Muxtar respublikamızda təhsilin inkişaf etdirilməsi, müasirləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün zəruri tədbirlər həyata keçirilir. Hər il muxtar respublikamızın müxtəlif ünvanlarında məktəb binaları tikilərək və ya yenidən qurularaq istifadəyə verilir. Yeni təhsil müəssisələrində müəllim və şagirdlər üçün nümunəvi şərait yaradılır, fənn kabinələri, laboratoriyalar istifadəyə verilir, müasir informasiya və kommunikasiya texnologiyaları tətbiq olunur. Doğma diyarımızda təhsilə göstərilən qayğı, yaradılan hərtərəfli şərait isə bəhrəsiz qalmır. Hər il ali məktəblərə sənəd verən abituriyentlərin qəbul imtahanlarında yüksək bal toplamaları göstərilən qayğının müsbət nəticələrindən xəbər verir.
2007-2008-ci tədris ilindən ölkə təhsili tarixində ilk dəfə olaraq “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin keçirilməsinə başlanılması təhsilə böyük önəm verildiyinin daha bir göstəricisidir. Böyük bir ziyalı nəslinin yaranmasına vəsilə olan müəllimlərə bu ehtiram, əslində, həm də dövlətin nüfuzu, cəmiyyətin daha da inkişafı üçün atılan addımdır.
Ötən ilin sonlarında ölkəmizin pedaqoji ictimaiyyətini dövlət başçısının növbəti sərəncamları sevindirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 17 dekabr tarixli sərəncamları ilə 2013-2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrində müvəffəqiyyət qazanan ümumtəhsil məktəbləri və müəllimlər mükafatlandırıldı. Təbii ki, onlar arasında muxtar respublikamızda fəaliyyət göstərən müəllimlər və məktəblər də vardır. Babək qəsəbə tam orta məktəbi, Naxçıvan şəhər 9 nömrəli tam orta məktəb, Şahbuz şəhər 2 nömrəli tam orta məktəb müsabiqənin qalibləri sırasındadır. Müsabiqənin qalibi olmuş bu məktəblər 10000 manat məbləğində birdəfəlik pul mükafatları ilə mükafatlandırılıblar.
Babək qəsəbə tam orta məktəbinin binası müasir tələblər səviyyəsindədir
2007-ci ildə məktəb üçün yeni bina tikilərək istifadəyə verilib. Yaradılan tədris şəraiti, istifadəyə verilən fənn laboratoriyaları və kabinələri şagirdlərin dərsləri daha yaxşı mənimsəmələrinə, yüksək təhsil uğurları qazanmalarına imkan verir. Məktəbin müəllimlərindən Gülxar Novruzova, Xumar Zeynalova “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüblər. Göstərilən qayğı müqabilində müəllimlər işlərini günün tələbləri səviyyəsində qurmağa çalışır, məktəbin uğurlarını artırırlar. Buna görədir ki, hər il qəbul imtahanlarında məktəbin qəbuldakı həm kəmiyyət, həm də keyfiyyət faizi yüksəlir. Ötənilki qəbul imtahanlarında məzunlardan 19 nəfəri ali məktəb tələbəsi adını qazanıb. Onlardan Sevinc Nəcəfova 584, Əfsanə Bünyadzadə 543 bal toplayıb.
Mükafata layiq görülən qabaqcıl təhsil ocaqlarından biri də Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbidir
Məktəbin pedaqoji kollektivi 75 nəfərdən ibarətdir. Təhsil ocağının müəllimlərindən Yaşar Vəliyev 2005-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub. Məktəbin yaddaqalan göstəricilərindən biri də Azərbaycanda keçirilən fənn olimpiadasında qazandığı uğurlu nəticədir. Ötən tədris ilində məktəbin şagirdləri müxtəlif fənlər üzrə olimpiada qalibləri olublar. Qazanılan uğurlar, hər şeydən əvvəl, özünü ali məktəblərə qəbulun dinamikasında, yüksək bal toplayan məzunların sayının artmasında da göstərir. Belə ki, 2013-2014-cü tədris ilində ali məktəblərə sənəd verən 28 məzundan 24 nəfəri müxtəlif ali təhsil müəssisələrinə, 3 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunub. Onlardan Şəhla Sayılova 665, Fatimə Əliyeva 626, Aişə Abbasova 503, Cəlalə Xəlilova 500 bal toplayaraq təhsil aldıqları məktəbin adını daha da ucaldıblar.
Məlumat üçün deyək ki, Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin binası 1970-ci ildə tikilmişdi. Son illərdə muxtar respublikada həyata keçirilən quruculuq işlərindən bu məktəbə də pay düşüb. Belə ki, məktəb üçün tikilən 630 şagird yerlik binada son tamamlama işləri görülür. Müasir tələblər səviyyəsində inşa olunan binada yaradılan tədris şəraiti bundan sonra daha yüksək təhsil uğurları qazanmağa imkan verəcəkdir.
Şahbuz şəhər 2 nömrəli tam orta məktəbi də müsabiqənin qalibidir
Məktəbin müəllimlərindən Havva Həsənəliyeva “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb. Müəllimlərdən Ruqiyyə Salmanova isə ötən il “Tərəqqi” medalı ilə təltif edilib. Adıçəkilən məktəb də hər il qəbul imtahanlarında yüksək nəticələr göstərir. 2013-2014-cü tədris ilində məktəbin məzunlarından 8 nəfər ali məktəblərə sənəd verib. Onlardan 7 nəfəri tələbə adını qazanıb. 4 nəfər isə 500-700 intervalında bal toplayıb.
Hər üç məktəbin pedaqoji kollektivləri ilə sözügedən sərəncamdan sonrakı görüşlərimiz zamanı söhbətlərimizdə onlar dövlətimiz tərəfindən məktəblərə və müəllimlərin əməyinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirdilər. Onu da xüsusi vurğuladılar ki, ölkə başçısının bütün çıxışlarında, elm-sənət adamları ilə görüşlərində səmimiyyətlə söylədiyi, artıq aforizmə çevrilən bir kəlamı var: “Biz iqtisadi potensialımızı intellekt kapitalına çevirməliyik”. Bunu artıq hər bir təhsil işçisi bir vəzifə kimi qəbul edir. Təhsil işçiləri ölkəmizdə kifayət qədər intellekt kapitalının formalaşması üçün bundan sonra da səy və əzmkarlıq göstərəcəklər.
Sara ƏZİMOVA