24 Dekabr 2024, Çərşənbə axşamı

Qəzetimizin ötən saylarında distant təhsilin tarixi, vəzifələri və əhəmiyyəti ilə bağlı oxuculara geniş məlumat verilib. Bu yazımızda isə muxtar respublikada distant təhsilin tətbiqi, ümumiyyətlə, bu istiqamətdə görülən işlər barədə söhbət açacağıq.  Əvvəlcə onu qeyd edək ki, distant təhsil əhalinin bütün təbəqələri üçün ən münasib və baha olmayan təhsil sistemidir. Daha dəqiq desək, distant təhsil tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunan və uzaq məsafədən həyata keçirilən təhsil formasıdır. Məsələn, Naxçıvan şəhərindəki elektron lövhəli sinfi olan hər hansı bir məktəbdən ən ucqar dağ kəndinin bir məktəbinin elektron lövhəli sinfi ilə əlaqə saxlayıb dərs təşkil etmək; şagird və yaxud tələbənin videobağlantı vasitəsilə keçilən dərsi dinləyə və müəllimlə birbaşa əlaqə saxlaya bilməsi distant təhsilin reallaşdığı məqamdır. Yəni bu tədris üsulunun tətbiqində məsafə fərqi yoxdur. Əsas odur ki, sürətli internet şəbəkəsi olsun.  

 Bəli, distant təhsilin keyfiyyəti kompüter avadanlıqlarının və sürətli internetin, o cümlədən digər audio-vizual və informasiya texnologiyalarının uğurlu tətbiqindən asılıdır. Sevindirici haldır ki, muxtar respublikada distant təhsilin tətbiqi üçün geniş imkanlar yaradılıb. Bu gün telekommunikasiya şəbəkəsinin 94 faizi optik şəbəkəyə birləşdirilib. İndi muxtar respublika sakinləri həm iş yerində, həm də evində sürətli internetdən istifadə edə bilirlər. 

