24 Dekabr 2024, Çərşənbə axşamı

Bu, bir həqiqətdir ki, yüksək savada və zəngin pedaqoji təcrübəyə malik olan müəllimlərə sahib cəmiyyətlər daim inkişaf edir, tərəqqiyə qovuşur. Bu cəhətdən Azərbaycan xalqı xoşbəxt xalqdır. Çünki bizim ölkəmizdə belə müəllimlər kifayət qədərdir. Dövlətimiz isə həmin müəllimlərin əməyini yüksək qiymətləndirir, onları dövlətin ali təltiflərinə layiq görür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 17 dekabr tarixli sərəncamları ilə 2013-2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrində müvəffəqiyyət qazanan ümumtəhsil məktəblərinin və müəllimlərin mükafatlandırılması sözügedən təltifə bariz nümunədir. Həmin müsabiqənin qalibləri sırasında muxtar respublikada fəaliyyət göstərən məktəblərin və bir qrup müəllimin də adlarının olması bizə ikiqat sevinc bəxş etdi. Müsabiqədə fərqlənən müəllimlərlə görüşüb onları təbrik etdik, təəssüratlarını öyrəndik.

 

Rəxşəndə RÜSTƏMOVA – Naxçıvan Qızlar Liseyinin müəllimi: – “Ən yaxşı müəllim” adına layiq görülməyim təkcə mənim əməyimə deyil, məktəbimizin pedaqoji kollektivinin əməyinə verilən yüksək qiymətdir. Çalışacağam ki, bundan sonra da bilik və bacarığımı gənclərin yaxşı təhsil almalarına sərf edim. Mən fəxr edirəm ki, bir vaxtlar dərs dediyim şagirdlərin çoxu ali təhsil alıblar və bu gün müxtəlif idarə və müəssisələrdə fəaliyyətlərini davam etdirirlər. Vətənpərvər, təhsilli gənclər yetişdirmək və cəmiyyət üçün faydalı fərdlər hazırlamaq müəllimlər üçün prioritet vəzifə kimi müəyyənləşdirilib. Məktəbimizdə təhsil alan qızlara elm, biliklə yanaşı, onlara milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz də daha dərindən öyrədilir. Onu da qeyd edim ki, liseyin pedaqoji kollektivi qazanılan uğurları son hədd hesab etmir. Daha böyük nailiyyətlər əldə etmək üçün pedaqogikanın son nailiyyətlərindən istifadəyə üstünlük verilir, dünya təhsil sistemindəki yeniliklərin tədris prosesində tətbiqinə səy göstərilir. Biz müəllimlər yaxşı bilirik ki, bu günün qızları gələcəyin analarıdır. Bu gün yüksək insani keyfiyyətləri özündə cəmləşdirmiş savadlı, intellektli qızlarımız, gələcək analarımız övladlarını Vətənimizin, dövlətimizin daha da qüdrətlənməsinə xidmət edəcək vətəndaş kimi tərbiyə edəcəklər.
Ədalət ƏHMƏDOV – Culfa rayon Dizə kənd tam orta məktəbinin müəllimi: – “Muxtariyyət ili”ndə bu yüksək mükafata layiq görülməyim ikiqat sevincimə səbəb oldu. Artıq bir neçə gündən sonra “Muxtariyyət ili”nə yekun vuracağıq. Azərbaycan dövlətçilik tarixinin mühüm səhifəsini təşkil edən 90 il Naxçıvanın inkişafında müəyyən rol oynasa da, onun son 19 ili intibah illəri kimi səciyyələndirilir. Bu intibahdan bütün sahələr bəhrələnib, eləcə də təhsil. Hər hansısa bir regionun inkişafı, ilk növbədə, o yurdun təhsilli insanlarından asılıdır. Əgər təhsilli insanlar, mütəxəssislər varsa, bütün sahələrin inkişafına nail olmaq mümkündür. Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı prioritet istiqamət təşkil edir. Müasir tələblər səviyyəsində inşa olunan təhsil müəssisələri üçün binalar bu sahənin inkişafına yeni üfüqlər açır. Məktəb tikintisi təkcə Naxçıvan şəhəri və rayon mərkəzləri ilə məhdudlaşmır, həmçinin ucqar dağ və sərhəd kəndlərində də ən müasir tələblərə cavab verən, gələcəyə hesablanmış yeni məktəb binaları tikilir. İstifadəyə verilən məktəblərin hər birində müasir texniki avadanlıqlar quraşdırılıb, kitabxanalar, idman zalları, fənn kabinələri, laboratoriyalar yaradılıb, müasir kompüter dəstləri müəllim və şagirdlərin ixtiyarına verilib. Təbii ki, yaradılan şərait müqabilində bizim pis işləməyə haqqımız yoxdur. Mənə göstərilən bu diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirirəm. Söz verirəm ki, fəaliyyət göstərdiyim təhsil ocağında əsl vətənpərvər, dövlətini, xalqını, torpağını sevən savadlı, intellektli nəslin yetişməsində savadımı, bacarığımı və var qüvvəmi əsirgəməyəcəyəm.
Məhəddin KAZIMOV – Kəngərli rayon Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin müəllimi: – Azərbaycanda müxtəlif sahələri əhatə edən dövlət mükafatları təsis olunub. Fəaliyyətləri ilə seçilən, ölkəmizə və xalqımıza ləyaqətlə xidmət edən şəxslər bu mükafatlara layiq görülürlər. Bu insanlar arasında olmağım bir müəllim kimi məni dünyanın ən xoşbəxt insanı etdi. Dərs dediyim məktəbin pedaqoji kollektivi də mənim qədər sevinc hissi keçirir. Dövlətimizin qayğısının müqabilində hər birimizin məqsəd və məramı müstəqil Azərbaycanın gələcək inkişafı və çiçəklənməsi naminə daha səylə çalışmaqdan ibarət olmalıdır. Bütün bunlar ölkəmizin inkişafının davamlılığına və sabitliyin qorunmasına təminat verəcək, əməyə, Vətənə məhəbbət hissinin yüksəldilməsinə şərait yaradacaq, daha böyük uğurların qazanılmasını şərtləndirəcəkdir.
Sədaqət CƏFƏROVA – Şərur rayon Muğancıq-Mehrab məktəbinin müəllimi: – Əvvəlcə onu deyim ki, muxtar respublikada 1995-2014-cü illərdə bütün sahələr kimi, təhsil sahəsi də əsl intibaha qovuşub. Son 19 ildə muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində 300-dən çox təhsil müəssisəsi tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Muxtar respublikanın ən ucqar dağ kəndində tikilən məktəb binası ilə Naxçıvan şəhərində inşa olunan təhsil ocağı arasında heç bir fərq yoxdur. Bilikli, yüksək intellektual səviyyəyə malik vətənpərvər gənclər yetişdirmək kimi şərəfli işin öhdəsindən layiqincə gələn müəllimlərin əməyi ölkəmizdə hər zaman yüksək qiymətləndirilir, onlar fəxri adlara layiq görülür, orden və medallarla təltif olunurlar. Əməyi qiymətləndirilənlər sırasında adımın olması məni qürurlandırır. Bundan sonra üzərimizə daha böyük məsuliyyət düşür. İnsan bir də özünü o vaxt xoşbəxt sanır ki, başqaları üçün xeyirxah işlər görür, Vətəni, xalqı üçün yararlı bir vətəndaş olduğunu hiss edir; bunların üzərinə onun əməyinin dövləti tərəfindən qiymətləndirilməsini də gəlsək, o müəllimin sevincinin həddi-hüdudu olmaz. Sonda onu qeyd etmək istəyirəm ki, müdriklərin fikrincə, “hər bir millətin tərəqqisi təhsillə, təhsilin tərəqqisi isə müəllimlərlə bağlıdır”. Ona görə də əsl müəllim bilik və bacarığını, qəlbinin hərarətini daim dövlətin və xalqın sabahı naminə sərf etməli, şagirdlərinin vətənpərvər, intellektli gənclər kimi yetişməsi üçün səylə çalışmalıdır.

 Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR