Tələbə Qəbulu üzrə Dövlət Komissiyası may ayının 17-də 2015-2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
Muxtar respublikada Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə keçirilən imtahanlarda 763 abituriyent iştirak edib. İmtahan başlamazdan əvvəl imtahan keçiriləcək məktəbin önündə həyəcanlı görünən abituriyentlər, onların valideynləri ilə görüşüb həmsöhbət olduq. Naxçıvan şəhərindən olan Nubar Quliyeva:
– Naxçıvan Dövlət Texniki Kollecini bitirmişəm. Təhsilimi davam etdirmək istəyirəm. Bir ilə yaxındır ki, imtahan verəcəyim qrup üzrə imtahana hazırlaşıram. Artıq səbirsizliklə gözlədiyim gün gəlib çatıb. Özümə çox güvənirəm.
Həmin gün valideynlər abituriyentlərdən daha həyəcanlı idilər. Kəngərli rayonundan olan valideyn Etiqat Abdullayevin dediklərindən:
– Qızım Mədinə bu gün imtahan verir. Ona mənəvi dəstək olmağa gəlmişik. Əvvəlki illərdə iştirak etdiyi qəbul imtahanlarında uğursuz olub. Amma buna baxmayaraq, həvəsdən düşməyib. Çox həyəcanlıyıq. Ona inanıram. Övladlarına dəstək olmaq üçün burada gözləyənlərə nümunəvi iaşə xidmətinin yaradılmasından çox razıyam və bu şəraiti yaradanlara minnətdarlığımı bildirirəm.
İmtahan başa çatdıqdan sonra imtahanların gedişinə nəzarət edən ümumi imtahan rəhbəri Rəfail Məmmədov bildirdi ki, abituriyentlərin öz bilik və bacarıqlarını göstərmək üçün ayrılan 3 saat ərzində onlar heç bir qayda pozuntusuna yol verməyərək diqqətlərini ancaq test tapşırıqlarına yönəldiblər.
İmtahandan yenicə çıxmış Naxçıvan şəhərindən olan Osman Seyidli ilə həmsöhbət oldum:
– İmtahan zalına daxil olanda bir az həyəcanlı olsam da, suallara cavab verərkən artıq bu həyəcan keçmişdi. Çünki ikinci dəfədir, qəbul imtahanında iştirak edirəm. 2009-cu ildə Naxçıvan Dövlət Universitetinə qəbul olunmuşdum. Ali təhsilimi və hərbi xidməti başa vurduqdan sonra arzuladığım ixtisasda təhsil almağa qərar verdim. Bunun üçün yaxşı hazırlaşmışam. Sualları cavablandırmağım da bir o qədər çətin olmadı. Suallara doğru cavab verdiyimə əminəm. İnanıram ki, yenidən tələbə adı qazanacağam.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə biləcəklər.
Xəbərlər şöbəsi