Bu gün muxtar respublikada təhsilə göstərilən qayğıdan bəhrələnən ali təhsil ocaqlarından biri də Naxçıvan Müəllimlər İnstitutudur. Qeyd edək ki, ümummilli liderimiz Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli Fərmanına əsasən, Naxçıvan Politexnik Texnikumunun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı yaradılıb. 2003-cü il avqustun 26-da isə filial müstəqil instituta çevrilərək Naxçıvan Müəllimlər İnstitutu kimi fəaliyyətini davam etdirib. Ötən müddət ərzində bu ali təhsil ocağının fəaliyyəti genişləndirilib, alitəhsilli kadrların hazırlanması sahəsində bir sıra nailiyyətlər əldə edilib. Bu dövrdə institut ixtisaslı müəllim kadrları ilə təmin edilib, institutun binası yenidən qurulub, lazımi tədris şəraiti yaradılıb, maddi-texniki baza gücləndirilib, yeni ixtisaslar açılıb. Yaradılan şərait hesabına qısa müddət ərzində institut qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlməyə səy göstərib.
Bu ilin əvvəllərində ilk dəfə olaraq müəyyənləşdirilmiş Azərbaycan Respublikasının 30 ali məktəbinin çoxkriteriyalı, beynəlxalq standartlara uyğun reytinq cədvəlində bu institutun da adı var. Qeyd edək ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərindən biri olan təhsil müəssisələrinin reytinq sisteminin yaradılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yüzdən artıq hökumət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə “İctimai təşəbbüslərə dəstək” adlı müsabiqə təşkil etmişdi.
Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsi ilə müsabiqənin qalibi olaraq layihəni həyata keçirmək üçün dövlət sifarişi alıb. Layihəyə əsasən, ilk dəfə Azərbaycan Respublikasının 30 ali məktəbinin çoxkriteriyalı, beynəlxalq standartlara uyğun reytinq cədvəli hazırlanıb, ali məktəblərin fəaliyyəti müqayisəli qiymətləndirilərək nəticələr ölkə ictimaiyyətinə çatdırılıb. Nəticəyə görə, Naxçıvan Dövlət Universiteti reytinq cədvəlində birinci yeri tutub, Naxçıvan Müəllimlər İnstitutu isə ilk onluqda yer alıb.
Ümumiyyətlə, Naxçıvan Müəllimlər İnstitutu son dövrlərdə bir sıra uğurlara imza atıb. İstər tədrisin keyfiyyətinin yüksəldilməsi, istər elmi-nəzəri biliklərin qazanılması, istərsə də dünya təhsil sisteminə inteqrasiya sahəsində institutun əldə etdiyi nailiyyətlər getdikcə artır.
Məlumat üçün deyək ki, ilk illər institutda “ibtidai təhsilin pedaqogikası və metodikası” və “məktəbəqədər tərbiyənin pedaqogikası və metodikası” ixtisaslarında təhsil verilirdisə, bu gün “pedaqogika və psixologiya”, “defektologiya”, “təsviri incəsənət, rəsmxət və əmək təlimi”, “ibtidai sinif müəllimliyi”, “riyaziyyat və informatika müəllimliyi”, “təsviri incəsənət müəllimliyi”, “məktəbəqədər təlim və tərbiyə”, “təhsildə sosial psixoloji xidmət” ixtisasları üzrə bakalavr, “ibtidai təhsilin pedaqogikası və metodikası” və “pedaqogika nəzəriyyəsi və tarixi” ixtisasları üzrə isə magistratura təhsil pillələri üzrə tədris aparılır.
Elmi kadrların hazırlanması intellektual inkişafın əsas şərtidir. Ona görə də institutda elmi-pedaqoji kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. 1094 tələbə və magistrantların təhsili ilə 89 professor-müəllim məşğul olur. İnstitutda Dillər və ədəbiyyat, Pedaqogika və psixologiya, Humanitar və təsviri incəsənət, Riyaziyyat və tədris metodikası, Ali riyaziyyat və informatika, eləcə də Ümumi fənlər kafedraları fəaliyyət göstərir. Son 5 ildə institut əməkdaşlarının 765 məqaləsi, 393 tezisi, 65 kitabı, o cümlədən 30 monoqrafiya, 5 dərslik, 30 dərs vəsaiti və həmçinin 73 metodik vəsait və fənn proqramları nəşr edilib. Son beş ildə institut əməkdaşlarından 4 nəfər elmlər doktoru, 10 nəfər fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
Ötən müddətdə institutu bakalavr təhsil pilləsi üzrə 1300-dən artıq tələbə bitirib. Bu gün ali təhsil ocağında mütərəqqi təhsil metodlarının tətbiqinə geniş fikir verilir. Dünyada qəbul edilmiş tədris metodlarından istifadə tələbələrin bilik və dünyagörüşünün inkişaf etdirilməsinə səbəb olub. Hazırda institutda təhsil bolonya sistemi üzrə aparılır.
Ali məktəbdə gələcəyin müəllimlərini hərtərəfli yetişdirmək üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında pedaqoji təcrübə xüsusi diqqətdə saxlanılır.
Pedaqoji təcrübələrin mütəşəkkil və yüksək səviyyədə keçməsi üçün başlanğıc və yekun konfranslar təşkil olunur, bu konfranslara tədris müəssisələrinin rəhbərləri, qabaqcıl pedaqoqlar dəvət edilir, məsləhət və tövsiyələr verilir.
Təhsil ocağı haqqında danışarkən institutda yaradılan Kurikulum Mərkəzinin fəaliyyətini də xüsusi vurğulamaq lazımdır. Mərkəzin əsas məqsədi müxtəlif fənlər üzrə fənn kurikulumlarının öyrədilməsi və tətbiq edilməsidir. Kurikulum Mərkəzində kurikulum üzrə bank yaradılıb, informasiya mənbələri əldə edilib. Mərkəz kurikulumun öyrədilməsi üçün müasir təlim texnologiyaları ilə zənginləşdirilib. Mərkəzin əməkdaşları Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müəllimləri üçün seminarlar təşkil edib, kurikulumun məzmunu, strukturu və tələblərin öyrədilməsi məsələləri ilə əlaqədar onlara köməkliklər göstəriblər. Mərkəz öz işini daha da təkmilləşdirməkdədir.
Naxçıvan Müəllimlər İnstitutunda xarici ölkələrlə elmi əməkdaşlıq da daim diqqət mərkəzindədir. Bu məqsədlə ABŞ Riyaziyyatçılar Birliyi, Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutu, Xarkov Universiteti, Rumıniyanın Konstansa Universiteti, Türkiyə Respublikasının Niğde Universiteti, Kocaeli Universiteti, Qars Qafqaz Universiteti, Kırşəhər Ahi Evren Universiteti, Ankara Universiteti, Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universiteti, İngiltərənin London Riyaziyyatçılar Birliyi, İranın Marağa Astronomiya və Astrofizika Elmi-Tədqiqat İnstitutu, Qazaxıstan Respublikasının Almaatı Milli Universiteti ilə institut əməkdaşları sıx əlaqə saxlayır, beynəlxalq konfranslarda iştirak edir, onların elmi jurnallarında məqalələr çap etdirirlər.
Belə əlaqələr ölkəmizdə, eləcə də muxtar respublikamızda fəaliyyət göstərən ali təhsil ocaqları və elm müəssisələri ilə də qurulub. 2007-ci ildən başlayaraq Naxçıvan Müəllimlər İnstitutu Naxçıvan Dövlət Universiteti, AMEA-nın Naxçıvan Bölməsi, Riyaziyyat və Mexanika İnstitutu, “Azərbaycan Astronomiya” Cəmiyyəti və Marağa Astronomiya və Astrofizika Elmi-Tədqiqat İnstitutu ilə birlikdə müxtəlif mövzularda fizika, riyaziyyat və texnika elmləri üzrə beynəlxalq simpozium və konfranslar, 2009-cu ildən başlayaraq Naxçıvan Dövlət Universiteti və Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu ilə birlikdə “Pedaqoji kadr hazırlığı: problemlər, vəzifələr, tədris prosesinin təkmilləşdirilməsinin pedaqoji-psixoloji problemləri” mövzularında beynəlxalq konfranslar keçirir.
Naxçıvan Müəllimlər İnstitutunda elmi tədbirlərin təşkili və elmi-pedaqoji kadrların hazırlanması daim diqqət mərkəzində saxlanılır, əlamətdar günlərdə konfrans və simpoziumlar təşkil olunur, elmi müzakirələr aparılır. 2003-cü ildən başlayaraq hər ilin may ayında “Müasir təlim metodları və yeni pedaqoji texnologiyanın təlim-tərbiyə prosesində tətbiqi” mövzusunda elmi-praktik konfranslarda pedaqogikanın yeni nailiyyətlərindən söhbətlər aparılır. Konfranslarda ali təhsil müəssisələri əməkdaşları ilə bərabər, təhsil şöbələrinin əməkdaşları və tam orta məktəb müəllimləri də fəal iştirak edir, müxtəlif mövzularda məruzələr dinlənilir.
Naxçıvan Müəllimlər İnstitutunda zəngin kitabxana fəaliyyət göstərir. 33 minə yaxın kitab fonduna malik olan kitabxana son illərdə nəşr olunan tədris-metodik, elmi ədəbiyyatlarla zənginləşdirilərək elektron kataloq yaradılıb. Hazırda fondda 1500 ədəd elektron kitab vardır. Həmçinin institutun “Xəbərlər” adlı elmi-metodik jurnalı nəşr olunur. Jurnalın ildə 4 nömrəsi buraxılır. İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş Nəşriyyat şöbəsi də fəaliyyət göstərir.
Göründüyü kimi, Naxçıvan Müəllimlər İnstitutu möhkəm bünövrəyə malik olan, dövlətçilik təmayüllü, müasir ali təhsil ocağıdır. İnstitut ən mühüm vəzifələrdən birini yerinə yetirir – gələcəyin müəllimlərini yetişdirir. Bu gün alitəhsilli müəllim hazırlanması, ilk növbədə, ölkəmizin intellektual potensialının artırılmasında mühüm əhəmiyyətə malikdir. Bu məsuliyyəti dərindən dərk edən institutun kollektivi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək əzmindədir.
Sara ƏZİMOVA