Mayın 16-da Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə VII-VIII sinif şagirdləri arasında “rus dili və ədəbiyyatı” fənni üzrə ümumrespublika olimpiadasının Naxçıvan Muxtar Respublikası üzrə zona turu keçirilib. Açılış mərasimində Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin müşaviri Oleq Muraşev, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı rəhbəri Valentin Denisov, Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina iştirak ediblər.
Məktəbin direktoru Ülkər Möhsümova, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Abdulla Əsgərov və Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Hüseyn Məmmədyarov çıxış edərək muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıblar, 3 nömrəli tam orta məktəbin təhsildə qazandıqları uğurlardan bəhs ediblər.
Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin müşaviri Oleq Muraşev Naxçıvanda olmasından məmnunluğunu bildirib, bu diyarın onda xoş təəssüratlar yaratdığını deyib. Rusiya və Azərbaycan dövlətləri arasındakı münasibətlərə toxunan Oleq Muraşev Azərbaycan məktəblərində rus dilinin tədris olunmasını iki ölkə arasında dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirib, keçirilən olimpiadanın qarşılıqlı mədəni inkişafın nümunəsi olduğunu qeyd edib.
“Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı rəhbəri Valentin Denisov, Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina qeyd ediblər ki, olimpiadanın əsas məqsədi görkəmli rus şairi Sergey Yeseninin 120 illik yubileyi ərəfəsində şagirdlərin biliklərini artırmaq və iki ölkə arasındakı ədəbi-mədəni əlaqələrin inkişafına dəstək olmaqdır.
Çıxış edənlər belə tədbirlərin Rusiya və Azərbaycan dövlətlərinin qarşılıqlı əlaqələrinin inkişafında böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb, olimpiada iştirakçılarına uğurlar arzulayıblar.
Tədbirin ədəbi-bədii hissəsində məktəbin şagirdlərinin ifasında Azərbaycan və rus dillərində şeirlər səsləndirilib, hər iki xalqın milli rəqsləri ifa olunub. Sonra olimpiadanın zona turuna start verilib.
Qeyd edək ki, “rus dili və ədəbiyyatı” fənni üzrə VII ümumrespublika olimpiadası Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı Nümayəndəliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir. Olimpiadanın zona turunun nəticələri bir həftə sonra elan ediləcəkdir.
Səbuhi Həsənov