24 Dekabr 2024, Çərşənbə axşamı

Tarix həmişə bütün xalqların, dövlətlərin özlərini sübut etmək üçün söykənəcək yeri olub. Kimi yaşadığı ərazidə, kimisi də zaman etibarilə lap qədim dövrlərdən var olduğunu sübut etməyə çalışıb. Bu baxımdan alimlərin üzərinə böyük məsuliyyət düşür. Müasir günümüzədək gəlib çıxan maddi-mədəniyyət nümunələrini üzə çıxarmaq və həmin maddi əşyalara əsaslanaraq xalqın qədimliyinə işıq tutmağa çalışmaq elm adamlarının əsas vəzifəsi olub.
Sevindirici haldır ki, qədimliyi, maddi-mədəniyyətinin, mənəvi irsinin zənginliyi ilə qürur duyduğumuz Azərbaycan xalqının bu cür tarixi sübutları yetərincədir.
Ayrı-ayrı yaşayış məntəqələrinin, çay vadilərinin arxeoloji tədqiqatı zamanı üzə çıxarılan elmi yeniliklər onu deməyə əsas verir ki, Naxçıvan təkcə Azərbaycanın deyil, həm də dünyanın ən qədim yaşayış məskənlərindən biridir.

Ötən il “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla nəşr olunan “Arpaçay vadisinin Tunc dövrünun arxeoloji abidələri” monoqrafiyası da bu cəhətdən diqqəti cəlb edir.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyevanın elmi axtarışlarının, arxeoloji tədqiqatlarının nəticəsi olan bu monoqrafiyada Arpaçay vadisinin Tunc dövrü arxeoloji abidələri haqqında müfəssəl məlumat verilir.
Qeyd edək ki, Arpaçayın şərq hissəsinin, daha dəqiq desək, Naxçıvan Muxtar Respublikası ərazisi üzrə keçdiyi vadilərin Tunc dövrünü tədqiqata cəlb edən müəllif arxeoloji qazıntılar zamanı aşkar edilən materialları muzey fondlarında saxlanılan maddi-mədəniyyət nümunələri ilə müqayisəli şəkildə təhlil edir. Əsərdə həmin arxeoloji abidələrin qrafik təsviri verilib, monoqrafiyaya bu abidələrin fotoşəkilləri, eyni zamanda Şərur rayonunun arxe-coğrafi xəritəsi daxil edilib.
“Giriş”, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan monoqrafiyada fotoşəkillərdən və qrafik təsvirlərdən ibarət olan alboma da xüsusi diqqət yetirilməlidir.
Arxeoloq-alim, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev kitaba yazdığı “Ön söz”də bildirir ki, Arpaçay vadisinin Tunc dövrü mədəniyyətini mədəni-tarixi proses kimi izləmək üçün ümumiləşdirici bir tədqiqat əsərinə ehtiyac yaranmışdı. Zeynəb Quliyevanın monoqrafiyası məhz bu boşluğu doldurmaq baxımından əhəmiyyətlidir.
Monoqrafiyanı diqqətlə oxuduqda Erkən, Orta və Son Tunc dövrlərinin arxeoloji abidələri ilə yanaşı, həmin dövrlərdə yaşayan əhalinin məşğuliyyəti, ictimai quruluşu və ideologiyası haqqında da məlumat almaq mümkün olur.
Monoqrafiyada Tunc dövründə Arpaçay vadisi boyunca yaşayan əhalinin incəsənəti də tədqiqata cəlb edilib, onların ideologiyası haqqında fikirlər irəli sürülüb, həmçinin Cənubi Qafqazla Yaxın Şərq əlaqələrində Arpaçay vadisinin rolu təhlil olunub.
Kitabda verilmiş qrafik təsvirlər və fotoşəkillərdən ibarət albomda bəhs olunan dövrün tarixinin arxeoloji abidələri, üzə çıxarılan maddi-mədəniyyət nümunələri ilə tanışlıq oxucularda konkret fikir formalaşdıracaqdır.
Bütün bunlar onu deməyə əsas verir ki, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyeva elmi ictimaiyyətə, həmçinin geniş oxucu kütləsinə təqdim etdiyi monoqrafiyasında bir çox elmi yeniliklərə nail olub, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi qarşısında qoyulmuş bölgə tarixinin öyrənilməsi işinə öz töhfəsini verib.

Elxan YURDOĞLU

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR