24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti uğurlu olub. Bölmənin elmi-tədqiqat institutlarının və bölmə tərkibində fəaliyyət göstərən digər qurumların hesabatlarının dinlənilməsi başa çatıb.
Bu barədə qəzetimizə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev məlumat verib. Bölmə sədri bildirib ki, hesabat ilində elmi-tədqiqat müəssisələrində 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən və 7 mövzuya daxil оlan 32 elmi-tədqiqat işinin 92 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulmuşdu. Hesabat ilinin sonunda isə planda nəzərdə tutulan 9 mərhələ qismən yerinə yetirilib, 83 mərhələdə elmi-tədqiqat işlərinin icrası tamamlanıb. Tədqiqatlar 21 şöbə və 8 labоratоriyada 2 nəfər akademik, 6 nəfər AMEA-nın müxbir üzvü, 4 nəfər elmlər dоktоru, 48 nəfər fəlsəfə dоktоru, 8 nəfər doktorant, 2 nəfər dissertant, 14 nəfər elmi işçi tərəfindən yerinə yetirilib.

Ayrı-ayrı institutların əldə etdiyi uğurlar haqqında məlumat verən bölmə sədri ümumiləşdirilmiş nəticələrdən də bəhs edib. Bildirib ki, 2014-cü ildə bölmə əməkdaşlarının 22 monoqrafiya, 468 məqalə və konfrans materialı, 3 tezisi olmaqla, 501 elmi əsəri nəşr edilib. Əsərlərdən 3 monoqrafiya, 1 kitab, 169 məqalə və konfrans materialı xaricdə çapdan çıxıb. Məqalələrdən 10-u impakt faktorlu jurnallarda nəşr olunub. Hesabat ilində əməkdaşların elmi istinad indeksi (SCİ) siyahısına daxil olan jurnallarda 10 elmi əsərinə, elmi istinad indeksi (SCİ) siyahısına daxil olmayan jurnallarda isə 43 elmi əsərinə istinadlar qeydə alınıb. Bölmə əməkdaşları 1 beynəlxalq, 2 respublika patenti və 2 müəlliflik şəhadətnaməsi alıblar. Bölmədə humanitar və ictimai, təbiət və texniki elmlər seriyalarından ibarət olan “Xəbərlər” jurnalının və “Axtarışlar” jurnalının 4 nömrəsi çapdan çıxıb.
Məlumatda o da bildirilib ki, hesabat ilində AMEA-nın Naxçıvan Bölməsi əməkdaşlarından 4 nəfər fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib, 7 nəfərin isə fəlsəfə doktoru elmi dərəcəsi üzrə dissertasiyası müzakirədən keçərək müdafiəyə buraxılıb. Hesabat ilində bölmə əməkdaşlarından 1 nəfər AMEA-nın həqiqi üzvü, 3 nəfər AMEA-nın müxbir üzvü seçilib, 1 nəfər professor, 13 nəfər dosent elmi adı alıb. Əməkdaşlardan 8 nəfər doktoranturaya (3 elmi işçi elmlər doktoru hazırlığı üzrə, 5 elmi işçi fəlsəfə doktoru hazırlığı üzrə) qəbul olunub.
İldən-ilə bölmənin maddi-texniki bazasının dövlət qayğısı ilə gücləndirildiyini deyən akademik İsmayıl Hacıyev bölmədə bir sıra tədbirlərin həyata keçirildiyini qeyd edib. Bölmə sədrinin sözlərinə görə, 2014-cü ildə AMEA Naxçıvan Bölməsində 1 beynəlxalq, 20 respublika səviyyəli konfrans, “Heydər Əliyev lektoriyası”nın 6 məşğələsi, 40 seminar keçirilib.
“Naxçıvan tarixi” çoxcildliyinin I cildinin, “Naxçıvan əhalisinin etnogenezi tarixindən”, “Heydər Əliyev irsi – əbədiyaşar təlim” monoqrafiyalarının, “Məmməd Araz: taleyi və sənəti”, “Qədim Ordubad”, Hüseyn Cavidin fars dilində çap olunan “Peyğəmbər” əsəri və “Qədim-yeni Naxçıvanım” kitablarının təqdimat mərasimləri keçirilib”, – deyən İsmayıl Hacıyev həmçinin AMEA Naxçıvan Bölməsi ilə Polşa Elmlər Akademiyasının Krakov Bölməsi arasında “2014-2016-cı illər üzrə elm sahəsində əməkdaşlıq haqqında” protokol imzalandığını vurğulayıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR