24 Dekabr 2024, Çərşənbə axşamı

  Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü  Adil Bağırovun Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyevin elmi redaktorluğu ilə 2014-cü ildə işıq üzü görmüş monoqrafiyası elmi ictimaiyyət üçün yeni və aktual olan bir mövzunun – Naxçıvan Muxtar Respublikasında topoqrafik obyekt adlarının tədqiqinə həsr olunmuşdur.

Qeyd edək ki, Adil Bağırov 30 ildən artıqdır, bu sahənin tədqiqi ilə məşğul olur. Onun bir sıra monoqrafiya və əsərlərində, elmi məqalələrində urbanonim probleminin ayrı-ayrı cəhətləri araşdırılaraq ictimaiyyətə təqdim edilmişdir. 1590-cı ildən günümüzədək olan dörd əsrlik bir dövrdə qədim türk yurdu Naxçıvanın ərazisindəki tarixi adların öyrənildiyi “Naxçıvan urbanonimləri” kitabını alimin bu sahədəki çoxillik tədqiqatlarının uğurlu hesabatı kimi qəbul etmək olar.
Xüsusən Naxçıvan Muxtar Respublikasının ərazisindəki topoqrafik adların öyrənilməsindəki boşluq alimi məhz bu mövzunun öyrənilməsinə sövq etmişdir ki, nəticədə, muxtar respublikamızın yaradılmasının 90 illik yubileyinə həsr olunmuş sanballı bir əsər ortaya qoyulmuşdur. Əsərin yazılma motivindən bəhs edən müəllif haqlı olaraq qeyd edir ki, Naxçıvanda hər bir tarixi ad Azərbaycan xalqının milli ruhundan, yüksək milli-mənəvi təfəkküründən xəbər verir. Alim öz ənənəvi tədqiqat üslubuna sadiq qalaraq topoqrafik obyekt adlarının həm tarixi, həm də linqvistik baxımdan tədqiq olunmasına eyni səviyyədə diqqət göstərmiş, urbanonimlərin dilimizin onomastik sisteminin öyrənilməsindəki əhəmiyyətini əsaslandırmışdır.

Tarixi mənbələrin diqqətlə araşdırıldığı əsərin “Məhəllə və meydan adları” adlanan bölməsində, xüsusən Naxçıvan və Ordubad şəhərlərinin qədim məhəllə adları ilə yanaşı, müxtəlif sənət sahələri ilə məşğul olan ayrı-ayrı sənətkarların adı ilə çağırılan döngə adları da qeyd edilir ki, bu da hər iki şəhərin mühüm sənətkarlıq mərkəzi kimi formalaşdığını deməyə əsas verir. Bundan başqa, xüsusilə XVIII əsrə aid məlumatlardan aydın olur ki, həmin dövrdə Naxçıvan şəhərində 5 bazar, 191 dükan, 21 dəyirman, 279 sənətkar emalatxanası, Ordubad şəhərində isə 1 böyük bazar, 210 dükan, 2 bəzirxana, 2 sabunxana, 5 dəyirman, 5 karvansara və Araz çayında 1 iskələ fəaliyyət göstərmişdir. XIX əsrdə isə Naxçıvan şəhəri özündə 13 məhəlləni birləşdirən Əlixan, Şahab, Sarvanlar və Qurdlar adlı 4 böyük kvartala bölünürdü. Monoqrafiyada XVI əsrin sonundan XXI əsrədək olan dövrdə yalnız Naxçıvan şəhərində və rayon mərkəzlərində deyil, hətta bir sıra kəndlərdə tədqiqatın əhatə etdiyi tarixi dövrdə mövcud olan 100-dək məhəllə, meydan və xiyaban adlarının geniş şərhi verilir.
Kitabın “Prospekt və küçə adları” adlanan bölməsində belə bir fakt diqqəti cəlb edir ki, Naxçıvan şəhərində küçələrə adların verilmə tarixi 115 il əvvələ, 1899-cu ilə aiddir. Məhz həmin ildə görkəmli pedaqoq M.T.Sidqinin təşəbbüsü ilə A.S.Puşkinin anadan olmasının 100 illik yubileyi münasibətilə Naxçıvan şəhərindəki küçələrdən birinə böyük rus şairinin adı verilmişdir. Ümumiyyətlə isə küçələrə rəsmi şəkildə adların verilməsi praktikası 1920-ci ildə Azərbaycanda və Naxçıvanda Sovet hakimiyyəti qurulduqdan sonra geniş yayılmış, 1989-cu ilədək küçələrə verilən adlar, bütünlüklə, sovet quruluşu və ideologiyası ilə bağlı olmuşdur. Əsərdə Naxçıvan və Ordubad şəhərləri ilə yanaşı, muxtar respublikamızın qəsəbə və iri kəndlərində əksini tapmış 80-ə yaxın belə küçə adları sadalanır və sovet rejiminin tənəzzülünün başlandığı 1989-1990-cı illərdə, müstəqillik ərəfəsində Naxçıvanda milli-tarixi yaddaşın bərpası kimi həmin küçə adlarının öz tarixi adları ilə və ya yeni dövrün tələblərinə uyğun hadisələrlə, görkəmli şəxsiyyətlərin adları ilə əvəz edildiyinə dair geniş məlumat verilir. Əsərə daxil edilən eyniadlı cədvəldə 1 sentyabr 2014-cü ilə aid olan rəsmi məlumatlar əsasında Naxçıvan şəhərində 76, Şərur şəhərində 16, Ordubad şəhərində 37, Culfa şəhərində 21, Şahbuz şəhərində 26, Babək qəsəbəsində 20 prospekt və küçənin, bütövlükdə, 196 bu tip topoqrafik adın şamil edildiyi ərazi, onların əvvəlki adı və sair barədə ətraflı məlumat əldə etmək mümkündür.
Monoqrafiyanın “Kənd mərkəzləri” adlanan bölməsi Azərbaycan dilinin onomastik leksikasına son illərdə daxil olan urbanonimlər kimi şərh edilir. Müəllif tamamilə haqlı olaraq qeyd edir ki, kənd mərkəzləri və onların adları ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun uzaqgörənliyi, şəxsi təşəbbüsü və böyük qayğısı ilə muxtar respublikamızın ərazisində son illərdəki dinamik sosial-iqtisadi inkişafın uğurlu nəticəsi kimi meydana gəlmişdir. Əgər əvvəlki dövrün kənd meydanları 1-2 çayxana və mağazadan ibarət, bəzən kəhrizin və ya kənd klubunun yerləşdiyi kiçik, darısqal, tozlu-torpaqlı məhəllələrdən ibarət idisə, indi artıq kəndlərdə əhaliyə mədəni-məişət, səhiyyə, poçt, rabitə, ticarət və sair mühüm xidmətlər göstərən 101 kənd mərkəzi tikilib istifadəyə verilmiş, 16 mərkəzdə yenidənqurma və əsaslı təmir işləri aparılmışdır. Hazırda muxtar respublikamızın digər kənd yaşayış məntəqələrində də belə mərkəzlərin inşası işi sürətlə davam etdirilir ki, bu da, əslində, şəhərlə kənd arasında fərqin aradan qaldırılması siyasətinin çox uğurlu nəticələri kimi qeyd olunmalıdır.
Əsərin “Urbanonimlərin leksik-semantik xüsusiyyətləri” adlanan bölməsində muxtar respublika ərazisində olan topo­qrafik adlar 14 qrupa ayrılır və hər qrup üzrə urbanonimlər sadalanır ki, ərazi adlarının bu cür orijinal təfsiri monoqrafiyanın sanbalını daha da artırır. “Qısa urbanonimlər sözlüyü” adlanan bölməyə 700-dən artıq məhəllə, meydan, kənd mərkəzi, prospekt və küçə adları daxil edilmişdir ki, bunların böyük bir qisminin tarixi-semantik səciyyəsi müəllif tərəfindən monoqrafiyada ətraflı izah olunmuşdur.
Kitabı diqqətlə oxuduqdan sonra bu qənaət hasil olur ki, xalqımızın keçmişindən yadigar qalan mənəvi sərvət kimi zəngin leksik mənaya, semantik tutuma və mühüm tarixi informasiya yükünə malik Naxçıvan urbanonimlərinin əsas fondunu türk mənşəli adlar təşkil edir. Bu adlar xalqımızın tarixi, dili, etnik tərkibi, etnoqrafiyası, məşğuliyyət sahələri, ayrı-ayrı ictimai-siyasi hadisələr və sair haqqında təsəvvür yaratmaqla tarixi keçmişimizlə müasir dövr arasında mənəvi körpü rolunu oynayır. AMEA-nın müxbir üzvü Adil Bağırovun uzun illərin alim zəhmətinin bəhrəsi olan “Naxçıvan urbanonimləri” monoqrafiyası yalnız elmi ictimaiyyət və bu mövzunun tədqiqatçıları üçün mühüm bir mənbə deyil, eyni zamanda yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, habelə muxtar respublikamızın bütün sakinlərinin marağına səbəb olacaq dəyərli bir əsərdir.

Elman CƏFƏRLİ
tarix üzrə fəlsəfə doktoru, dosent

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR