23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin ev-muzeyində açıq dərs keçilib. Açıq dərsdə Naxçıvan şəhərindəki 7 və 8 nömrəli tam orta məktəblərin, həmçinin Naxçıvan Qarnizonunun tam orta məktəbinin bir qrup şagirdi iştirak edib. 

Muzeyin əməkdaşı Zemfira Adıgözəlova çıxış edərək bildirib ki, Cəmşid xan Naxçıvanski Azərbaycanın hərb tarixində özünəməxsus yeri olan, iki dəfə haqqında ölüm hökmü çıxarılan və böyük mənəvi sarsıntılara məruz qalan, amma bütün bunların qarşısında sınmayan bir şəxsiyyət idi. Buna görə də Kəngərli tayfasının onlarla görkəmli insanı arasında Cəmşid xan Naxçıvanskinin həyatı və fəaliyyəti maraqlı məqamları ilə seçilir.
General Cəmşid Naxçıvanskinin adı hərb tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Onun keçdiyi ömür yolu bugünkü və gələcək nəsillərə örnəkdir.
Bildirilib ki, Cəmşid Naxçı­vanski Azərbaycan Xalq Cümhuriyyətinin hərbi təşkilatlanma işində yaxından iştirak edib, onun təşəbbüsü ilə bir sıra mühüm addımlar atılıb, xüsusilə silahlanma və təşkilatlanma sahəsində mühüm yeniliklər əldə edilib.

Cəmşid Naxçıvanski sovet hökuməti dövründə müxtəlif kurslara göndərilməsinə, rütbələr almasına, mükafatlandırılmasına baxmayaraq, həm də bir zamanlar Azərbaycan Xalq Cümhuriyyətinin zabiti olmuş hərbçi kimi nəzarətdə idi. Həmin illərdə etdiyi xidmətlərə görə onu çox sorğu-suala çəkirdilər. Ona görə də o, Zaqafqaziya Baş Siyasi İdarəsinin xüsusi şöbəsi tərəfindən 22 fevral 1931-ci ildə Tiflis şəhərində əksinqilabi millətçi təşkilatın üzvü kimi həbs edilib.
Həbsdən azad edildikdən sonra orduda fəaliyyətə başlayan Cəmşid Naxçıvanski az bir müddətdən sonra ailəsi ilə Moskva şəhərinə gedib və M.Frunze adına Hərbi Akademiyaya daxil olub. Kursu bitirdikdən sonra onu akademiyanın əsas fakültəsinin ikinci kursunun rəisi vəzifəsində saxlayıblar.
Cəmşid Naxçıvanski 12 avqust 1938-ci ildə yenidən həbs edilib və cəmi bircə dəfə dindirilib.
Elə həmin dindirilmədən sonra istintaqın bitdiyi ona elan edilib. 12 avqust 1938-ci ildə onun barəsində ittihamnamə hazırlanıb. 26 avqust 1938-ci ildə SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası məhkəmə iclasına başlayıb. Bağlı məhkəmə iclasında Cəmşid Naxçıvanski son söz deməkdən imtina edib. 15 dəqiqədən sonra məhkəmə Cəmşid Naxçıvanski barəsində ölüm hökmü çıxarıb və beləliklə də, məhkəmə öz işini bitmiş hesab edib.
Elə həmin gün Azərbaycanın görkəmli şəxsiyyətlərindən biri olan Cəmşid Naxçıvanski Moskva şəhərində güllələnib.
Azərbaycanın daha bir igid övladı sovet rejiminin qanlı illərinin qurbanı oldu. Amma tarix və xalqımız bu insanları heç vaxt unutmur, xalqımızın mübarizə və əzəmət əzminin qoruyucuları olmuş bu şəxsiy­yətlərin həyatı və fəaliyyəti yaddaşlara həkk olunur. 22 dekabr 1956-cı ildə Cəmşid Naxçıvanskiyə bəraət verilib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 aprel tarixli və “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 aprel 2015-ci il tarixli sərəncamları bu görkəmli şəxsiyyətin, hərb xadiminin həyat və fəaliyyətinin öyrənilməsində növbəti addımdır.
Sonra məktəblilər sərkərdənin ev-muzeyi ilə tanış olublar.
Qeyd edək ki, Cəmşid Naxçı­vanskinin ev-muzeyi 1982-ci ildə yaradılıb. Hazırda muzeydə 6 min eksponat saxlanılır və onlardan 800-ü ekspozisiyada nümayiş etdirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR