Ümumtəhsil məktəblərində bu mövzuda inşalar yazılıb
Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin, siyasi irsinin şagirdlərə öyrədilməsi diqqət mərkəzində saxlanılır. Keçirilən tədbirlərdə ulu öndərin Azərbaycan xalqı üçün həyata keçirdiyi cahanşümul tədbirlər, ümummilli liderin hər bir azərbaycanlı üçün örnək olan həyat və siyasi fəaliyyəti şagirdlərimizə aşılanır.
Dünən muxtar respublikanın ümumtəhsil məktəblərində “Ürəklərdə yaşayan dahi” mövzusunda inşalar yazılıb. Yazılarda məktəblilər ulu öndər haqqında öz fikir və düşüncələrini səmimi hislərlə, həm də bu dahi şəxsiyyətə dərin hörmət, sonsuz ehtiram duyğuları ilə ifadə ediblər. İnşalarda bu fikir ifadə olunub ki, Vətəni, milləti sevməyin, ona fədakar xidmət etməyin nümunəsi məhz ümummilli liderimizdir. Ulu öndər bütün həyatı və fəaliyyəti boyu xalqını özünə arxa sayıb, özü də xalqa dayaq olub.
Heydər Əliyev adına tam orta məktəbin X sinif şagirdi Gülnur Mirzəyevanın inşasında oxuyuruq: “Xalqımızın ümummilli lideri Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Ulu öndərimiz Heydər Əliyev eyni zamanda taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz ulu öndərimiz yaratmışdır.
Bütün mənalı həyatını öz xalqına bəxş etmiş dahi şəxsiyyət Heydər Əliyevin zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ulu öndərimizin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. Heydər Əliyev siyasəti xalqımıza daha xoş və xoşbəxt günlər gətirəcəkdir”.
Xəbərlər şöbəsi