Azərbaycan xalqı öz müstəqilliyinə qovuşduqdan sonra onun sosial-iqtisadi inkişafında xeyli irəliləyişlər baş vermış, respublikamız regionun ən qüdrətli dövlətlərindən birinə çevrilmişdir. Ötən illər ərzində ölkədə siyasi və iqtisadi potensial möhkəmləndirilmiş, elm, təhsil və mədəniyyətin inkişafında bir sıra yeniliklərə imza atılmışdır. Bu dövr ərzində Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvanın da siyasi-iqtisadi inkişafına, onun tarixinin yazılmasına xüsusi diqqət yetirilmişdir.
Ümummilli lider Heydər Əliyev Naxçıvan tarixinin öyrənilməsinin zəruriliyini vurğulayaraq demişdir: “Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsidir, gözəl bir diyarıdır və Azərbaycan ərazisində ən qədim insan məskənlərindən biridir. Naxçıvanın tarixini tarixçilər müxtəlif cür deyirlər. Biri deyir, onun üç min il tarixi var. Biri deyir, onun bizim eradan çox-çox əvvələ aid böyük tarixi var. Bu fərziyyələrin hər birinin əsası var. Sadəcə, bizim tarixçilər, arxeoloqlar gərək bundan sonra Naxçıvanın tarixi haqqında daha da geniş axtarışlar aparsınlar və Naxçıvanın tarixini ətraflı yazıb hazırlasınlar”. Ulu öndərin bu tövsiyələrini əsas tutan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 6 avqust 2012-ci il tarixdə “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə Sərəncam imzalamışdır. “Naxçıvan tarixi” çoxcildliyinin üç cilddə hazırlanması nəzərdə tutulmuşdu. Çoxcildliyin ikinci cildi bu günlərdə işıq üzü görmüşdür. İkinci cild XVIII əsrin ortalarından başlayaraq XX əsrin 30-cu illərinin sonunadək olan böyük bir tarixi dövrü əhatə edir. “Giriş”, beş fəsil, istifadə olunmuş ədəbiyyat siyahısı və illüstrativ materiallardan ibarət olan bu cilddə Naxçıvan tarixinin bu dövrü haqqında bütöv təsəvvür əldə etmək mümkündür. Burada Naxçıvan xanlığının yaranması və fəaliyyəti, Naxçıvanın Rusiya tərəfindən işğalı, XIX və XX əsrlərdə Naxçıvanın sosial-iqtisadi vəziyyəti, XX əsrin 30-cu illərində baş verən hadisələr haqqında mənbə və ədəbiyyat materialları ümumiləşdirilmişdir.
Naxçıvan xanlığı Səfəvilər imperiyasının süqutu dövründə, Çuxursəd bəylərbəyliyi ərazisində, 1747-ci ildə, Kəngərli tayfasının başçısı Heydərqulu xanın özünü xan elan etməsi ilə yaranmışdır. Xanlığın ərazisi Zəngəzur dağlarından Araz çayı vadisinə qədər olan böyük bir ərazini əhatə edirdi. Naxçıvan tarixinə dair müəyyən əsərlər yazılsa da, xanlığın tarixinə aid olan arxiv materialları yetərincə araşdırılmamışdır. Çoxcildliyin ikinci cildinin ikinci fəslində müxtəlif arxiv materiallarından istifadə olunmaqla Naxçıvan xanlığının tarixi haqqında müfəssəl məlumat verilmiş, xanlığın tarixi ilə bağlı bir sıra faktlara işıq tutulmuşdur. Mürəkkəb beynəlxalq vəziyyətdə öz müstəqilliyi uğrunda mübarizə aparan Naxçıvan xanlığı 1797-ci ilədək müstəqil olmuş, sonra isə İrandan asılı vəziyyətə düşmüşdür. Naxçıvan xanlığı Rusiya tərəfindən işğal olunduqdan sonra həmin dövlətdən asılı olmuş və formal olaraq 1840-cı ilədək mövcud olmuşdur. İran, Osmanlı dövləti, Rusiya və Qərbi Avropa dövlətlərinin Qafqaz uğrunda mübarizə apardığı dövrdə Naxçıvan xanlarının, xüsusilə I Kalbalı xanın müstəqillik uğrunda mübarizəsi əsl qəhrəmanlıq nümunəsi idi.
Kitabın birinci fəslində xanlığın dövlət quruluşu, atributları və idarə sistemi ilə bağlı ətraflı məlumat verilmişdir. Naxçıvan xanlığının sosial-iqtisadi həyatı, şəhərləri, memarlığı, epiqrafik abidələri haqqında əsaslı məlumatlar da burada əks olunmuşdur.
