Akademik İ.İ.Meşşaninovun “yeraltı muzey” adlandırdığı Naxçıvanın ərazisi müxtəliftəyinatlı tarixi-mədəni abidələrlə zəngindir. Bu abidələr içərisində tariximizin təhrif olunmamış mənbələrindən sayılan epiqrafik abidələr – kitabələr xüsusi yer tutur.
Biliyimizi yeni faktlarla zənginləşdirən, orta əsr mənbələrinin məlumatlarını tamamlayan bu orijinal mənbələrin bir hissəsi zəmanəmizədək müəyyən qədər aşınmış, bir qismi salamat vəziyyətdə gəlib çatmış, çox hissəsi isə yazıldığı andan sonra təbii qüvvələrin (isti, soyuq, yağış, qar, külək və sair) təsirindən məhv olaraq sıradan çıxmış, bəziləri torpağın altında qalaraq diqqətdən yayınmış, itib batmışdır. Belə abidələrdən biri bu yaxınlarda Şahbuz rayonundakı Şahbuzkənddə təsadüfən aşkar olunmuşdur.
Təsərrüfat işləri aparılarkən torpağın altından bir ədəd sənduqətipli qəbirüstü xatirə abidəsi tapılmışdır. Qaramtıl rəngli dağ daşından hazırlanmış bu abidə orta əsr bədii daşyonma sənətinin təkrarolunmaz, gözəl bir nümunəsidir. Abidənin yan tərəfində ərəb dilində, iki sətirdə dəfn olunan mərhumun xatirəsinə həsr edilmiş kitabə var. Əvvəli “Allah, Məhəmməd, Əli” kəlamları ilə başlayan kitabənin mətnindən aydın olur ki, qəbrin sahibi hicri-qəməri təqvimi ilə 965-ci ilin rəbiüləvvəl ayında (miladi ilə 1558-ci ilin yanvar ayı) vəfat etmiş Məlik Vəlxandır.
Göründüyü kimi, xatirə abidəsi 1558-ci ildə vəfat etmiş Məlik Vəlxanın xatirəsinə hazırlanmışdır. Kitabədə mərhum Vəlxan “Məlik” titulu ilə təqdim olunmuşdur. İslamın müqəddəs kitabı “Qurani-Kərim”də “Məlik” hökmdar mənasında, eyni zamanda Allahın adlarından biri kimi işlənmişdir. Xarəzmşah Anuştəkin dövlətində isə bu titul bölmə komandirlərinə verilirdi. XIII əsrdən etibarən Azərbaycanda işlənməyə başlayan, orta əsrlər zamanı müxtəlif məna tutumuna malik olan “Məlik” titulu Səfəvilər və xanlıqlar dövründə, əsasən, iki mənada işlənirdi. Bu titulla, ilk növbədə, şah hakimiyyətinə tabe olan yerli hakimlərin xələflərinə – kiçik feodallara müraciət edilirdi. İkinci mənada isə bu titul kənd və ya kənd qruplarının başçılarına verilirdi. Bu mənada işlənən “Məlik” titulu kəndxuda termini ilə, təxminən, eynilik təşkil edirdi .
“Məlik” titulu haqqında bəhs edərkən professor İ.Petruşevski qeyd edir ki, inqilaba qədərki tarixşünaslığın nümayəndələri məliklərə erməni feodallarının nümayəndələri kimi baxırdılar. Bu baxış yanlışdır. Sahibkar məliklər müsəlmanlarda Xəzərsahili ölkələrdə XIII-XV əsrlərdən, Səfəvilər və xanlıqlar dövründən məlumdur. Buradan aydın olur ki, “Məlik” titulu azərbaycanlılara məxsus olmuşdur. “Məlik” titulu göstərir ki, xatirəsinə bu cür gözəl qəbirüstü xatirə abidəsi düzəldilmiş Vəlxan yaşadığı dövrdə müəyyən mövqe və nüfuz sahibi olmuşdur.
Qəbirüstü xatirə abidəsinin digər yanında isə maraqlı ov səhnəsi həkk edilmişdir. Təsvirin sol tərəfində öküzün üzərinə hücum edən bəbir təsviri vardır. Təsvirdə öküz özünü müdafiə etmək üçün başını aşağı əyərək buynuzlarını qabağa verib quyruğunu belinə dayananadək qaldırmış bəbirə müqavimət göstərir. Təsvirin sağ tərəfində at üzərində oturmuş və sol əlində şahin quşu olan ovçu əlindəki nizə ilə öküzü bəbirdən müdafiə edir. Bəbirin öküzə hücum vəziyyətində təsvirinə Şahbuzkəndlə qonşu olan kəndlərdəki abidələrdə də rast gəlinir. Şahbuzkənddən 3-4 kilometr cənub-qərb tərəfdə yerləşən Külüs kənd qəbiristanlığında tədqiq olunan qırmızımtıl rəngli daşdan hazırlanmış trapesiya formalı sənduqətipli qəbirüstü xatirə abidəsi (136 x 36 x 60 sm) üzərində də belə bir səhnəyə – bəbirin hücumundan müdafiə olunan öküz təsvirinə rast gəlinir. Şahbuzkənddən 46 kilometr şimal-şərqdə yerləşən Keçili kəndində də vaxtı ilə tərəfimizdən belə bir təsvir tədqiq olunmuşdur. Ancaq bu təsvirdə bəbirin boynunda oturmuş şahin quşu da həkk edilmişdir .
Bu cür təsvirlərə Şahbuz bölgəsinin digər kəndlərində, xüsusilə Şahbuzkəndlə qonşu ərazidə – cənub tərəfdə yerləşən, hazırda yaşayış olmayan Məzrə kənd qəbiristanlığında da rasr gəlinir. Belə təsvirlərə Naxçıvan Muxtar Respublikasının müxtəlif yerlərində, o cümlədən Gəmiqayada, tarixi daim Naxçıvan bölgəsi ilə sıx bağlı olan, əzəli Azərbaycan torpağı Sisyan rayonunun Urud kəndində və digər Azərbaycan torpaqlarında da rast gəlinmişdir.
Şahbuz rayonu ərazisində çoxlu sayda rast gəlinən bu tip qəbirüstü xatirə abidələrinin təhlili göstərir ki, onlar hamısı ətrafdakı dağların daşlarından yerli ustalar tərəfindən hazırlanmışdır. Həmçinin gözəl sənət nümunələri olan bu abidələr təsdiq edirlər ki, orta əsrlər zamanı Şahbuz bölgəsində daş üzərində işləmə – bədii daşyonma sənəti üzrə inkişaf etmiş mərkəzlər fəaliyyət göstərmişdir. Bu mərkəzlərdə hazırlanan daş məmulatı bölgənin əhalisinin tələbatını ödəməklə bərabər, ətraf, qonşu yaşayış məskənlərinin əhalisinin də daş məmulatlarına olan ehtiyacını ödəmişdir.
Qəbir daşı üzərində həkk olunan mifoloji məzmunlu təsvir xalqımızın mənəvi mədəniyyətinin öyrənilməsi üçün əvəzedilməz mənbədir.
Fəxrəddin Səfərli
Vəli Baxşəliyev
AMEA-nın müxbir üzvləri