Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına, tədrisin əyaniliyinin və səmərəliliyinin daha da artırılmasına böyük imkanlar yaradıb. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyi distant təhsilin tətbiqi ilə bağlı muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələrin təşkilini davam etdirməkdədir.
Dekabrın 19-da Cəmşid Naxçıvanskinin ev-muzeyi ilə muxtar respublikada fəaliyyət göstərən məktəblər arasında interaktiv əlaqə yaradılaraq canlı dərs aparılıb. Muxtar respublikamızda fəaliyyət göstərən 200-ə yaxın tam, orta ixtisas və peşə məktəblərinin şagird, müdavim və tələbələri videobağlantıya qoşulublar. Onlar elektron lövhə vasitəsilə muzeydə keçilən dərsi izləyib, Cəmşid Naxçıvanskinin həyat və fəaliyyəti ilə daha yaxından tanış olublar.
Naxçıvan Musiqi Kollecinin tarix müəllimi Aytən Məmmədova məşhur Naxçıvan xanları sülaləsinin sonuncu – altıncı generalı, briqada komandiri Cəmşid Naxçıvanskinin həyatı və fəaliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, 1895-ci il avqustun 10-da anadan olan Cəmşid Naxçıvanski Birinci Dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronunun komandiri olub, Brusilov cəbhəsinin yarılmasında iştirak edib, 4-cü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif olunub. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C.Naxçıvanski igid süvari zabit kimi gümüş silahla mükafatlandırılıb, müxtəlif dərəcəli “Anna” və “Stanislav” ordenləri ilə təltif edilib. Müharibədən sonra C.Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Bakının düşmənlərdən təmizlənməsində iştirak edib, Azərbaycanın müstəqilliyi uğrunda döyüşlərdə inamla vuruşub.
Şagirdlər elektron lövhə vasitəsilə muzeyin əməkdaşı Zenfira Adıgözəlovanın bələdçiliyi ilə eksponatlarla tanış olublar.
Onu da qeyd edək ki, bu il 15 sentyabr – “Bilik Günü” münasibətilə Şərur Texniki-Peşə və Sürücülük Məktəbinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə distant təhsilin təqdimatı əsasında interaktiv əlaqə yaradılaraq məktəblərlə muzeylər arasında canlı dərs aparılıb, elektron təhsilin imkanlarından istifadənin əsası qoyulub. Həmin gündən indiyə kimi Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Hüseyn Cavidin ev-muzeyi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və başqa muzeylərlə interaktiv əlaqə yaradılaraq açıq dərslər keçilib.
Xəbərlər şöbəsi