Məlum olduğu kimi, XIX əsrin əvvəllərində Rusiya və İranın Qafqaz uğrunda mübarizəsi Rusiya-İran və Rusiya-Türkiyə müharibələrinə, Azərbaycanın parçalanmasına və Naxçıvan xanlığının Rusiya tərəfindən işğalına səbəb olmuşdur. Naxçıvan xanlığının Rusiya tərəfindən işğalı mənbələr əsasında təhlil edilmişdir. Rusiya işğalından sonra Naxçıvan xanlarına müəyyən üstünlüklər verilsə də, inzibati-idarə sistemində yaradılan dəyişikliklər əhalinin narazılığına səbəb olmuşdu. Buna görə də çar hakimiyyəti vəziyyəti sabitləşdirmək üçün müəyyən islahatlar aparmışdır. 1840-cı il 10 aprel qanununun qüvvəyə minməsi ilə Ehsan xan və Şeyxəli bəy öz vəzifələrindən kənarlaşdırılmış, Naxçıvan Gürcü-İmeretiya quberniyasının tərkibinə, 1849-cu ildə isə yeni yaradılan İrəvan quberniyasının tərkibinə daxil edilmişdir. Ümumiyyətlə, Rusiya işğalından sonra yeni idarə üsulu yaradılarkən Azərbaycan, o cümlədən Naxçıvanın tarixi torpaqları parçalanaraq digər quberniya və qəzaların tərkibinə salınmışdı ki, bu da Azərbaycanın ərazi bütövlüyünü kobud şəkildə pozmuşdu.
Araşdırmalar göstərir ki, ilhaqdan sonrakı dövrdə Naxçıvanda vəziyyət ağır olaraq qalırdı. Bu məsələlər II cildin III fəslində araşdırılaraq ümumiləşdirilmişdir. İşğaldan sonra Naxçıvanın əhalisi köçürmələr hesabına xeyli artmışdı ki, bu, Naxçıvanda yaşayan azərbaycanlı əhalinin sosial vəziyyətini xeyli pisləşdirmişdi. Müstəmləkə zülmünün get-gedə ağırlaşması isə əhalinin əksəriyyətini təşkil edən kəndlilərin vəziyyətini daha da ağırlaşdırırdı; buna görə də XIX əsrin 30-cu illərindən etibarən feodal-müstəmləkə zülmünə qarşı etirazlar və çıxışlar başlandı. Belə etirazların bir forması da çar hökumətinə ünvanlanmış ərizələr idi. Ərizələrdə və çar məmurlarının hökumətə verdiyi yazılı məlumatlarda Naxçıvanda yaşayan kəndlilərin dözülməz vəziyyəti öz əksini tapmışdır. Hətta vəziyyət o yerə çatmışdı ki, kəndlilər aclıqdan məhv olmaq təhlükəsi qarşısında qalmışdılar. 1880-ci ildə Cəhri kəndindən göndərilmiş teleqramda təcili yardım göstərilməzsə, əhalinin məhv olacağı göstərilirdi. Feodal-müstəmləkə zülmünə qarşı qrup halında baş verən üsyanlar çar hökumətini bəzən çətin vəziyyətə salırdı. XIX əsrin 70-90-cı illərində Əli Cəfər İbrahim oğlu, Qaçaq Nəbi və Qaçaq Məhəmməd Hüseynin başçılığı ilə üsyanlar olmuşdu.
Çar hökuməti əhalinin istismarını qaydaya salmaq üçün insanları az da olsa, maarifləndirmək məcburiyyətində qalmışdı. Bu isə müəyyən qədər maarifin və mədəniyyətin inkişafına kömək etmişdi. Naxçıvanda ilk qəza məktəbi 1837-ci ildə açılmış və bu məktəbə 20-yə qədər uşaq cəlb olunmuşdu. XIX əsrin 60-cı illərinin islahatlarından sonra Naxçıvanda təhsilin inkişafı ilə dövrün görkəmli pedaqoqları məşğul olmağa başlamışdılar. K.A.Nikitin, Əliməmməd Xəlilov, Mirzə Sadıq Qulubəyov M.T.Sidqi və digərləri də onların arasında idi. M.T.Sidqinin açdığı “Əxtər” məktəbi qısa müddət ərzində böyük şöhrət qazanmışdı. Onun yaratdığı dərsliklərdən Azərbaycanın məşhur ziyalıları bəhrələnmişlər.
XIX əsrin 70-80-ci illərində Avropa, Rusiya və Qafqazda təhsil alan azərbaycanlı ziyalılar elmi fikrin inkişafında müəyyən canlanma yaratmışdılar. Məhəmmədağa Şahtaxtlı, Fərəculla Şeyxov, Cəlil Səfiyev, Cəlil Məmmədquluzadə, Əbülqasım Sultanov belə ziyalılarımızdan idilər. Elmin və təhsilin inkişafı, öz növbəsində, ədəbiyyatın da inkişafına təkan vermiş, ədəbi məclislər yaranmışdı. “Əncüməni-şüəra” və “Məclüsi-üns” belə ədəbi məclislərdən idi.
1883-cü ildə Naxçıvanda teatrın əsası qoyulmuş, incəsənətin, dekorativ-tətbiqi sənətin inkişafında xeyli irəliləyiş olmuşdu. Bu dövrə aid epiqrafik abidələrin tədqiqi Naxçıvanın bir sıra görkəmli ictimai xadimlərinin adını ortaya çıxarmağa imkan vermişdir.
Kitabın dördüncü fəslində Naxçıvanın XX əsrin əvvəllərindəki tarixi araşdırılaraq bu dövrdəki sosial-siyasi vəziyyət, ermənilərin Naxçıvan əhalisinə qarşı törətdikləri qırğınlar, Araz-Türk Cümhuriyyətinin yaranması və Naxçıvan tarixinin digər məsələləri geniş təhlil və izah edilmişdir. Birinci rus inqilabı zamanı əhalini inqilabdan yayındırmaq üçün milli qırğınlara rəvac verən çar hökumətinin siyasəti Azərbaycan əhalisi, xüsusilə Naxçıvan üçün fəlakətli hadisələrlə nəticələnmiş, minlərlə soydaşımız yurd-yuvasından didərgin düşmüş, erməni quldurları tərəfindən öldürülmüşdür. Həmin dövrdə Naxçıvanda demokratik hərəkat, Naxçıvan Milli Komitəsinin silahlı erməni quldurlarına qarşı mübarizəsi, Birinci Dünya müharibəsi illərində Naxçıvanda baş verən hadisələr, Araz-Türk Cümhuriyyətinin yaranması və onun Naxçıvan ərazisinin erməni daşnaklarının əlinə keçməsinə qarşı mübarizəsi geniş şəkildə araşdırılmışdır.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etsə də, yaranmış ziddiyyətli beynəlxalq şərait üzündən Naxçıvan çox çətin vəziyyətdə qalmışdı. Lakin Azərbaycan Xalq Cümhuriyyəti çətinliklərə baxmayaraq, Naxçıvandakı vəziyyəti dəfələrlə müzakirə etmiş və Naxçıvana köməklik göstərmişdi. Bu zaman Naxçıvandakı vəziyyəti idarə etmək və ona nəzarət üçün Naxçıvan general-qubernatorluğu yaradılmışdı. Naxçıvandakı ictimai-siyasi vəziyyətin sabitləşməsində və erməni təcavüzünə qarşı mübarizədə Mirabbas Mirbağırzadə, Bəhram xan Naxçıvanski, Məhəmməd bəy Təkinski və Behbudağa Şahtaxtinskinin böyük rolu olmuşdu.
XX əsrin əvvəllərində Naxçıvanda kəskin sosial-siyasi şəraitin olmasına baxmayaraq, elm, ədəbiyyat və mədəniyyətin inkişafında müəyyən nailiyyətlər əldə olunmuşdu. Bu dövrdə Naxçıvan xalqımıza Məhəmmədağa Şahtaxtlı kimi publisist, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi kimi yazıçılar, Məhəmməd Tağı Sidqi kimi görkəmli maarifçı, Bəhruz Kəngərli kimi rəssam bəxş etmişdi.
Çoxcildliyin ikinci cildinin beşinci fəslində Naxçıvanın 20-30-cu illərdəki tarixi araşdırılmış, bu dövrdə Naxçıvanda baş verən ictimai-siyasi hadisələr, Naxçıvanda Sovet hakimiyyətinin qurulması və onun doğurduğu nəticələr tədqiq edilmişdir. Bu dövrdə Naxçıvanın əldə etdiyi ən böyük nailiyyət muxtariyyət statusunun qazanılması idi. Həmin fəsildə Naxçıvanın XX əsrin 20-30-cu illərindəki tarixi obyektiv şəkildə araşdırılmış, hadisələr milli konsepsiya baxımından dəyərləndirilmişdir. Həmin dövrdə həyata keçirilən birtərəfli sənayeləşmə, kollektivləşmə və siyasi repressiyalar Naxçıvandan da yan keçməmişdir. Naxçıvanın bir çox görkəmli ictimai və siyasi xadimləri, o cümlədən general Cəmşid Naxçıvanski, general Qanbay Vəzirov, şair Əli Səbri, səhnə ustası Kazım Kazımzadə repressiyanın qurbanları olmuşlar.
Fəslin sonunda 20-30-cu illərdə Naxçıvanda mədəni quruculuq, elm, təhsil və mədəniyyət sahələrində əldə edilən nailiyyətlərdən bəhs olunur.
Ümumiyyətlə, çoxcildliyin ikinci cildini Azərbaycan tarixşünaslığına və Naxçıvanşünaslığa böyük töhfə hesab etmək olar.
Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü