Son illər Naxçıvan Müəllimlər İnstitutunda yeni təhsil islahatının qarşıya qoyduğu problemlərin həlli və təlim texnologiyalarının tədrisdə tətbiqi ilə bağlı kurslar təşkil olunur, ali təhsil müəssisəsi tərəfindən ümumtəhsil məktəblərində pedaqoji kollektivlərlə görüşlər keçirilir, müzakirələr aparılır, seminar-treninqlər təşkil olunur.
Bu tədbirlərin davamı kimi, Naxçıvan Müəllimlər İnstitutu Şərur Rayon Təhsil Şöbəsi ilə birlikdə İbadulla və Tənənəm kənd tam orta məktəblərində “Ümumtəhsil məktəblərində kurikulumların tətbiqi yolları” mövzusunda seminar-treninqlər keçirmişdir.
Hər iki tam orta məktəbdə keçirilən tədbiri Şərur Rayon Təhsil Şöbəsinin müdiri Zaur Həsənov açaraq qeyd etmişdir ki, Naxçıvan Müəllimlər İnstitutunun məktəblərimizlə sıx əlaqəsi son illər öz müsbət nəticələrini verməkdədir. Yeni təhsil islahatının həyata keçirilməsində qarşıya çıxan problemlərin aradan qaldırılmasında Müəllimlər İnstitutunun köməkliyini daim görürük. Bütün bunların nəticəsidir ki, bu gün məktəblərimizdə təhsilin kurikulum yolu ilə həyata keçirilməsində müəyyən irəliləyişlər var və bu işi birlikdə daha da inkişaf etdirməyə çalışırıq.
Seminar-treninqdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli “Yeni təhsil islahatı – kurikulumun həyata keçirilməsi yolları” mövzusunda məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, bu gün təhsilin düzgün istiqamətdə inkişaf etdirilməsi günümüzün aktual problemlərindəndir. Çünki bugünkü dünyada hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirilməsi, ağıla, təfəkkürün inkişaf etdirilməsinə üstünlük verilməsi əsas tələb kimi cəmiyyəti düşündürən məsələyə çevrilmişdir. Ötən illərin təcrübələri ilə müasir tələbləri qarşılaşdırdıqda təlim texnologiyalarının tətbiqi və yeni yanaşma üsullarının, nəzəriyyənin praktikada dərin tətbiqinin daha vacib olduğunu görürük. Bu mənada institutumuzda yaradılan Kurikulum Mərkəzində bu sahəyə daha çox diqqət yetiririk. Burada yeni təhsil islahatının prinsipləri, metodları və yolları hərtərəfli araşdırılır. Elə bunun nəticəsidir ki, kurikulumun tətbiqinin günün tələbləri səviyyəsində həyata keçirilməsi üçün mərkəz tərəfindən çox sayda elektron materiallar hazırlanıb muxtar respublikanın ümumtəhsil məktəblərinə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, bu gün institutda elektron lövhələrdən istifadə qaydalarını yaxşı bilən mütəxəssislər yetişmişdir. Onlar tərəfindən keçilən kurslarda ümumtəhsil məktəblərinin müəllimlərinə elektron lövhələrdə işləməyin təcrübi yolları öyrədilir.
Sonra Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Həsənəli Eyvazlı və elmi-metodik işlər üzrə prorektoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yaqub Məmmədov çıxış etmişlər.
Tədbirlərdə müəllimləri maraqlandıran suallar cavablandırılmış, fikir mübadiləsi aparılmışdır.
Sonda Şərur Rayon Təhsil Şöbəsinə, İbadulla və Tənənəm kənd tam orta məktəblərinə elmi-metodik və bədii ədəbiyyatlar, o cümlədən 2300 səhifədən ibarət elektron materiallar verilmişdir.
Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat xidməti