Optik şəbəkənin genişləndirilməsi digər sahələrdə olduğu kimi, təhsildə də internetdən istifadəyə geniş imkanlar yaradıb. Hazırda muxtar respublikada təhsilin informasiyalaşdırılması və müasir texnologiyalarla təmin olunması sahəsində ardıcıl işlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı nəticəsində hər 12 şagirdə 1 kompüter düşməklə muxtar respublikanın ümumtəhsil məktəblərinə 3409 kompüter dəsti verilib, təhsil ocaqlarında 600-ə yaxın elektron lövhə quraşdırılıb. Qeyd edək ki, muxtar respublikanın ali təhsil müəssisələrinə verilən internetin sürəti 100 mb/saniyədir. Tam orta məktəblərdə isə bu rəqəm 5-10 mb/san arası dəyişir. Məktəblərin elektron dərsliklərlə təminatı və elektron lövhəli siniflərin istifadəyə verilməsi dərslərin virtual tədrisinə şərait yaradıb, o cümlədən distant təhsilin tətbiqinə geniş imkanlar açıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına, tədrisin əyaniliyinin və səmərəliliyinin daha da artırılmasına böyük imkanlar yaradıb. Bu il iyulun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Təhsilin vəziyyəti və qarşıda duran vəzifələr”lə bağlı keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin distant təhsilin muxtar respublikada tətbiqi üçün müvafiq qurumlara müxtəlif tapşırıqlar verməsi, tapşırıqların icrasının diqqət mərkəzində saxlanılması bu sahədə böyük uğurlar qazanılmasına imkan yaradıb. Ötən müddət ərzində bu istiqamətdə həyata keçirilən tədbirlərə nəzər salaq.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyi distant təhsilin tətbiqi ilə bağlı ardıcıl tədbirlər həyata keçirməkdədir. Ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqənin təşkili məqsədilə mərkəzi server qurulub, ümumtəhsil məktəbləri və 10 muzey bu sistemə qoşulub. Server yeni texnologiyalara cavab verən ən müasir göstəricilərə malikdir. Qurulan sistemə qoşulma sayında məhdudiyyət yoxdur. Həmin sistemdən videokonfransların, müəllim-şagird dialoqunun, mühazirələrin onlayn rejimdə təşkilində, vebinarların keçirilməsində istifadə oluna bilər. Sistemin bir neçə səs və video­ötürücü yolları vardır ki, bu da onlayn rejimdə səs və video bağlantı yaradılmasına imkan verir. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin direktoru Vüqar Rəsulov bildirdi ki, qurulan distant təhsil sistemi ən müasir imkanlara malikdir.
Onu da qeyd edək ki, 15 sentyabr – “Bilik günü” münasibətilə Şərur Texniki-Peşə və Sürücülük Məktəbinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə distant təhsilin təqdimatı əsasında interaktiv əlaqə yaradılaraq məktəblərlə muzeylər arasında canlı dərs aparılıb, elektron təhsilin imkanlarından istifadənin əsası qoyulub. Həmin gündən indiyə kimi Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Hüseyn Cavidin ev-muzeyi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Ədəbiyyat Muzeyi ilə interaktiv əlaqə yaradılaraq açıq dərslər keçilib.
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Məmməd Qəribov söhbət zamanı bildirdi ki, nazirliyin www.tehsil.nakhchivan.az internet saytının “e-təhsil” bölməsində qeydiyyatdan keçməklə Distant Tədris Mərkəzinə qoşulmaq mümkündür. Nazirlik tərəfindən yaradılan bölmədən istifadə qaydalarına dair ümumtəhsil məktəbləri, peşə və orta ixtisas təhsili müəssisələrinin iştirakı ilə seminarlar keçirilib, canlı bağlantının qurulması və distant təhsilin imkanlarından düzgün istifadəyə nail olmağın yolları izah edilib. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, ilkin qoşulma zamanı 40, daha sonra 70, 90 və nəhayət, Şərur rayon Dizə kənd tam orta məktəbinin açılışı zamanı 176 təhsil müəssisəsinin keçilən canlı dərs prosesini izləməsinə nail olunub.
Yazımızı hazırlayarkən Cəlil Məmmədquluzadənin ev-muzeyində Cəlil Məmmədquluzadənin həyatı və yara­dıcılığı haqqında keçilən dərsi izlədik. Muxtar respublikanın 192 tam orta məktəbinin şagirdləri elektron lövhə vasitəsilə birbaşa muzeydə keçilən dərsi izləyib, görkəmli ədibin həyat və yaradıcılığı ilə daha yaxından tanış olublar.
Distant təhsil muxtar respublikada məktəbə gedə bilməyən hərəkət qabiliyyəti məhdud uşaqların təhsil almalarına da böyük imkanlar yaradıb. Belə ki, oktyabr ayında Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin istifadəyə verilməsi bu kateqoriyadan olan uşaqların valideynləri tərəfindən yüksək dəyərləndirilib. Distant Tədris Mərkəzində iki otaq ayrılıb. Otaqların birində mərkəzi server və çevirici avadanlıqlar quraşdırılıb, tədris sinfi intellektual-elektron lövhə, kompüter, smart kamera, monitor və digər texniki avadanlıqlarla təchiz olunub. Distant təhsilə 4 müəllim cəlb olunub, həmin müəllimlərə, eləcə də sağlamlıq imkanları məhdud uşaqların valideynlərinə sistemdən istifadə qaydalarının öyrədilməsi məqsədilə kurs keçilib.
Naxçıvan Dövlət Universitetində distant təhsilin tətbiqi ilə əlaqədar tədbirlər mərhələli şəkildə həyata keçirilir. Bu barədə isə məlumatı Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru Surə Seyiddən aldıq. O bildirdi ki, Cənubi Koreyanın KOICA şirkəti ilə birgə həyata keçirilən “Elektron universitet” layihəsi tam olaraq distant təhsili əhatə etməsə də, bu layihə çərçivəsində onlayn təhsili həyata keçirmək mümkündür. Belə ki, onlayn təhsil alan tələbə müəllimin verdiyi tapşırıqları internet üzərindən izləmək, tapşırıqları yerinə yetirmək, müəllimin və imtahan suallarını cavablandırmaq imkanına malik olur. Bu layihədə müəllimlərin mühazirələri elektron formatda yalnız ofis proqramlarını əhatə etməklə bitmir, eyni zamanda bütün dünyada məşhur olan qarışıq tədris metodunu (blended learning) özündə ehtiva edir. Qarışıq tədris metodunun tədrisdə tətbiqi müəllimlərin ən müasir studiya çəkilişində kamera qarşısındakı peşəkar çıxışı ilə yanaşı, “power point” proqramında sxemlər və diaqramlarla mühazirə mətninə tətbiq etdiyi ən son yenilikləri əks etdirməlidir. Hazırlanan bu çəkiliş universitetin serverində yerləşdiriləcək və tələbələr mühazirələri məsafəli, onlayn izləyə biləcəklər. Hazırda tədrisdə İKT-dən peşəkar istifadə edən 8 müəllim sınaq çəkilişlər üçün seçilib və bu günlərdə hər biri tədris etdiyi fənnin bir semestrlik proqramını studiya çəkilişləri vasitəsilə təqdim edəcəkdir. Bütün bunlar isə ali təhsil ocağında gələcəkdə distant təhsilin tam tətbiqinə rəvac verəcəkdir.
Distant təhsil dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkə­lərində tətbiq olunur. Məhz bu sistemin muxtar respublikada da tətbiqi regionun hərtərəfli inkişafının göstəricisidir. Sirr deyil ki, müasir texnologiyaların elm, təhsil və digər sahələr üzrə tətbiqi bu günün ən mühüm şərti, inkişafın əsas meyarıdır. Bu gün ümumtəhsil və ali təhsil müəssisələrində oxuyan şagird və tələbələr yaradılan bu şəraitin onlar üçün olduğunu dərindən dərk etməli, ölkəmizin gələcək inkişafı naminə öz intellektual səviyyələrini bu sistemdən istifadə etməklə daha da artırmağa səy göstərməlidirlər. Unutmamalıdırlar ki, sabahımız üçün məhz onlar cavabdehlik daşıyırlar. Bu vəzifəni yerinə yetirmək üçün distant təhsil sistemi ən mütərəqqi sistemdir və bu gün onların istifadəsinə verilib. Buyurun, sizə yaradılmış şəraitdən istifadə edin, bununla göstərilən etimadı doğruldun.

 Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR