24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına, tədrisin əyaniliyinin və səmərəliliyinin daha da artırılmasına təkan verib.

Ötən il iyulun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində təhsil müəssisələrində tədrisin vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin distant təhsilin muxtar respublikada tətbiqi üçün müvafiq qurumlara müxtəlif tapşırıqlar verməsi, tapşırıqların icrasının diqqət mərkəzində saxlanılması bu sahədə böyük uğurlar qazanılmasına imkan yaradıb. Ötən müddətdə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqənin təşkili məqsədilə mərkəzi server qurulub, ümumtəhsil məktəbləri və muzeylər bu sistemə qoşulub. Həmin sistemdən videokonfransların, müəllim-şagird dialoqunun, mühazirələrin onlayn rejimdə təşkilində, seminarların keçirilməsində istifadə olunur.
Dünən Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın 210 məktəbi ilə Xatirə Muzeyi arasında canlı dərs aparılıb. Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar “Tariximizin Xocalı soyqırımı” mövzusunda keçilən açıq dərsdə muzeyin direktoru Aytən Mikayılova muzey haqda şagirdlərə ətraflı məlumat verərək bildirib ki, muzeydə 400-ə yaxın eksponat nümayiş etdirilir. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərin izləri bu eksponatlarda öz əksini tapıb. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdirilir. Muzeydə eksponatların xalqımızın soyqırımı tarixi üzrə dövrləşdirilərək yerləşdirilməsi bura gələnlərin, xüsusilə gənc nəslin qəhrəmanlıq tariximiz haqqında ətraflı məlumat almasına imkan verir.
Qeyd edilib ki, doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş soyqırımını pisləmək barədə müraciətlər edirlər. Xocalı soyqırımının gü­nahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə soyqırımı və etnik təmizləmə hadisələri baş vermiş tarixi faciələr olub. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Bu tarixi faciənin iştirakçısı olmuş cinayətkar­lar vaxt gələcək, ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlar. Tarix heç nəyi unutmur.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR