24 Dekabr 2024, Çərşənbə axşamı

Yanvarın 6-da AMEA Naxçıvan Bölməsində Yeni Türkiyə Araşdırma və Yayın Mərkəzinin ərsəyə gətirdiyi “Türklər” çoxcildliyinin təqdimat mərasimi keçirilib. Mərasimi AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq kitab haqqında məlumat verib. Çoxcildliyi ümumtürk tarixinə dair orijinal mənbə kimi qiymətləndirən akademik qeyd edib ki, bu əsər vasitəsilə keçmişdən günümüzə əcdadlarımızın – türk millətinin tarixini, mədəniyyətini, adət-ənənələrini, incəsənətini öyrənmək mümkündür.
Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyev “Ümumtürk tarixinə işıq tutan sanballı əsər: Türklər” adlı məruzəsində kitab haqqında geniş məlumat verib. Bildirilib ki, çoxcildlikdə tarixdən günümüzə türklərin qurduqları dövlətlər və imperiyalarla yanaşı, ayrı-ayrılıqda hal-hazırda mövcud olan türk respublikalarının da tarixi haqqında müfəssəl məlumatlar öz əksini tapıb. “Bu əsərdə Azərbaycan, hətta Naxçıvan tarixindən də bəhs edilib”, – deyən alim çoxcildlikdə əksini tapan maraqlı faktları diqqətə çatdırıb.

Tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Qadir Qədirzadə çıxış edərək kitabda bəhs edilən bir çox məsələlərə diqqət çəkiblər.
Məlumat üçün bildirək ki, çoxcildlikdə AMEA Naxçıvan Bölməsi əməkdaşlarının da elmi-tarixi məqalələri yer alıb.
Naxçıvan haqda geniş məlumatın verildiyi mənbədə Naxçıvan buzxanası, məscidlər, hamamlarla yanaşı, Naxçıvan sancağı, Osmanlıların Naxçıvana səfəri, Naxçıvan xanlığı, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və naxçıvanlılara aid məlumatlar əsərin I, III, IV, V, VI, VII cildlərində öz əksini tapıb.
Sonda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çoxcildliyin həm tədqiqatçılar, həm də ümumtürk tarixini öyrənmək istəyənlər üçün qiymətli mənbə olduğunu bildirib.

 Nərgiz İSMAYILOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR