Naxçıvan Müəllimlər İnstitutu Dillər və ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Arif Ağalarov 60-dan çox elmi məqalə və tezisin, “Terminlərin linqvistik təhlili”, “Azərbaycan dilində çalışmalar”, “Azərbaycan dilində qeyri-məhsuldar şəkilçilər” adlı monoqrafiyaların, 5 fənn proqramının müəllifi, “Şairə məktub”, “Sözün Əlincə qalası: Xanəli Kərimli” kitablarının tərtibçisidir.
Müntəzəm olaraq dövri mətbuatda öz araşdırmaları ilə çıxış edən Arif Ağalarov üçün 2014-cü il daha uğurlu illərdən biri sayıla bilər. Belə ki, ötən il onun “Çağdaş poeziyamıza baxış bucağı” adlı kitabı, “Qeyri-məhsuldar şəkilçi morfemlərin tədqiqi” adlı metodik vəsaiti, həmçinin S.Həsənova və F.Cəfərova ilə birlikdə tərtib etdikləri “Ana dilindən praktik məşğələ” adlı dərs vəsaiti işıq üzü görüb.
“Çağdaş poeziyamıza baxış bucağı” kitabına şair və yazıçılarımızın yaradıcılığından bəhs edən və müxtəlif mətbuat orqanlarında dərc olunmuş yazılar, resenziyalar və bir hekayə daxil edilib. Müəllif bu yazılarda qədim Naxçıvan torpağının ulu tarixindən, füsunkar gözəlliklərindən, bugünkü inkişaf və tərəqqisindən ilham alan yazarlarımızın əsərlərinə müxtəlif yönlərdən ekskurs edir. “Məmməd Araz şeirlərinin leksik xüsusiyyətləri”, “Şair Vaqif Məmmədovun poetikası”, “Söz adamı Əbülfəz Muxtaroğlu haqqında”, “Maarif Təmkinin şeirlərinin dili”, “Xanəli Kərimli haqqında düşündüklərim” və başqa yazılarında müəllifin tədqiqata cəlb etdiyi məqamlar, çıxarılan nəticələr elmi dəyəri ilə düşündürücüdür. Adıçəkilən kitabda Arif Ağalarovun “Alın yazısı” hekayəsi mövzuya yanaşma baxımından diqqəti çəkir. İlk baxışda yaşanmış həyat həqiqətlərini xatırladan bu hekayə ilə müəllif həm də özünün bədii yaradıcılıq imkanlarını ortaya qoyur.
Dilçilikdə qeyri-məhsuldar şəkilçi morfemlər tədqiqata çox az cəlb olunub. Müəllifin “Qeyri-məhsuldar şəkilçi morfemlərin tədqiqi” adlı kitabı bu boşluğu doldurmağa xidmət edir. Qrammatika kitablarında qeyri-məhsuldar şəkilçilərlə bağlı verilmiş səthi məlumatlara münasibət bildirmək, Azərbaycan dilinin morfoloji quruluşu ilə bağlı şəkilçilərin təsnifini müasir dil baxımından sistemli araşdırmada vermək, dilimizin morfoloji quruluşunda belə şəkilçilərin yerini müəyyənləşdirmək, alınma qeyri-məhsuldar şəkilçiləri təsnif və onların sözyaratma imkanlarını təhlil, bəhs olunan şəkilçilərin omonim və sinonim variantlarını, həmçinin Azərbaycan dilində milli mənşəli qeyri-məhsuldar şəkilçiləri tədqiq etmək məqsədlərini qarşıya qoyan müəllif, demək olar ki, uzunillik araşdırmalarında buna nail ola bilib.
“Ana dilindən praktik məşğələ” adlı dərs vəsaiti ali məktəblərdə “ibtidai sinif müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrə “Ana dili” fənninin həm nəzəri, həm də praktik əhəmiyyətinin aşılanması, şifahi və yazılı nitq mədəniyyətinin formalaşdırılması məqsədi daşıyır. Məlumdur ki, hər bir fənnin daha dərindən öyrənilməsində təcrübi məşğələlər mühüm yer tutur. Odur ki, adıçəkilən dərs vəsaiti bu baxımdan vaxtında araya-ərsəyə gətirilmiş kitabdır. Ali məktəblərdə müvafiq ixtisas üzrə çalışan müəllim və təhsil alan tələbələr üçün nəzərdə tutulmuş dərs vəsaitində dil normaları ilə bağlı elmi-nəzəri məsələlərin praktik məşğələlərdə çalışma, testlər və nəzəri suallar vasitəsilə təhlili və tətbiqi önə çəkilib. İki hissədən ibarət olan dərs vəsaitinin birinci hissəsində fonetikaya və leksikologiyaya, ikinci hissəsində morfologiyaya və sintaksisə aid çalışmalar, testlər və düşündürücü nəzəri suallar özünə yer alıb. Burada onu da qeyd etmək lazımdır ki, bədii ədəbiyyat nümunələrindən seçilmiş parçalar dərs vəsaitinin dəyərini bir qədər də artırıb. İnanırıq ki, uzun illərin araşdırmalarının elmi nəticələri öz əksini tapan həmin kitablar müəllim və tələbələrin stolüstü kitabına çevriləcək.
Muxtar MƏMMƏDOV