınması əhalidə böyük ruh yüksəkliyi yaradıb. Naxçıvan şəhərinin yaxınlığındakı Duzdağda duz mədənləri fəaliyyətə başlayıb.
Bildirilib ki, rus qafqazşünasları görkəmli sərkərdə və bacarıqlı dövlət başçısı olan I Kalbalı xan haqqında öz əsərlərində dönə-dönə bəhs edərək müəyyən qədər maraqlı, bəzən də ziddiyyətli məlumatlar veriblər. Ziddiyyətli məlumatlara baxmayaraq, oradakı faktlar I Kalbalı xanın xarakterini müəyyən qədər açır.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR