Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbdə keçirilən seminarı giriş sözü ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin rəhbəri Sabir Məmmədov açaraq muxtar respublikada təhsil sahəsinə göstərilən dövlət qayğısından danışıb, son illərdə qəbul imtahanlarında əldə olunan göstəricilərin sevindirici olduğunu qeyd edib.
Seminarda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) şöbə müdiri Afiqə Batıyevanın, Bakı Dövlət Universitetinin professoru Məmməd Yaqubovun, həmin ali təhsil ocağının dosenti İmran Abdullayevin, Azərbaycan Dövlət Neft Akademiyasının dosenti Səftər Hüseynovun, Bakı şəhər 82 nömrəli tam orta məktəbin müəllimi Əlican Namazovun çıxışları olub. Çıxışlarda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının formaları və yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif dərslik komplektlərinin təhlili ilə bağlı görülən işlər barədə məlumat verilib, 2014-cü ildə keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə edilən test tapşırıqları elmi-metodik baxımdan təhlil edilib. Bundan başqa, seminarda yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanan 7-ci sinif dərslik komplektinin monitorinqi də aparılıb.
Sonra çıxışlar ətrafında müzakirələr olub.
Xatırladaq ki, TQDK-nın təşkilatçılığı ilə həmin təhsil ocağında keçirilən növbəti seminar “Azərbaycan dili və ədəbiyyat” fənni üzrə olub.
Xəbərlər şöbəsi