Naxçıvan Dövlət Universitetində tələbə mübadiləsi yolu ilə ali təhsillərini xaricdə davam etdirən tələbələrlə görüş keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirdə çıxış edərək universitetdə dünya təhsil sisteminə inteqrasiya, təcrübə mübadiləsi, beynəlxalq əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, bolonya sisteminin tam tətbiqinə nail olunması üçün qarşıya qoyulan əsas tələblərdən biri də tələbə mobilliyidir. Bu məqsədlə universitet tələbələri Cənubi Koreyanın Kimçonq Universitetində, Türkiyə Respublikasındakı universitetlərlə dünya universitetləri arasındakı qarşılıqlı müəllim və tələbə mübadiləsi proqramı olan “Mövlana” proqramı çərçivəsində Türkiyə universitetlərində, Rusiya Federasiyasının və Ukraynanın müxtəlif ali məktəblərində bir il və ya bir semestr müddətində ali təhsil almağa göndərilirlər. Naxçıvan Dövlət Universiteti mübadilə yolu ilə gələn xarici tələbələrə də uğurla ev sahibliyi edir. Bütün bunlar ali təhsil qurumları arasında tərəfdaşlığın inkişafına, əlaqələrin möhkəmlənməsinə xidmət edir. Rektor ötən semestri xaricdə uğurla başa vuran tələbələri təbrik edərək onlara təhsillərində və ictimai işlərdə uğurlar arzulayıb.
Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, dosent Qurban Qurbanlı bildirib ki, rəhbərlik etdiyi fakültə universitetdə tələbə mobilliyinə görə öndə gedir. Universitetlərarası müqavilələrə əsasən, 2014-2015-ci tədris ilinin ilk semestrində 3 nəfər “ingilis dili müəllimliyi”, 1 nəfər “alman dili müəllimliyi” ixtisasları üzrə Gürcüstanın Şota Rustaveli adına Batumi Dövlət Universitetində, “rus dili müəllimliyi” ixtisası üzrə təhsil alan 3 nəfər tələbə isə Rusiya Federasiyasının Penza Dövlət Universitetində təhsillərini davam etdiriblər.
Qeyd olunub ki, “Erasmus-Mundus” proqramı çərçivəsində “beynəlxalq münasibətlər” ixtisasının IV kurs tələbəsi Ağalar Məmmədov Çexiyada, “ingilis dili müəllimliyi” ixtisasının III kurs tələbəsi Güllü Rəhimova isə Rumıniyada birillik təhsil almaq hüququ qazanıblar. Bundan başqa, rus dili və ədəbiyyatının tədrisi üçün Penza Dövlət Universitetinin Rus dili xarici dil kimi kafedrasının müdiri, professor Vera Şmelkova, Fransanın Azərbaycandakı Səfirliyinin xətti ilə fransız dili üzrə mütəxəssis Andrian Pioretti universitetdə uğurlu pedaqoji fəaliyyət göstəriblər. İran İslam Respublikasının Urmiya Universitetinin professoru Əlirza Müzəffəri növbəti semestrdən Naxçıvan Dövlət Universitetində fars dili və ədəbiyyatını tədris edəcək.
“Rus dili” ixtisasının II kurs tələbəsi Elvira İsgəndərova, “alman dili” ixtisasının II kurs tələbəsi Nuranə Allahyarlı, “ingilis dili müəllimliyi” ixtisasının II kurs tələbəsi Gülnur Məmmədova çıxış edərək ali təhsillərini xaricdə davam etdirmək üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Mehriban SULTAN