24 Dekabr 2024, Çərşənbə axşamı

Bu günlərdə pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camal­ovun və pedaqogika üzrə fəlsəfə doktoru Lalə Allahverdiyevanın həmmüəllifləri olduqları “Ailədə tərbiyə üsullarının tətbiqi zamanı etnopedaqoji materiallardan istifadə imkanları” adlı metodik vəsait işıq üzü görüb. Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurasının qərarı ilə “Elm və təhsil” nəşriyyatında çap olunan metodik vəsaitin elmi redaktoru pedaqogika üzrə elmlər doktoru, Əməkdar elm xadimi Oruc Həsənlidir.

“Giriş”, iki fəsil və “Nəticə”dən ibarət əsərdə, əsas etibarilə, müasir pedaqogika elmi üçün yeni olan etnopedaqogikanın milli ruhda tərbiyədə rolundan bəhs edilir. Metodik vəsaitdən məlum olur ki, etnopedaqogika özündə xalqın tərbiyə prosesində əsas götürdüyü fikir və ideyaları, adət və ənənələri, etnoqrafik və tarixi sənədləri, xüsusilə folklor materiallarını ehtiva edir. Müasir ailədə uşaqların milli dəyərlərə sahib vətəndaşlar kimi formalaşmalarında etnopedaqogikanın mühüm əhəmiyyətli məqamlarından bəhs edilməsi metodik vəsaitin yenilikçi məziyyətlərindəndir.

Kitabın “Ailə tərbiyəsinin məqsədi və vəzifələri” adlanan birinci fəslində müasir dövrdə ailə tərbiyəsinin xüsusiyyətlərindən, tərbiyə prosesində ailənin əsas vəzifələrindən və ailə tərbiyəsində istifadə edilməsi lazım olan etnopedaqoji materialların növlərindən bəhs olunur. Müəlliflər bildirirlər ki, uşaq məhz ailədə ilk dəfə şəxsiyyətlərarası münasibətlər təcrübəsi qazanır, burada onun həyat mövqeyinin əsasları qoyulur. Ailədə gördüyü tərbiyə uşağın sonrakı həyatında müəyyən məqamlarda bu və ya digər formada özünü büruzə verir. Bu mənada insanın şəxsiyyət kimi formalaşmasına ailənin təsir gücü və müddəti baxımından heç bir digər sosial tərbiyə institutları ailə ilə müqayisə edilə bilməz. Bu cür böyük və təsiredici imkana malik ailə övladlarının tərbiyəsində son dərəcə diqqətli olmalı, uşağın hər hansısa bir hərəkətinə və ya ifadəsinə münasibətdə məsuliyyəti əldən verməməlidir. Bu məsuliyyət uşaq dünyaya gəldiyi ilk gündən duyulmalı, uşağın tərbiyəsinə həmin vaxtdan başlanılmalıdır.
Birinci fəslin “Müasir dövrdə ailə tərbiyəsinin xüsusiyyətləri” adlı yarımbaşlığında oxuyuruq: “Uşaq anadan olduğu ilk gündən ... ailədə psixoloji iqlimi qavramağa başlayır... Bu öyrənmə uşaq psixologiyasının xüsusiyyətlərindən irəli gələn səbəblər üzündən insanın sonrakı formalaşmasında dərin izlər buraxır, şəxsiyyətin inkişafında əhəmiyyətli rol oynayır”. Buna görə müəlliflər valideynlərin övladlarına öyrətmək istədikləri bacarıqların ardıcıllığına və onlarda tərbiyə etmək istədikləri keyfiyyətlərin mürəkkəblik sisteminə diqqət etmələrinin vacib olduğu qənaətinə gəlirlər.
Sözügedən fəsildə ailə tərbiyəsinin uğurlu olması üçün müvafiq prinsiplər müəyyənləşdirilmişdir: böyüyən insana humanist və xeyirxah münasibət; uşaqları bərabərhüquqlu üzvlər kimi ailənin həyat fəaliyyətinə cəlb etmək; ailədə mədəni, nəzakətli, inam və etibara əsaslanan qarşılıqlı münasibətin formalaşdırılması və bu münasibətin uşaqların davranışlarında, hərəkətlərində özünübüruzəyə nail olunması.
Qeyd edək ki, uşaq yaşa dolduqca məhz yuxarıda sadalanan müsbət keyfiyyətləri özündə cəmləşdirməklə cəmiyyətdə şəxsiyyət kimi tanınacaq. Bu cür tanınma imkan verəcək ki, o, həyatının bütün mərhələlərində digərləri üçün meyar rolunu oynasın, yəni onun sözü, əməlləri ədalətin təcəssümü kimi qəbul edilsin.
Metodik vəsaitin ikinci fəsli “Etnopedaqoji materiallardan istifadənin ailə tərbiyəsi üsullarının səmərəliliyinə təsiri” adlanır. Bu fəsildə tərbiyə zamanı insan həyatı üçün vacib olan əxlaqi şüurun formalaşdırılması prosesindən və bu prosesin milli zəmində aparılması məqsədilə etnopedaqoji materiallardan istifadə üsullarından, rəğbətləndirmə və cəzalandırmada etnopedaqoji materiallardan istifadə imkanlarından bəhs edilir, ailə tərbiyəsində xalq pedaqogikasının nümunə gücündə olması əhatəli təhlillərlə şərh olunur.
Adıçəkilən fəsildə ilk olaraq əxlaqi şüurun əhatə etdiyi anlayışlar izah edilir. Bildirilir ki, yaxşı ilə pisin, halal ilə haramın, xeyirlə şərin, haqsızlıqla ədalətin ayırd edilməsi, insanpərvərlik, vicdanlı yanaşma və vətənpərvərlik əxlaqi şüurun əhatə etdiyi anlayışlardır. Və bu anlayışların uşaqlara kiçik yaşlarından aşılanması onlarda kamillik əlamətinin təzahürü ilə nəticələnəcəkdir ki, bu, etnopedaqoji materiallarda tərənnüm və təbliğ olunan ən ali insani keyfiyyətlərdəndir. Məhz bütün bu keyfiyyətlər imkan verəcək ki, həddi-büluğa çatmış gənc gələcəkdə öz əməyi ilə özünün və ailəsinin güzəranını təmin edə bilsin, özündə ehtiva etdiyi mükəmməl tərbiyə ilə övladlarının cəmiyyət üçün yararlı vətəndaş kimi tərbiyəsinə nail olsun.
Müəlliflər göstərirlər ki, mükəmməl tərbiyədə rəğbətləndirmə üsulundan istifadə həmişə uğurlu olmuşdur. Lakin rəğbətləndirmə də yerində, zamanında və həddində olmalıdır. Metodik vəsaitdə ilk dəfə olaraq bəyənmə rəğbətləndirmənin ən mühüm növü kimi təqdim edilir. Vurğulanır ki, bu zaman valideyn diqqətli olmalı, övladının rəğbət doğuran hərəkətini, sözünü bəyəndiyini ifadə etməkdə “xəsis”, eyni zamanda şitləşdirici olmamalıdır.
Kitabın “Nəticə”sində müəlliflər belə qənaətə gəlirlər ki, uşaq tərbiyəsinin beşiyi olan Azərbaycan ailəsində üzvlərin hər birinin öz yeri, mövqeyi və həmin mövqe ilə uzlaşan qədir-qiyməti, nüfuzu, hörməti olmalıdır. Uğurlu övlad tərbiyəsinin əsası pedaqoji mühitin formalaşdırıldığı ailədə qoyular.
Metodik vəsaitdən pedaqoji sahənin tədqiqatçıları, doktorant, magistrant və tələbələr, ümumtəhsil məktəblərinin müəllimləri, həmçinin sağlam, cəmiyyət üçün faydalı ola bilən övlad tərbiyə etmək istəyən valideynlər istifadə edə bilərlər.

 Səyyar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR