“Naxçıvan” Universitetində “Mövlana Mübadilə Proqramı”nın tanıtım mərasimi keçirilib.
Tədbiri universitetin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq mübadilə proqramı haqqında məlumat verib.
Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülşən Orucova çıxış edərək dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq təcrübə mübadiləsi, tədrisin səviyyəsinin yüksəldilməsi, yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində görülən işlər, tələbələrin “Mövlana Mübadilə Proqramı” əsasında təhsil almaları barədə danışıb.
Bildirilib ki, “Naxçıvan” Universiteti respublikamızın bir çox ali məktəbləri ilə yanaşı, çoxsaylı xarici universitetlər və beynəlxalq qurumlarla da əməkdaşlıq edir. Bu əməkdaşlıqlar ortaq elmi proqramların və konfransların keçirilməsinə, tələbə mobilliyinin artırılmasına, müəllim və tələbə mübadilələrinin həyata keçirilməsinə yüksək təsir göstərməkdədir.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, “Mövlana Mübadilə Proqramı” Türkiyə daxilində təhsil verən ali təhsil müəssisələri ilə xaricdə təhsil verən ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini həyata keçirən bir proqramdır. Bu proqramın məqsədi ali təhsil müəssisələrinin beynəlmiləlləşdirilməsinə öz töhfəsini vermək, onların akademik potensialını artırmaqdan ibarətdir.
“Mövlana Mübadilə Proqramı”na əsasən, tələbələr universitet daxilində müəyyən fənlər əsasında imtahandan keçərək bir (minimum) və ya iki (maksimum) semestr üçün tanınmış universitetlərdə təhsil almaq imkanı qazanırlar. O da vurğulanıb ki, “Naxçıvan” Universiteti ilə İstanbul, Aydın, Beykent, Atatürk, Ankara, Kastamonu, Uşak, Nevşehir HBV, Bozok, Yakın Doğu, Fırat Ardahan universitetləri arasında “Mövlana Mübadilə Proqramı”na əsasən mübadilə müqavilələri imzalanıb. Həmin müqavilələrə görə, bu günədək universitetin 4 tələbəsi ayrı-ayrı ixtisaslar üzrə Türkiyə universitetlərində təhsillərini davam etdiriblər.
Sonra “Mövlana Mübadilə Proqramı” əsasında İstanbul Aydın Universitetində 2013-2014 və 2014-2015-ci tədris illərində təhsillərini davam etdirən tələbələrdən Elvin İbrahimov, Naib Muradov və Fatimə Kərimova çıxış edərək yaradılan şəraitə, göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
“Naxçıvan” Universitetinin
mətbuat xidməti