Naxçıvan Dövlət Universitetində (NDU) “Kənd təsərrüfatının inkişafı: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
Türkiyə Cümhuriyyətindən Ərzurum Atatürk, Qars Qafqaz və İqdır universitetlərinin, Gürcüstandan Şota Rustaveli adına Batumi Dövlət Universitetinin təmsil olunduğu beynəlxalq konfransı giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb. Rektor müasir dövrdə Azərbaycanda aparılan aqrar islahatların uğurlarından, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, ölkəmizdə qəbul edilmiş dövlət proqramlarının icrası və kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması hesabına muxtar respublikada əkinçilik, heyvandarlıq, quşçuluq sahələrində əhəmiyyətli nailiyyətlər əldə edilib. İftixarla demək olar ki, muxtar respublika istehsal etdiyi kənd təsərrüfatı məhsullarının keyfiyyətinə görə istənilən ölkə ilə rəqabətə girə bilər. Rektor kənd təsərrüfatı məhsullarının ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, ekoloji cəhətdən təmiz məhsulların əldə olunması və satışı istiqamətində qarşıda duran vəzifələrdən də söz açaraq keçirilən beynəlxalq konfransın mövcud problemlərə elmi ictimaiyyətin münasibəti baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Sonra AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun “Naxçıvan Muxtar Respublikasında helmintozların qoyunçuluğa vurduğu iqtisadi zərər və onun qarşısının alınması yolları” ilə bağlı elmi məruzəsi dinlənilib.
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı naziri Elşad Əliyev məruzə edərək regionda kənd təsərrüfatının müxtəlif sahələrinin sürətli inkişafı üçün yaradılan əlverişli şəraitdən, əldə olunan nəticələrdən danışıb. Qeyd olunub ki, son illərdə muxtar respublikada ümumi sahəsi 105 min kvadratmetrdən çox olan istixana kompleksləri, ümumi tutumu 12 min 250 ton olan soyuducu anbarlar, tutumu 27 min ton olan uzunmüddətli və 43 min ton olan qısamüddətli taxıl ehtiyatı anbarları, 17 taxıl emalı müəssisəsi, 222 heyvandarlıq, 64 quşçuluq, 94 arıçılıq, 12 balıqçılıq, 68 bağçılıq və üzümçülük təsərrüfatları yaradılıb. Aparılan məqsədyönlü tədbirlər nəticəsində 2014-cü ildə muxtar respublika üzrə 103 min ton taxıl, 41 min 406 ton kartof, 66 min 731 ton tərəvəz, 34 min 339 ton bostan məhsulları, 36 min 196 ton meyvə, 14 min 395 ton üzüm istehsal edilib. Bütövlükdə, 2014-cü ildə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 355 milyon 157 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,1 faiz çoxdur. Muxtar respublikada heyvandarlığın inkişaf etdirilməsinə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, heyvandarlıq məhsullarının intensiv artımına da nail olunub. Belə ki, 1 aprel 2015-ci il tarixə olan məlumata görə, muxtar respublika üzrə iribuynuzlu malların baş sayı 114 min 137, xırdabuynuzlu heyvanların baş sayı isə 701 min olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 1550 baş iribuynuzlu mal, 12 min 792 baş xırdabuynuzlu heyvan artımı müşahidə edilməkdədir.
Konfransın plenar iclasında AMEA Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanovun “Azərbaycanın Xəzər sektorunun üzvi maddələr balansının müasir ekoloji vəziyyəti”, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilovun “Naxçıvanda baytarlığın müasir vəziyyəti” mövzularında məruzələri dinlənilib.
Konfrans “Heyvandarlıq”, “Bitkiçilik və kənd təsərrüfatının iqtisadiyyatı”, “Ekologiya və ətraf mühit”, “Meyvəçilik” üzrə bölmə iclasları ilə işini davam etdirib.
Sonra konfrans iştirakçılarına sertifikatlar təqdim edilib; qonaqlar universitet kampusunu gəzib, müasir texnologiyalarla təchiz olunmuş universitet televiziyasında və digər struktur bölmələrdə olublar. Növbəti gün konfrans iştirakçıları muxtar respublikanın heyvandarlıq komplekslərində və istixanalarda olublar. Təsərrüfatlarla tanışlıq zamanı qonaqlar ət və süd məhsulları istehsalı, heyvan xəstəliklərinə qarşı epizootik tədbirlərin aparılması, əkin sahələrində suvarılma və becərmə işləri ilə də maraqlanıblar.
Mehriban SULTAN