“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərindən biri olan təhsil müəssisələrinin reytinq sisteminin yaradılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yüzdən artıq hökumət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə “İctimai təşəbbüslərə dəstək” adlı müsabiqə təşkil etmişdir. Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı (AKTAM) “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsi ilə müsabiqənin qalibi olaraq layihəni həyata keçirmək üçün dövlət sifarişi almışdır. Layihəyə əsasən, ilk dəfə Azərbaycan Respublikasının 30 ali məktəbinin çoxkriteriyalı, beynəlxalq standartlara uyğun reytinq cədvəli hazırlanmış, ali məktəblərin fəaliyyəti müqayisəli qiymətləndirilərək nəticələr ölkə ictimaiyyətinə çatdırılmışdır. Nəticəyə görə, Naxçıvan Dövlət Universiteti reytinq cədvəlində birinci yer tutmuş, Naxçıvan Müəllimlər İnstitutu isə ilk onluqda yer almışdır.
Bu münasibətlə Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə əvvəlcə universitetin yarım əsrə yaxın tarixinə, keçdiyi inkişaf yoluna nəzər salınmış, elm, tədris, beynəlxalq əlaqələr, mədəniyyət, idman sahələrində qazandığı nailiyyətlər barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu ali təhsil ocağının təşəkkülündə və inkişafında mühüm xidmətləri olmuş, ulu öndərimiz dəfələrlə universitet kollektivi ilə görüşərək tarixi çıxışlar etmiş, Naxçıvan Dövlət Universitetini Azərbaycanın ən dəyərli, qabaqcıl ali təhsil ocaqlarından biri kimi yüksək dəyərləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyinin keçirilməsi haqqında” 31 mart 2007-ci il tarixli Sərəncamında isə universitetin zəngin maarifçilik ənənələrinə malik Naxçıvan diyarında yüksəkixtisaslı kadrların yetişməsinə, elmi mühitin formalaşdırılmasına və bütövlükdə, regionun tərəqqisinə müsbət təsiri yüksək qiymətləndirilmişdir. Bu gün dövlət qayğısı sayəsində 108 hektarlıq universitet kampusunda möhtəşəm tədris binaları, elektron kitabxana, olimpiya mərkəzi, konservatoriya, tələbə və qonaq evləri, sosial mərkəz, xəstəxana yaradılmışdır.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov kollektivi təbrik edərək bu böyük uğuru Azərbaycanda, o cümlədən Naxçıvanda elm və təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısının bəhrəsi kimi dəyərləndirmişdir. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qayğısı sayəsində universitetin güclü maddi-texniki bazası formalaşmış, ali təhsil müəssisəsində dünya standartlarına cavab verən, müasir texnologiya və avadanlıqlarla təchiz edilmiş tədris korpusları, internet mərkəzləri, fənn kabinələri, laboratoriyalar yaradılmışdır. Bu gün 10 fakültədə 56 ixtisas üzrə ali təhsil alan 5000-ə yaxın tələbə, magistrant və doktorant müstəqil Azərbaycanın dövlətçilik maraqlarını gerçəkləşdirə biləcək layiqli nəsil, dəyərli mütəxəssis kimi yetişir. Bu ali məktəb 80-dən çox tanınmış dünya universitetləri ilə tərəfdaşlıq etməklə yanaşı, bir sıra beynəlxalq layihələrdə də uğurla təmsil olunur. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə tamamlanmaqda olan “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi isə Azərbaycan ali məktəbləri üzrə ən irihəcmli layihədir.
Qeyd olunmuşdur ki, “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsində beynəlxalq səviyyədə qəbul olunmuş metodikaya əsasən, respublikanın ali məktəblərində tədrisin keyfiyyətini qiymətləndirmək məqsədilə çoxistiqamətli tədqiqatlar aparılmış, ali məktəblərin milli reytinq cədvəli beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmışdır. Reytinq tədqiqatları 20 dövlət, 12 qeyri-dövlət ali təhsil müəssisələri və Azərbaycan Müəllimlər İnstitutunun 11 filialı arasında aparılmış, hazırlanmış forma qiymətləndirilmək üçün 17 nazirlik, komitə və özəl müəssisəyə göndərilmişdir. Ali məktəblərin reytinq tədqiqatları üçün götürülmüş kompleks fəaliyyətin keyfiyyət göstəriciləri bir-birindən asılı olmayan 3 müstəqil kateqoriyadan ibarət olmuşdur. Naxçıvan Dövlət Universiteti bu kateqoriyalardan ali məktəbin akademik resursları üzrə 320, ali məktəbin daxildən müəllim və tələbələr tərəfindən qiymətləndirilməsi üzrə 192, ali məktəbin məzunlarının ölkə ictimaiyyəti, mərkəzi və regional icra orqanları, müxtəlif kampaniyalar tərəfindən qiymətləndirilməsi üzrə 287 bal toplayaraq 799 yekun balla birincilik əldə etmişdir. Bu münasibətlə “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsinin rəhbəri, AKTAM Təşkilatının sədri Natiq Əhmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova məktubla müraciət etmişdir.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Naxçıvan elmi ictimaiyyətinin əksəriyyətinin universitetlə sıx bağlı olduğunu, regionun intellekt potensialı ilə təmin olunmasında, elmi-pedaqoji kadr hazırlığında bu ali məktəbin fundamental baza rolu oynadığını vurğulamışdır. Akademik Naxçıvan Dövlət Universitetinin bugünkü səviyyəyə çatmasında göstərilən böyük dövlət qayğısından, professor-müəllim heyətinin, qocaman pedaqoqların danılmaz əməyindən, universitetə müxtəlif dövrlərdə rəhbərlik edən rektorların rolundan danışmışdır.
Naxçıvan Özəl Universitetinin rektoru, professor İsmayıl Əliyev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli, Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev çıxışlarında qeyd etmişlər ki, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında təhsilə göstərilən qayğı nəticəsində təhsil müəssisələrinin fəaliyyəti gücləndirilmiş, ali təhsil müəssisələrində tədris müasir tələblər səviyyəsində təşkil olunmuşdur. Azərbaycan Respublikasının ali məktəblərinin reytinqinin müəyyənləşdirilməsi real nəticəni obyektiv şəkildə ortaya qoymaqla yanaşı, bəzi ali təhsil müəssisələrində göstəricilərin aşağı olmasının səbəblərini, universitetlərin böyük əksəriyyəti üçün xarakterik olan problemləri üzə çıxarmaq baxımından da əhəmiyyətlidir. Bu eyni zamanda elm, təhsil sahəsində inkişafa səbəb olacaq rəqabətə də güclü təkan verəcək.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin inkişaf yolunu əks etdirən slaydlar nümayiş etdirilmişdir.
Mehriban SULTAN