24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə 26 fevral – Xocalı faciəsinin 23-cü ildönümünün, Xocalı şəhidlərinin xatirəsinin yad edilməsi və yeniyetmələrə vətənpərvərlik hislərinin aşılanması məqsədilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında şeir müsabiqəsi keçirilib. Müsabiqədən öncə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov açaraq Xocalı faciəsinin acı həqiqətlərindən danışıb. Təhsil Şöbəsinin əməkdaşı Qızıllı Əliyeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni daşnaklarının terrorçu qrupunun Xocalı şəhərində törətdiyi amansız faciədə şəhid olmuş, itkin düşmüş, zərərəkmiş sakinlər haqqında faktlarla məlumat verib.

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi müsabiqədə 17 tam orta məktəbdən 17 şagirdin şeiri dinlənilib. Münsiflər heyətinin qərarına əsasən, 3 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Qasım Səfərov birinci, 14 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Anar Mikayılov ikinci, 16 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Səma Cəlilova isə üçüncü yerlərə layiq görülüblər. Qaliblərə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

*  *  *

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Kəngərli Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş inşa-yazı müsabiqəsi keçirilib. 12 tam orta məktəbdən 26 inşa-yazı işinin təqdim olunduğu müsabiqənin qalibi adını Yurdçu kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Nigar Rüstəmova qazanıb. Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi İnci Abdullayeva ikinci, Yeni Kərki kənd tam orta məktəbinin 10-cu sinif şagirdi İmran Hüseynov isə üçüncü olublar.

*   *   *

Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Sədərək Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş inşa-yazı müsabiqəsi keçirilib. Müsabiqəyə 4 tam orta məktəbdən 21 inşa-yazı işi təqdim edilib. Münsiflər heyətinin qərarına əsasən, müsabiqədə birinci yerə Sədərək kənd 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi İnci Hüseynova, ikinci yerə Sədərək kənd 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Gözəl Əliyeva, üçüncü yerə isə Heydər­abad qəsəbə tam orta məktəbinin 11-ci sinif şagirdi Xəzangül Məmmədova layiq görülüblər.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR